Azərbaycan Dili və Ədəbiyyatı Forumu - işini panel iclasları ilə davam etdirir

 

Şamaxıda təşkil olunan Azərbaycan Dili və Ədəbiyyatı Forumu çərçivəsində “Qloballaşmanın Azərbaycan dilinə təsiri və ana dilimizin saflığının qorunması mexanizmləri” mövzusunda ilk panel iclası keçirilib.

 Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyevanın moderatorluq etdiyi iclasda akademik Nizami Cəfərov, Xalq yazıçısı Kamal Abdulla, Nəsimi adına Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli, İnstitutun Terminologiya şöbəsinin müdiri Sayalı Sadıqova, şairlər Səlim Babullaoğlu və Aqşin Yenisey iştirak ediblər.

Panel iclasında “Azərbaycan dilinin qloballaşma şəraitində inkişaf etdirilməsi mexanizmləri”, “Dildə elmi üslubun inkişafına təsir edən amillər: elmi sahələrin inkişafı və dillərin inteqrasiyası”, “Azərbaycan dili Azərbaycan ədəbiyyatının qoruyucusu kimi: dünən, bu gün, sabah”, “Söz yaradıcılığı prosesi: dilin daxili imkanlarının canlandırılması və geniş ictimai istifadəsi olan xarici mənşəli sözlərə vətəndaşlıq statusunun verilməsi”, “Xaricdə yaşayan azərbaycanlılar arasında dilin qorunması” və “İnternet məkanında Azərbaycan dilinin funksionallığı” mövzularında məruzələr dinlənilib.

Hazırda Forum çərçivəsində “Azərbaycan dili və ədəbiyyatı zaman kontekstində: klassik ənənələr və müasir trendlər” mövzusunda ikinci panel iclası keçirilir.

Yazıçı-publisist Azər Qismətin moderatorluq etdiyi iclasda Xalq şairi Sabir Rüstəmxanlı, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru, akademik Rafael Hüseynov, yazıçılar Aqil Abbas, Şərif Ağayar, Sayman Aruz və şair Qismət Rüstəmov iştirak edirlər. Panel iclasında “Çağdaş Azərbaycan ədəbiyyatı: mövcud vəziyyət, problemlər və perspektivlər”, “Zamanın ədəbi-bədii dəbi: ənənəvi təmayüllər və müasir trendlər”, “Azərbaycan ədəbiyyatının dünyaya inteqrasiyası: Beynəlxalq təcrübədə istifadə olunan modellər”, “Ədəbi yaradıcılığın stimullaşdırılması: beynəlxalq və milli ədəbiyyat mükafatları”, “Müasir ədəbiyyat və milli mənəvi dəyərlər. Bölgələrdə ədəbi proses” mövzularında məruzələr dinlənilib, müzakirələr aparılır.

Xatırladaq ki, Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə keçirilən Forum Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. Forum sentyabrın 2-3-də işini Bakıda davam etdirəcək.

 

azertag.az


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!