Unudulmaz alim, gözəl insan - ANAR

 

Kamal Talıbzadə  mənim üçün çox dəyərli bir Azərbaycan ziyalısı, alimi, araşdırıcısı idi. O, çox həlim xasiyyətli bir insan idi... Kamal müəllim bizim görkəmli klassikimiz Abdulla Şaiqin ailəsində yetişib, bunun da böyük əhəmiyyəti var. Mən onun tərəfdarı deyiləm, desinlər ki, yazıçıların övladları mütləq yazıçı olmalıdır. Eyni zamanda onun da tərəfdarı deyiləm ki, yazıçıların övladları heç vaxt yazıçı olmamalıdır. Kamal müəllimin Abdulla Şaiqin ailəsində anadan olması onun ədəbiyyatdakı, ədəbiyyatşünaslıqdakı maraqlarını təmin edib.

Kamal müəllim Abbas Səhhət, Sabir haqqında bilgiləri tək kitablardan almayıb, həm də atasının söhbətlərindən eşidib. Abdulla Şaiq Sabirlə, Cavidlə, Səhhətlə, Hadi ilə, Əlibəy Hüseynzadə ilə müasir olub, bəziləri ilə çox yaxın dost olub, hər halda, onları yaxından tanıyıb və onun xatirələri, canlı müşahidələri ədəbiyyatşünas oğluna çox şey verib.

Kamal müəllimin Azərbaycan tənqid tarixinə dair tədqiqatı, XX əsrin əvvəlləri tənqidi fikrimiz haqqında kitabı çox dəyərli kitabdır. Mən o vaxt Moskva mətbuatında bu kitaba verdiyim yüksək qiyməti ifadə etmişdim. Təbii ki, onun başqa əsərləri də, Səhhət haqqında yazdıqları da, atasının irsinə münasibəti də, onu nəşr etdirməsi də bizim mədəniyyətimizə, ədəbiyyatımıza böyük xidmətdir. Amma ən böyük xidmətini onda görürəm ki, o, bizim tənqid tariximizi yaratmışdır. Bir tərəfdən o, Abdulla Şaiqin oğlu kimi ziyalılığın, maarifçiliyin varisi idi. Digər tərəfdən də Məmməd Arif kimi, Məmməd Cəfər Cəfərov kimi böyük alimlərin tələbəsi olub, özü də tələbələr yetişdirib, yeni nəsil ədəbiyyatşünasların, tənqidçilərin müəllimi olub. Onu mədəniyyətimiz tarixində böyük xidmətləri olan ciddi alim kimi, mülayim, təmkinli insan kimi xatırlayıram.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!