AMEA-nın dosenti, filologiya elmlər doktoru Pərvanə Məmmədli Güney Azərbaycanla bağlı tanınmış araşdırıcılardandır. Onun bu mövzuda çoxlu sayda məqalələri, kitabları nəşr edilib. Bu günlərdə isə P. Məmmədlinin “Güney Azərbaycan mətbuatı tarixi” (THE PRESS HISTORY OF SOUTH (İRANİAN) AZERBAIJAN) monoqrafiyası İsveçdə (Stokholm ,2023) “Diktonius Text” nəşriyyatında çapdan çıxıb.
Bu kitabda XIX əsrin birinci yarısından müasir dövrümüzədək İranda və ondan kənarda yaşayan azərbaycanlı ziyalıların ədəbi-ictimai fəaliyyətindən, onların nəşr etdikləri çeşidli mətbu orqanlarından geniş bəhs olunur.
Bu maraqlı tədqiqat əsəri Güney Azərbaycanda mətbuat tarixi haqqında sistemli məlumat bazası yaratmaq məqsədilə yazılıb və bu sahədə ilk təşəbbüsdür. Bu kitab 8 bölümdən ibarətdir. Həmin bölümlər kitabın çox zəngin bir dövrü əhatə etdiyini təsdiqləyir. Kitabda indiyədək Güney mətbuatı ilə bağlı bir çox məsələlərə aydınlıq gətirilib, gələcəkdə bu sahədə aparılacaq araşdırmalar üçün elmi-metodoloji istiqamətin müəyyənləşdirlməsinə çalışılıb.
Pərvanə Məmmədlinin kitabının üstün məziyyətlərindən biri də burada çoxlu fotoların və sənədlərin olmasıdır. Müəllif kitabın sonunda verilən “Fotolar sənədlər” hissəsində fərqli dövrlərdə çıxan qəzet və jurnallar, redaktorlar və digər mətbuat adamları ilə bağlı şəkillər təqdim edib.
Qeyd edək ki, “Cənubi Azərbaycan mətbuatı tarixi” kitabı Elm və Təhsil Nazirliyi tərəfindən təsdiqlənib Bakıda çap olunub (2009, “Elm”). Azərbaycan universitetlərində dərs vəsaiti kimi keçirilir. Kitabda qoyulan problem beynəlxalq aləmdə də böyük maraq doğurduğundan müəllif monoqrafiyanı təkmilləşdirərək yenidən nəşr etdirib.
azertag.az
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!