İyunun 21-də Çeçenistan paytaxtı Qroznı şəhərində də Çeçenistan Dövlət Pedaqoji Univesiteti, Azərbaycan Dillər Univesiteti və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirilib. Azərbaycan Dillər Universitetinin və Azərbaycan Yazıçılar Birliyinin təmsilçilərindən ibarət nümayəndə heyəti tədbirlərə qatılıb. Nümayəndə heyətinin tərkibində Azərbaycan Dillər Universitetinin prorektoru Jalə Qəribova, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu, Universitetin pedaqogika kafedrasının müdiri Nigar Zeynalova və “Təhsil-1” fakültəsinin müdiri Fikrət Cahangirov da olub.
İyunun 21-də nümayəndə heyəti səhər Azərbaycan nümayəndə heyətinin üzvləri, Çeçenistanın dövlət və hökumət nümayəndələri, elmi ictimaiyyətin təmsilçiləri ilə birgə Ümummilli lider Heydər Əliyevin adını daşıyan parka gəlib abidə kompleksinə gül qoyandan sonra yubiley mitinqində iştirak ediblər.
Tədbirdə Çeçenistan Dövlət Pedaqoji Universitetinin rektoru İsmayıl Bayxanov, Azərbaycan Dillər Universitetinin prorektoru Jalə Qəribova, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu, Çeçenistan rəhbəri adminstasiyası və hökumət başçsının müavini Salman Qaduev, milli siyasət, xarici əlaqələr və informasiya nazirinin müavini Seyid Məhəmməd Bəşirov, akademik Qapurov, Yazıçılar İttifaqının sədri Yelsayev, Çeçenistandakı Azərbaycan Diasporunun rəhbəri Əliəsgər Əzizov, Çeçenistan Mədəniyyət nazirinin müşaviri İslam Şamsuddinov və digər şəxslər çıxışlar ediblər.
Çıxışçılar Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan və çeçen xalqının tarixi və bu günkü əlaqələrindən danışıblar.
Dillər Universitetinin prorektoru Jalə Qəribova və Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu Çeçenistan rəsmi televiziyasına müsahibələr də veriblər.
Bizə qısa açıqlamasında Səlim Babullaoğlu bildirib ki, Ümummilli liderin həm keçmiş Sovetlər İttifaqının rəhbərlərindən biri kimi, həm də müstəqil Azərbaycanın prezidenti kimi fəaliyyəti digər xalqlar və dövlətlər, xüsusən qonşu ölkələrlə bağlı gördüyü böyük işlər həmişə ehtiramla yad edilib və edilməkdədir: “Heydər Əliyev həmişə çeçen xalqına, Çeçenistana onların ağır günündə dəstək olub. Çeçen xalqı bunu unutmur, Heydər Əliyevin xatirəsini əziz tutur.
Biz çox şadıq ki, bu gün Qroznının mərkəzində Heydər Əliyevin adını daşıyan park və abidə kompleksi var.
Əlamətdar işlərdən biri də budur ki, Heydər Əliyevin söylədiyi qiymətli fikirlərdən ibarət toplu da işıq üzü görüb. Mən bu tədbirləri təşkil edən hər kəsə, Çeçenistan Dövlət Pedaqoji Universitetinə, cənab rektoru cənab Bayxanova, prorektor Tamara Andiyevnaya, Raisa xanıma, bütün zəhməti keçən əməkdaşlara minnətdarlığımı bildirirəm. Biz də Azərbaycan Yazıçılar Birliyi olaraq bu işdə iştirakımıza görə çox məmnunuq...”
Mitinq iştirakçıları eyni zamanda Çeçenistanın ilk prezidenti Hacı Əhməd Kadırovun abidə kompleksinin ziyarət edib, Çeçenistan Dövlət Pedaqoji Universitetinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin açılış mərasimində, Universitetin Ümummilli liderin 100 illik yubileyinə həsr olunmuş Elmi Şuranın iclasında da iştirak ediblər.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!