Azərbaycan VIII Tbilisi Beynəlxalq Ədəbiyyat Festivalında təmsil olunub.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) beynəlxalq əlaqələr üzrə katibi, şair, tərcüməçi, esseist Səlim Babullaoğlu festival çərçivəsində “Müasir Azərbaycan poeziyası və ədəbiyyatı” mövzusunda çıxış edib.
Gürcüstan Yazıçılar Evində keçirilən tədbirdə S.Babullaoğlu Azərbaycan poeziyasının inkişaf tarixi, yüksəliş mərhələləri, çağdaş poeziyamızın xüsusiyyətləri barədə ətraflı danışıb.
AYB katibi Azərbaycanda 20-yə yaxın çap və onlayn formatda ədəbi nəşrlərin fəaliyyət göstərdiyini bildirib, onların ədəbiyyatımızın təbliğindəki mühüm rolunu qeyd edib.
S.Babullaoğlu daha sonra tədbir iştirakçılarının suallarını cavablandırıb. O, Azərbaycanda mədəniyyətin inkişafına göstərilən dövlət dəstəyi və qayğısı, ölkəmizdə keçirilən Bakı Beynəlxalq Poeziya Festivalı və digər bu kimi tədbirlər barədə məlumat verib. AYB üzvü bildirib ki, bu il Şuşada artıq III Vaqif Poeziya Günləri təşkil olunacaq və tədbirin daha geniş formatda keçirilməsi nəzərdə tutulub.
Tədbir çərçivəsində S.Babullaoğlu müəllifi olduğu şeirlərini oxuyub. Gürcüstanlı soydaşımız, tərcüməçi, filoloq Oqtay Kazımov şeirlərin gürcücə tərcüməsini səsləndirib.
Qeyd edək ki, rəsmi açılışı iyunun 3-də baş tutan VIII Tbilisi Beynəlxalq Ədəbiyyat Festivalının builki şüarı “Ümumi gələcək” olub. Tədbir 16 ölkədən 22 müəllifi bir araya gətirib. Azərbaycanla yanaşı festivala Gürcüstan, Ukrayna, ABŞ, Yaponiya, Fransa, Böyük Britaniya, İrlandiya, Niderland, Belçika, Yunanıstan və digər ölkələrdən şair və yazıçılar qatılıb.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!