XI ANAİB Kitab Sərgisi keçiriləcək

 

2-4 iyun tarixlərində Abşeron-Xızı Regional Təhsil İdarəsi, Abşeron Rayon İcra Hakimiyyəti, Sumqayıt Regional Mədəniyyət İdarəsi və Azərbaycan Nəşriyyatları Assosiasiyasının birgə təşkilatçılığı Abşeron rayonu Xırdalan şəhəri Heydər Əliyev adına parkda XI ANAİB Kitab Sərgisi (II Xırdalan Kitab Sərgisi) baş tutacaq.

Edebiyyatqazeti.az xəbər verir ki, sərgi üç gün ərzində saat 10:00-dan 20:00-a qədər davam edəcək.

Endirimli kitab satışı, əyləncəli şoular, master-klaslar, musiqi saatları, müəlliflərlə görüş, imza və təqdimat mərasimlərinin də baş tutacağı kitab bayramında tanınmış yazıçılar Elxan Elatlı, Rövşən Abdullaoğlu, Ceyhun Hidayətli oxucular üçün kitab imzalayacaqlar.

Təlimçi Cəlalə Nəzəroğlu “Səsini yox, sözünü ucalt” paneli ilə çıxış edəcək.

Bundan başqa qiraətçi Xəzər Süleymanlı, müğənni Röyal Musa və tarzən Ayat Xan da maraqlı performans sərgiləyəcəklər.

Abşeron və Sumqayıt məktəblilərinin təşkil etdiyi tamaşalar, rəqs nömrələri, qiraət saatları, ədiblərimizin, eləcə də nağıl qəhrəmanlarımızın şagirdlər tərəfindən canlandırılan obrazları kitab bayramına maraq qatacaq.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!