Xalq yazıçısı Elçinin 80 illik yubileyi münasibətilə elmi sessiya keçirilib - FOTOLAR

 

Mayın 22-də Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda bu elmi müəssisənin və M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə görkəmli ictimai-siyasi xadim, Xalq yazıçısı Elçinin 80 illik yubileyi münasibətilə “İki əsrin görkəmli sənətkarı” mövzusunda elmi sessiya keçirilib.

Əvvəlcə Xalq yazıçısı Elçinin yaradıcılığını əks etdirən sərgiyə baxış keçirilib. Sərgi M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası tərəfindən təşkil edilib.

Tədbiri giriş nitqi ilə açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Elçin Əfəndiyevin zəngin və çoxcəhətli yaradıcılığı ilə dünya şöhrətli sənətkar zirvəsinə yüksəldiyini vurğulayıb. Akademik İsa Həbibbəyli Xalq yazıçısı Elçinlə ilk tanışlığının Ədəbiyyat İnstitutu ilə bağlı olduğunu qeyd edərək, onun bu institutda fəaliyyət göstərmiş akademiklər Məmməd Arif, Məmməd Cəfər, tanınmış alimlər Məmmədhüseyn Təhmasib, Mirzağa Quluzadə kimi böyük ədəbiyyat xadimlərimiz, ədəbiyyatşünaslarımız, tənqidçilərimizlə olan səmimi dostluq münasibətlərindən bəhs edib. 

Akademik İsa Həbibbəyli Elçinin Azərbaycan ədəbi-ictimai fikir tarixində hərtərəfli şəxsiyyət – həm yazıçı, həm ədəbiyyatşünas, həm dramaturq, həm də ictimai xadim kimi qəbul olunduğunu bildirib, onun əsl Xalq yazıçısı olmağın nümunəsini göstərdiyini diqqətə çatdırıb. AMEA rəhbəri Elçinin əsərlərinin həyatın ziddiyyətlərini, kiçik insanları, ideologiyanı, Azərbaycan gerçəkliyini ən təbii, dolğun və gözəl şəkildə əks etdirdiyini vurğulayıb. O, görkəmli yazıçının yaradıcılığında Abşeron hekayələrinin xüsusi yerə malik olduğunu qeyd edərək, Elçinin “Baladadaşın ilk məhəbbəti” əsərinin Azərbaycan hekayə janrının ən möhtəşəm nümunələrindən biri olduğunu dilə gətirib.  

AMEA prezidenti İsa Həbibbəyli Xalq yazıçısı Elçinin ədəbiyyata xidmət etməkdən heç zaman yorulmadığını, bu gün də öz nəhəng ədəbiyyat arxivi ilə ədəbiyyatşünaslığımızı zənginləşdirməyə davam etdiyini vurğulayıb, ictimai xadimə yeni yaradıcılıq uğurları arzu edib.

Daha sonra M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov çıxış edərək 60-cı illər nəslinin görkəmli nümayəndəsi Elçin Əfəndiyevin Azərbaycan reallıqlarını olduğu kimi təqdim edən, sağlığında klassik yazıçıya çevrilən şəxsiyyətlərdən olduğunu bildirib. O, Xalq yazıçısı Elçinin mədəniyyətimizin inkişafında əvəzsiz xidmətləri ilə seçildiyini, böyük mədəniyyət təşkilatçısı olduğunu söyləyib. Yazıçının özünəməxsus yaradıcılıq yolundan söz açan direktor onun tamaşaya qoyulan hər bir əsərinin gənc nəsil üçün məktəb rolunu oynadığını qeyd edib. 

Kərim Tahirov Xalq yazıçısı Elçinin M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxananın inkişafına hər zaman böyük dəstək göstərdiyini bildirib, kitabxananın bugünkü inkişaf səviyyəsinə çatmasında görkəmli şəxsiyyətin əvəzsiz xidmətləri olduğunu vurğulayıb. O, həmçinin yazıçının dünya miqyasında tanınan şəxsiyyətlərdən olduğunu və əsərlərinin dünyanın 100-dən çox ölkəsində işıq üzü gördüyünü diqqətə çatdırıb.

Sonra AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli və filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev çıxış edərək Xalq yazıçısı Elçinlə bağlı xatirələrini bölüşüblər.

Diqqətə çatdırılıb ki, Xalq yazıçısı, ictimai xadim və ədəbiyyat tənqidçisi Elçin ölkəmizin elmi-ədəbi və ictimai mühitində çoxcəhətli yaradıcılıq fəaliyyəti ilə özünəməxsus yeri və mövqeyi vardır. O, yeni dövr Azərbaycan bədii nəsrinin, keçid dövrü və müstəqillik mərhələsi dramaturgiyasının, eyni zamanda, son yarım əsrdən çox ədəbi tənqidin əsas yaradıcılarından biridir. Elçin yaradıcılığının xalq sevgisi qazanmasının əsas səbəbi əsərlərindəki təbiilik və səmimiyyətdir.  

Tədbirdə AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu “Elçinin hekayə poetikası”, filologiya elmləri doktoru Sara Osmanlı “Yazıçı tənqidinin özəllikləri”, professor Nizami Tağısoy “Elçinin “Baş” romanının kompozisiya-struktur polifonizmi”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nərminə Ağayeva “Zamanın Elçin teatrı və Elçin teatrının zamanı” və filologiya üzrə fəlsəfə doktoru Gülnar Osmanova “Elçin nəsri mif və folklor kontekstində” mövzusunda məruzələrlə çıxış ediblər.

Sonda çıxış edən Xalq yazıçısı Elçin tədbirin təşkilatçıları olan Ədəbiyyat İnstitutuna və Azərbaycan Milli Kitabxanasına təşəkkürünü bildirib və tədbirdə iştirakından məmnunluğunu ifadə edib. O, gənclik illərinin bir qisminin Ədəbiyyat İnstitutu ilə bağlı olduğunu qeyd edərək, bu elmi müəssisənin Azərbaycan ədəbi tənqidinin, Azərbaycan ədəbiyyatşünaslığının inkişafında, onun nəzəri bazasının möhkəmlənməsində, genişlənməsində böyük xidmətlər göstərmiş bir elm ocağı olduğunu vurğulayıb.

Elmi sessiyada AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrinə daxil olan institut və təşkilatların baş direktorları, əməkdaşları, aidiyyəti şəxslər və KİV nümayəndələri iştirak ediblər.

literature.az


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!