Molla Pənah Vaqifin 300 illik yubileyi təntənəli mərasimlə qeyd olunub

Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 12 yanvar tarixli Sərəncamına əsasən, bu il ölkəmizdə şairin xatirəsinə həsr edilmiş elmi-praktik konfranslar, rəsm sərgiləri və digər bu qəbildən olan silsilə tədbirlər gerçəkləşib.

Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi münasibətilə növbəti tədbir dekabrın 7-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında reallaşıb.

Mədəniyyət və Turizm, Təhsil nazirlikləri, eləcə də Azərbaycan Milli Elmlər Akademiyası və Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə gerçəkləşən tədbirdə respublikanın tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, habelə dövlət rəsmiləri iştirak ediblər.

Əvvəlcə qonaqlar M.P.Vaqifin əsərlərindən, şairin həyat və yaradıcılığına həsr olunmuş kitablardan ibarət sərgisi ilə tanış olublar.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yubiley mərasimində çıxış edərək Molla Pənah Vaqifin ədəbiyyatımıza verdiyi töhfələrdən söz açıb: “Dövlətimiz tərəfindən tanınmış şəxsiyyətlərin yubileylərinin yüksək səviyyədə qeyd edilməsi, əsərlərinin nəşri və təbliği uzun illərdir ki, ənənə halını alıb. Molla Pənah Vaqifin də yubileyinin qeyd edilməsi təkcə ölkəmizlə məhdudlaşmır, demək olar ki, bütün türk dünyasında bununla bağlı silsilə tədbirlər keçirilib. Akademik Nizami Cəfərovun şairin həyat və yaradıcılığından bəhs edən “Molla Pənah Vaqif”, Milli Kitabxananın hazırladığı “Molla Pənah Vaqif” biblioqrafiyası nazirliyin, “Molla Pənah Vaqif dünya dillərində” kitabı isə TÜRKSOY-un dəstəyi ilə nəşr edilib”.

Qeyd olunub ki, M.P.Vaqifin adının UNESCO-nun “2016–2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı”na daxil edilməsi Azərbaycanın çoxəsrlik zəngin ədəbiyyatı tarixində silinməz izlər qoymuş bu qüdrətli söz ustasının yaradıcılığındakı humanist dəyərlərə verilən yüksək qiymətin təzahürüdür. 2017-ci il həmçinin Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY tərəfindən “Molla Pənah Vaqif İli” elan edilərək, bu çərçivədə tədbirlər keçirilib.

1982-ci il yanvarın 14-də ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və iştirakı ilə Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa şəhərində şairin məzarı üzərində ucaldılmış əzəmətli məqbərənin açıldığını xatırladan nazir bildirib ki, erməni silahlıları tərəfindən işğal olunmuş Şuşa şəhərində vəhşicəsinə yerlə-yeksan edilən, talana məruz qalan bütün tarixi memarlıq və mədəniyyət abidələrimiz kimi Vaqifin də məqbərəsi dağıdılıb.

“Ulu Öndərimizin zəngin Azərbaycan ədəbiyyatının inkişafına və onun görkəmli nümayəndələrinin dünyada tanınmasına göstərdiyi diqqət və qayğı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Molla Pənah Vaqifin 300 illik yubileyinin qeyd olunması da bu siyasətin bariz nümunəsidir”, - deyə Ə.Qarayev vurğulayıb.

TÜRKSOY-un baş katibi Düsen Kaseinov rəhbəri olduğu qurumun təşkil etdiyi görkəmli şairə həsr edilmiş tədbirlərdən söz açıb. “Bu gün mənim üçün çox sevindiricidir ki, türk dünyasının böyük şairi Molla Pənah Vaqifin 300 illik yubileyində iştirak edirəm. Türkdilli xalqlar arasında qardaşlıq əlaqələrini gücləndirmək, türk dünyasının mədəniyyətini tanıtmaq məqsədilə yaradılan TÜRKSOY hər il tanınmış şəxsiyyətlərin yubileylərini qeyd edir. TÜRKSOY “Molla Pənah Vaqif İli” çərçivəsində çoxsaylı tədbirlər keçirib, elmi-konfranslar təşkil edib. Dekabrın 22-də isə Şimali Kiprdə Vaqifə həsr edilmiş tədbirin təşkili nəzərdə tutulur”, - deyə D.Kaseinov söyləyib.

Görkəmli şairin yaradıcılıq məziyyətlərindən söz açan Kabardin Balkar Respublikasının Yazıçılar İttifaqının sədri Mütəllib Behbayev Vaqif şeirlərinin fəlsəfi quruluşu, yazı dilindəki rəvanlıq, onun siyasi və dövlət işlərindəki tarixi fəaliyyətini yüksək qiymətləndirib.

Tədbir tanınmış ifaçılar tərəfindən təqdim olunan konsert proqramı ilə davam edib.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!