AMEA-nın Humanitar Elmlər Bölməsi, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə görkəmli yazıçı Mir Cəlalın anadan olmasının 115 illik yubileyinə həsr olunmuş “Mir Cəlal və ədəbi-tarixi proses” mövzusunda elmi sessiya keçirilib.
Tədbirdən əvvəl M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası tərəfindən təşkil edilən Mir Cəlalın əsərlərini əks etdirən sərgiyə baxış keçirilib.
Elmi sessiyanı giriş sözü ilə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq bildirib ki, Ədəbiyyat İnstitutu ölkəmizdə ədəbiyyatşünaslıq sahəsində tədqiqatların aparıldığı başlıca mərkəzdir və elmi-tədqiqat müəssisəsində görkəmli yazıçı Mir Cəlalın yubileyinin keçirilməsi ədəbiyyatşünas alimlərin mənəvi borcudur.
Ötən müddət ərzində ədibin həyatının müəyyən dövlərinin bağlı olduğu Bakı Dövlət Universiteti, Gəncə şəhəri və Qazax Müəllimlər Seminariyasında 115 illik yubileyinin qeyd olunduğunu deyən AMEA rəhbəri Mir Cəlalın 16 il Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, 1 aydan artıq müddətdə isə institutun direktor əvəzi kimi çalışdığını diqqətə çatdırıb. Akademik İsa Həbibbəyli bildirib ki, Mir Cəlalı fərqləndirən başlıca cəhət onun universal, çoxcəhətli fəaliyyətə malik olmasıdır. O, yazıçı, ədəbiyyatşünas, publisist, pedaqoq kimi məşğul olduğu bütün sahələrin peşəkarı olmuşdur. Mir Cəlalın yaşadığı dövrü ideallaşdırmadan, sərt kommunist rejiminin ideologiyasını təbliğ etmədən yalnız obyektiv gerçəkliyi, insanın real həyatını meydana qoyduğunu deyən AMEA prezidenti ədibin bu dəst-xəttinin roman, povest, satirik-yumoristik əsərlərində də müşahidə olunduğunu söyləyib. Xüsusilə, “Həyat hekayələri”, “Sadə hekayələr”, “Bir gəncin manifesti” və başqa əsərlərində sadə həyat hekayələrinin, insanın mənəvi aləminin oxuculara çatdırıldığını bildirib. Vurğulayıb ki, görkəmli yazıçı epik ədəbiyyatın bütün sahələrində ərsəyə gətirdiyi mükəmməl əsərlərlə, həm də ədəbiyyatşünaslıq istiqamətindəki fəaliyyəti ilə Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutur. Yazıçının “Füzulinin poetik xüsusiyyətləri” monoqrafiyası ilə şairin poetikasına dair nadir bir əsəri meydana qoyduğunu deyən akademik İsa Həbibbəyli ilk və son dəfə bu əsərlə Azərbaycan ədəbiyyatşünaslığında Füzulinin 17-18 beytlik müəmmalarının tədqiqata cəlb olunduğunu, bu əsərin həm də poetika ilə estetikasının vəhdətini təşkil etdiyini bildirib. Həmçinin Mir Cəlalın “Azərbaycanda ədəbi məktəblər” mövzusunda mükəmməl doktorluq işi ilə Azərbaycanda ədəbi məktəblərin tarixinə nəzər yetirdiyini
vurğulayıb. Eyni zamanda ədibin ədəbiyyat nəzəriyyəsi sahəsində də böyük xidmətləri olduğunu, realizm, satira və yumorun dəqiq mahiyyətini müəyyənləşdirdiyini diqqətə çatdırıb. AMEA rəhbəri qeyd edib ki, Mir Cəlal həm də görkəmli pedaqoqdur və onun “XX əsr Azərbaycan ədəbiyyatı” və “Ədəbiyyatşünaslığın əsasları” dərslikləri bu gün də ali məktəblərdə tədris olunur.
Akademik vurğulayıb ki, Mir Cəlal həm də yaradıcılığı və zəngin fəaliyyəti ilə XX əsrin əvvəlləri ilə məşhur “Altmışıncılar” ədəbi nəsli arasında körpü rolunu oynamış, yeni ədəbi nəslin yetişməsinə mühüm töhfələr vermişdir.
AMEA rəhbəri İsa Həbibbəyli çıxışının sonunda bildirib ki, Mir Cəlalın zəngin irsi bu gün alimlərimiz tərəfindən müstəqillik dövrünün çağırışları əsasında yenidən tədqiqatlara cəlb olunur, əsərləri yenidən çap edilir və onun işıqlı xatirəsi gələcək nəsillərə çatdırılır.
Sonra M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov “Mir Cəlal Paşayevin ictimaiyyətə az məlum olan əsərlərinin nəşri haqqında”, filologiya üzrə fəlsəfə doktorları, dosent Aslan Salmansoy “Səməd Vurğun və Mir Cəlal”, filologiya elmləri doktoru, professor Asif Rüstəmli “Mir Cəlalın həyatı və yaradıcılığının ilkin dövrü”, filologiya elmləri doktoru İsmayıl Kazımov “Mir Cəlal
romanlarında bədii dil xüsusiyyətləri”, filologiya elmləri doktoru Əlizadə Əsgərli “Füzuli sənətkarlığı” və “Ədəbi məktəblər” monoqrafiyalarında poetika haqqında”, filologiya üzrə fəlsəfə doktoru Sevinc Əliyeva “Mir Cəlal hekayələrində folklor və milli-mənəvi dəyərlər”, Dilarə Adilova “Mir Cəlal hekayələrində müasirlik” və Fidan Rzayeva “Mir Cəlal yaradıcılığı səhnədə” mövzularında məruzələrlə çıxış ediblər. AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru
Vaqif Yusifli Mir Cəlalla bağlı xatirələrini bölüşüblər.
Sonda çıxış edən ADA Universitetinin rektoru, professor Hafiz Paşayev Mir Cəlalın 5 il bundan əvvəl 110 illik yubileyinin də Ədəbiyyat İnstitutunda keçirildiyini xatırladıb, budəfəki yubileyin Akademiya miqyasında humanitar sahə ilə müxtəlif elmi-tədqiqat institutlarının alimləri tərəfindən qeyd olunmasının təqdirəlayiq hal olduğunu bildirib. Məruzələrin ciddi elmi araşdırmalar əsasında hazırlandığını bildirən Hafiz
Paşayev çıxışlarda tədqiqatçıların məlum olmayan məsələlərə toxunduğunu, xüsusilə Mir Cəlal və Səməd Vurğun, Mir Cəlalın əsərlərinin dil xüsusiyyətləri, Füzuli ilə bağlı, teatr və səhnə fəaliyyətinə dair tədqiqatların davam etdirilməsinin gələcəkdə onun yaradıcılığının yeni tərəflərinin açılmasına gətirib çıxaracağını deyib.
Tədbirdə AMEA-nın Humanitar Elmlər Bölməsinə daxil olan elmi müəssisə və təşkilatların baş direktorları, əməkdaşları, aidiyyəti şəxslər və KİV nümayəndələri iştirak ediblər.
literature.az
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!