I Naxçıvan Kitab Sərgisinin proqramı bəlli oldu

 

Xəbər verdiyimiz kimi, 13-14 may tarixlərində Naxçıvanda “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi (ANAİB), “Naxçıvan” Universiteti və “Hədəf” Şirkətlər Qrupunun təşkilatçılığı, eləcə də “Sirab” ASC-nin baş sponsorluğu, “Hədəf” kurslarının sponsorluğu ilə Ümumilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ANAİB I Naxçıvan Kitab Sərgisi keçiriləcək.

Edebiyyatqazeti.az xəbər verir ki, sərgidə tanınmış qələm və incəsənət adamları ilə görüş keçiriləcək, oxucular öz sevimli müəllifləri ilə ünsiyyət qura biləcəklər.

Sərgi çərçivəsində məşhur yazıçılar Elxan Elatlı, Varis, Zahid Xəlilin və şair Rüstəm Behrudinin imza mərasimləri baş tutacaq. Eyni zamanda E.Elatlı yeni romanı olan “Belçika ovçarka”sını oxucularına təqdim edəcək.

Bundan başqa kitab bayramında təlimçi Orxan Şahbaz “Naxçıvanlılar nə oxuyur?”, təhsil texnoloqu Şəmil Sadiq “Çevrənin hissələri – müəllim, şagird və valideyn”, Təhsil Tələbə Krediti Fondu İdarə Heyətinin sədr müavini Bəhruz Əzimov “Təhsil tələbə krediti nədir?”, dilçi alim Rafiq İsmayılov “Oxuyub anlama – təhsildə metabacarıq kimi”, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı və professor Qulu Məhərrəmli “Azərbaycan jurnalistikası dünəndən bu günə” panelləri ilə çıxış edəcəklər. Sərginin qonaqları sırasında qiraətçi Xəzər Süleymanlı da var.

Sərgi çərçivəsində ssenari müəllifi Arif Əliyev, prodüseri Tahir Tahiroviç olan “Əsgərlər unudulanda ölürlər” filminin təqdimatı da nəzərdə tutulur.

Qeyd edək ki, “Naxçıvan” Universitetinin həyətində baş tutacaq sərgi hər gün 10:00-dan 20:00-a qədər davam edəcək.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!