“Ulduz” jurnalının aprel nömrəsi çap edilib. “Ulduz” jurnalı, “Ədəbiyyat qəzeti” və "Təhsil Nəşriyyat-Poliqrafiya" MMC-nin ortaq layihəsi çərçivəsində işıq üzü görən dərginin özəl nömrəsi Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.
Jurnalda ilk olaraq yer alan Xalq yazıçısı Anarın “Qalib gəldi, qalib getdi” sərlövhəli məqaləsi müəllifin Ulu Öndərlə bağlı düşüncələrini, xatirələrini və unudulmaz ədəbi görüşləri ehtiva edən mülahizələrini əhatə edir. Xalq yazıçısı Elçinin “Dünya axirət əkini”, filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlının “Ədəbiyyata həyatdan gələn qəhrəman”, eləcə də professor Mahirə Nağıqızının “Ulu Öndər Heydər Əliyev və natiqlik sənəti” yazılarında Heydər Əliyev şəxsiyyətinin ali məqamlarına nəzər yetirilir. Ədəbiyyatşünas Yaşar Qarayevin “Müstəqillik dövrünün milli öndəri”, akademiklər İsa Həbibbəylinin “Heydər Əliyevin böyük ədəbiyyat siyasəti”, Nizami Cəfərovun “Azərbaycanda milli dövlətçilik təfəkkürünün formalaşmasında Heydər Əliyev fenomeni”, Xalq yazıçısı Kamal Abdullanın “Ümummilli Lider Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisi kimi”, şair-publisist, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəsin "Heydər Əliyev və müasir ədəbiyyat", filologiya üzrə elmlər doktoru Pərvanə Bəkirqızının "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı", professor Qəzənfər Paşayevin "Heydər Əliyev və Milli mənəvi dəyərlərimiz" məqalələrində Ulu Öndər Heydər Əliyevin ədəbiyyatımızın, incəsənətimizin tərəqqisinə bəxş etdiyi əvəzsiz töhfələrdən söz açılır, milli-mənəvi dəyərlərimizin qorunması yolunda yorulmaz fəaliyyətinə nəzər salınır.
"Ədəbiyyat qəzeti"nin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər Turanın "Heydər Əliyev barədə yazılmış ilk poetik mətn" məqaləsi Cənubi Azərbaycanın böyük şairi Bulud Qaraçorlu Səhəndin "Elimin dayağı, yurdumun fəxri" şeiri ətrafında qeyd və mülahizələri özündə ehtiva edir. YAP-ın idarə heyətinin üzvü, filologiya elmləri doktoru Elnarə Akimovanın "Ədəbi yaddaşımızın Heydər Əliyev məqamı" müsahibəsinin əsasını Xalq şairi Nəriman Həsənzadənin Ulu Öndərlə bağlı xatirə və düşüncələri təşkil edirsə, "Heydər Əliyevin gücü, yaxud özünəqayıdışın Cavid intibahı" yazısında, adından da göründüyü kimi, Hüseyn Cavid ədəbi irsinə, eləcə də ədibin ailəsinə Ümummilli Lider Heydər Əliyevin diqqət və qayğısından söhbət açılır.
"Təhsil Nəşriyyat-Poliqrafiya" MMC-nin baş direktoru Tural Axundovun "Ulu Öndərin xeyir-duası" yazısı Heydər Əliyevin nəşriyyat və poliqrafiya sahəsinin inkişafı yolunda göstərdiyi fəaliyyətə işıq tutur. Filologiya üzrə fəlsəfə doktoru Aslan Salmansoyun "Heydər Əliyev və Səməd Vurğun ocağı" məqaləsi Ulu Öndərin Xalq şairi Səməd Vurğunun ailəsinə göstərdiyi dərin ehtiramın tarixçəsidir.
Dərgidə son olaraq yazıçı Xeyrəddin Qocanın “Heydər Əliyevlə görüşlər, söhbətlər” xatirə yazısı təqdim edilib.
Qeyd edək ki, jurnalın sözügedən nömrəsində Ümummilli Liderin kəlamları və ona həsr edilmiş şeirlərlə yanaşı, dahi şəxsiyyət haqqında ölkə xaricində çap edilmiş kitablardan seçmə fikirlər də yer alıb.
azertag.az
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!