Qubada "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı" mövzusunda konfrans keçirilir - FOTOLAR

Qubada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı" mövzusunda konfrans keçirilir.

 

5-7 may tarixlərində Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı" Konfransı keçirilir.

Quba şəhərində yerləşən "Şahdağ Quba-Truskavets" sanatoriyasının ev sahibliyi etdiyi Konfransda ölkənin ədəbi elitası bir araya gəldi.

Heydər Əliyevi - bu böyük və müdrik insanı şəxsən tanıyıb, onunla yaxından təmasda olanlar onunla bağlı xatirələrini dilə gətirdilər, məruzəçilər Heydər Əliyevin ədəbiyyatımıza verdiyi töhfələrdən, qələm əhlinə diqqət və qayğısından söz açdılar.

Tədbir AYB-nin sədri, Xalq yazıçısı Anar və Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev başda olmaqla, bir qrup şair və yazıçının Ulu Öndərin abidəsi önünə gül dəstələri qoymaları ilə başladı.

Sonra xüsusi olaraq konfrans üçün hazırlanmış "Heydər Əliyev və Azərbaycan" sənədli filmi nümayiş olundu.

Konfransın təşkilatçısı olan Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Baş Direktoru Varis Yolçiyev konfransı açaraq çıxış üçün sözü Xalq yazıçısı, AYB-nin sədri Anara verdi. "Heydər Əliyev obrazını Azərbaycan ədəbiyyatında yaradan ilk irihəcmli əsərin - "Unudulmaz görüşlər"in müəllifi ümummilli lider barədə xatirələrini söylədi.

Sonra Xalq şairi  Sabir Rüstəmxanlının Heydər Əliyev barədə xatirələri dinlənildi.

Eyni zamanda Milli Məclisin deputatı Jalə Əliyeva, Xalq yazıçısı Elmira Axundova, Azərbaycan milli kulturologiya elminin banisi Fuad Məmmədov, Milli Məclisin deputatı Aqil Abbas, Mətbuat Şurasının sədri, AYB sədrinin müavini Rəşad Məcid, Təhlükəsizlik məsələləri üzrə ekspert, ehtiyatda olan polkovnik Seymur Şeydayev, AYB Nəsr bölməsinin müdiri Səyyad Aran, AYB Dramaturgiya bölməsinin müdiri Firuz Mustafa, Beynəlxalq "Alaş" Ədəbiyyat mükafatı laureatı, Milli Məclisin mədəniyyət eksperti Əkbər Qoşalı, AYB katibi, Əməkdar İncəsənət Xadimi Elçin Hüseynbəyli, yazıçı, Rəsul Rza mükafatı laureatı, Azərbaycan-Ukrayna Ticarət Evinin direktoru Əlibala Məhərrəmzadə, yazıçı, kinodramaturq, Əməkdar İncəsənət Xadimi Orxan Fikrətoğlu, AYB-nin Uşaq Ədəbiyyatı bölməsinin rəhbəri Qəşəm Nəcəfzadə, AYB sədrinin müşaviri Sayman Aruz, AYB Poeziya bölməsinin  müdiri İbrahim İlyaslı, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar, AYB-nin Quba təşkilatının rəhbəri Ramiz Qusarçaylı və başqaları ətraflı məruzələr etdilər.

İki günlük Konfrans zamanı həm də Azərbaycan Yazıçılar Birliyinin Heydər Əliyevin 100 illiyinə hazırladığı töhfə - "Əbədi ömrün yüz ili" kitabının təqdimatı oldu.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!