Aprelin 18-də Mingəçevir Dövlət Universitetində "Cəbhədən cəmiyyətə" - müharibə iştirakçısı yazarlarla səngər yoldaşlarının görüşləri layihəsi çərçivəsində hazırlanmış "Mən Vətənəm" kitabının təqdimat mərasimi keçirildi. Mərasimi giriş sözü ilə açan Təhsil fakültəsinin dekanı Nizami Zeynalov öncə vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini təklif etdi. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra giriş nitqini davam etdirən Nizami Zeynalov kitabın əhəmiyyətindən bəhs edərək kitabı və tədbiri gənclər üçün vətənpərvərlik tərbiyəsinin aşılanması üçün bir vasitə kimi qiymətləndirdi.
Daha sonra söz layihənin rəhbəri, Prezident təqaüdçüsü, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı şair İntiqam Yaşara verildi. İntiqam Yaşar layihə və kitab haqqında, habelə rəhbərlik etdiyi qurumun ictimai fəaliyyəti haqqında geniş məlumat verərək tədbirin təşkil edilməsinin əhəmiyyətini vurğuladı. Kitabın aktuallığı, dövrümüzlə bilavasitə səsləşməsi ön plana çəkildi.
Daha sonra şairlərdən Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının üzvü Elşən Əzim, Vətən müharibəsi iştirakçısı Həsən Kür, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü Elməddin Nicat kitabdakı şeir və hekayələrin bədii xüsusiyyətlərindən, gənclər üçün faydasından söz açdılar.
Çıxışlardan sonra Təhsil fakültəsinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının III kurs tələbələrinin ifasında kitabdan parçalar səsləndirildi.
Universitetin ədəbiyyat müəllimi, filologiya üzrə fəlsəfə doktoru Səadət Ağakişiyeva çıxışında kitabda əsərləri dərc edilən yazarlar haqqında məlumatların da verilməsinin vacibliyini vurğuladı. Sonra digər ədəbiyyat müəllimi Ceyran Vəliyeva diqqəti çağdaş və müasir dövr ədəbiyyatında müharibə mövzusuna yönəltdi. Filologiya üzrə fəlsəfə doktoru Ayna Babazadə kitabda 3 hekayəsi dərc edilən Vüsal Hətəmovun "Gizlənqaç" hekayəsinin məzmunu və əhəmiyyətli tərəflərindən danışdı. Universitetin müəllimi Şəbnəm İslamova Universitetdə pedaqoji ixtisasların və dil-ədəbiyyat müəllimliyi ixtisasının olması baxımından belə görüşlərin ardıcıl keçirilməsinin vacibliyini vurğuladı.
Universitetin baş müəllimi İlhamə İsmayılova qeyd etdi ki, "Ədəbiyyat qəzeti"nin oxucusuyam. Kitabdakı bəzi imzalar mənə qəzetdən tanışdır. Bu qəzet respublikada dərc edilən ən nüfuzlu ədəbi orqandır. Mənim üçün bədii əsərlər ilə bağlı meyar "Ədəbiyyat qəzeti"dir. Emin Piri mənə qəzetdə həm "1 şeir 2 rakurs" layihəsində müzakirəyə çıxarılmış şeiri, həm də dəyərli tənqidçi, ədəbiyyatşünas alim Elnarə Akimovanın onun yaradıcılığı ilə bağlı yazdığı "Ölümü barmağında oynadan şair" adlı məqaləsindən tanışdır. Eminin "Sağ qalan varmı" şeiri məni çox duyğulandırdı. Orda belə bir misra var: "Əsgər sinəsi axtarır isinməyə fevral şaxtasında üşüyən güllə". Bu sətirlər mənə Faiq İsmayılovun şəhid tələbə yoldaşı Təbrizin ölümünə həsr etdiyi şeiri xatırlatdı: "Yay kimi qıvrılıb açıldım, güllə, məni tanımadın". Emin Piri müsahibələrinin birində qeyd edir ki, "Mən hərbçi işləyərkən cəbhə bölgəsində səngərdə olmuşam. Səngərdə gördüyüm hadisələr həyatımda daha dərin iz buraxıbdır, nəinki sevgi yaşantıları". İlhamə İsmayılova daha sonra vurğuladı ki, bu kitabda müharibədə iştirak etmiş yazarların əsərləri toplanıb. Bu şeirlərin əksəriyyəti müharibə zamanı səngərdə yazılıb. Məhz ona görə də kitab daha çox müharibə yaşantılarını əks etdirir. Azər Turandan kitabda şeirləri dərc edilən şairlər haqqında fikrini soruşdum. "Həsən Kür maraqlı şairdi. Elvin İntiqamoğlu da döyüşlərdə olub. O da fərqli yazır, özü də işıqlı gəncdir" - dedi. Mən qonaqlarımız Elşən Əzimin də, İntiqam Yaşarın da şeirlərini "Ədəbiyyat qəzeti"ndə oxumuşam. Və yaxud Nicat Fərmanın "Çarəsiz ata" şeirindəki "Qızımın soyuq əli qədərdir dünyam." Eyvaz Əyyubun yurd həsrətli şeirləri insanda fərqli hisslər, duyğular yaradır.
İ.İsmayılova çıxışını ədəbiyyatşünas-tənqidçi Elnarə Akimovanın fikri ilə tamamladı: "Zaman şairə imkan verdi ki, xalq olaraq üstümüzdəki ləkəni təmizləməyə yol görən hünər meydanında iştirakı ilə içindəki bu yükdən özünü xilas etsin, o müqəddəs yerlərin hər qarışına iz salsın, tarixin başdan yazdığı bu qabiliyyət sənədində "imzalar içində imzası olsun". Mən də qoşuluram bu fikrə və deyirəm: "İmzanız mübarək!"
Daha sonra tədbirdə iştirak edən digər müəllimlər və tələbələr kitabla bağlı öz təəssüratlarını bölüşdülər. Tədbirə dəvət olunmuş Vətən müharibəsi iştirakçılarının cəbhə ilə bağlı təəssüratları, tələbə - gənclərə tövsiyələri dinlənildi.
Tədbirin sonunda müzakirələrdə aktiv iştirak edən müəllim və tələbələr sertifikatla təltif edildi. Tədbir xatirə şəkli çəkdirməklə yekunlaşdırıldı.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!