Bizim ellərdə adətən insan müşkül bir işə düşəndə, yaxud ağır xəstəliyə düçar olanda, əzizi vəfat edəndə, bir də vətəni işğal olunanda belə bir ifadə işlədir: "Ürəyimdən qara qanlar axır!" İqtisadi və siyasi, hərbi cəhətdən qüdrətli, müstəqil bir ölkədə rahat yaşasaq da, 30 ildir ki, ürəyimizdən sel kimi qara qanlar axır. Çünki biz dünyada yeganə ölkəyik ki, zaman-zaman torpaqlarımız yağmalanıb. XIX əsrin önlərində əvvəlcə Gülüstan (1813), sonra da bədnam "Türkmənçay" işğal aktları nəticəsində başı bəlalı Araz çayı sərhəd olmaqla Rusiya ilə İran arasında iki yerə bölündü. Bu tarixi ədalətsizlik idi. Qədim və ulu bir xalq, arxasında türk dünyası dayanmalı olan gözəl bir millətin vətəni bölünəndə heç kim Azərbaycan xalqının rəyini nəzərə almadı - rus generalı İ.Paskebur və fars şahzadəsi Abbas Mirzə bu ədalətsiz müqaviləyə imza atdı və bu imza zəhərli qılınca çevrilib iki yüz ildir ki, bizim qəlbimizi parçalayır, ürəyimizdən qara qanlar axıdır. Tanınmış yazıçı-publisist, ərəbşünas alim Fazil Güneyli "Qara qan" trilogiyası XXI əsrdə məhz bu qanla suvarılıb 1076 səhifədən, üç kitabdan ibarət olan "Qara qan" həm həcmcə, həm də bədii-fəlsəfi siqlətinə görə müasir epopeyadır. İkinci Cahan savaşı bitən il - 1945-ci ildə Qarabağın Cəbrayıl bölgəsində dünyaya göz açan Fazil Abbasov (Güney) bu əsəri Azərbaycanın ürəyi Qarabağa övlad məhəbbəti, ürəyinin qanı ilə yazmışdır. Tarixi bağlı bu epopeya ibrətamiz hadisələr, tarixi faktlar, publisistik ricətlər, sevgi-məhəbbət əhvalatları, düşmənə nifrət və qəzəb ifadə edən mülahizə və olaylarla zəngindir.
Tənqid və ədəbiyyatşünaslıqda belə bir fikir daşlaşıb ki, sənətkar həmişə özünü yazır. Bu bir həqiqətdir: istər şeir olsun istərsə roman, rəsm əsəri yaxud musiqi -sənətin mərkəzində sənətkar özü dayanır, onun baş qəhrəmanı hadisələri idrakının - təhtəlşüurun, qəlbinin psixolojisindən keçirən müəllif özüdür. Bu klassik həqiqət Fazil Güneyin "Qara qan" trilogiyasında xüsuslə qabarıq görünür. Bir dəfə o mənə danışdı ki, təhlükəli günlərdə zahirən ərəbə oxşayan ərəb dilini mükəmməl bilən Fazil xarici jurnalistlərin tərkibində necə Yerevana və işğal olunmuş Qarabağa gedib.
Trilogiyaya "Müəllifdən" adlı müxtəsər ön sözdə Fazil yazır: "Romanın belə uzun sürədə yazılması məndən asılı deyildi, buna səbəb Qarabağ müharibəsinin uzadılması oldu. Düşmən və arxasında duranlar zaman keçdikcə Azərbaycanın bu itki ilə barışmaq zorunda qalacağını düşünürdülər. Amma çox yanılırdılar. Tarixdən öncəki tarixi, ilk mədəniyyəti, ilk yazını yaratmış, çox "ilk"lərə imza atmış əcdadları olan bir xalq üçün Qarabağın ölüm və ya olum məsələsi olduğunu anlamırdılar".
Qarabağa, Azərbaycanın tarixi taleyinə belə qlobal baxış romanın konsepsiyasını müəyyənləşdirir "Qara qan" bizim üçün müasir, gələcək üçün tarixi romandır. Çünki əsər hadisələr romanıdır, gələcək nəsillər bizim dövrümüzü yarı-yarımçıq yazılmış tarix kitablarından daha çox bu əsərdən öyrənəcək. Romanda hadisələr tarixi - psixoloji aspektdə çalpaşıq və çulğaşıq verildiyinə görə ona ənənəvi roman kompozisiyasının meyarları ilə təhlil vermək mümkün deyil. Melodramatik süjet əsasında qurulan bu romanda yazıçı ən mürəkkəb hadisələrə Bakıdan ata yurduna gəlib əsir düşmüş gənc jurnalist qız Aysunun nəzərləri ilə baxa bilir. Trilogiya tarixi zaman etibarı ilə qısa bir dövrü 1993-2016-cı illəri əhatə edir. Lakin romanda bu 23 ilin hər biri bədii-fəlsəfi tutum etibarı ilə 10 ilə bərabərdir. Bu da təxminən tarixin 1813-cü ilinə - Azərbaycanı iki yerə bölmüş Gülüstan fəlakətinə qədər enir.
Romana oxucu (və təndiqçi!) inandırıcılığı gətirən bir cəhət də var: Əsərdəki surətlər iki yolla yaradılıb bəzi surətlər bədiiləşdirilib, fəqət onların prototipi var, bəzilərinin də dəqiq adı, soyadı ünvanı olan real surətlərdir. Məsələn, mən romanın qəhrəmanlarından biri - istefada olan igid polkovnik, şöhrətli korpus komandiri Şair Ramaldanov ilə tanış olmuşam…
Bu çoxaspektli, çoxşaxəli və canlı üslubda yazılmış romanın "Son döyüşdən öncəki döyüş" fəslində Aysunun aprel döyüşlərinin təsiri ilə yazdığı sözlər, elə bilirəm ki, əsərin qayəsini və qəhrəmanını inamını dəqiq ifadə edir: "20 ildən artıqdı Azərbaycan xalqı, bütün türk dünyası gözləyirdi bu xəbəri.
Amma hər an qulaqları səksəkədə olan etnik təmizlənməyə uğramış Qarabağ qaçqın-köçkünləri hamıdan çox intizarındaydı bu günün…
Qocalar min-min illərdir əcdadlarının uyuduqları torpaqlarda basdırılmaq, ruhlarını tapşırmaq üçün Allaha dua edirdilər.
Orta yaşlılar gənclik çağlarında ata yurdunda qoyub çıxdıqları yarımçıq həyatlarını davam etmək istəyirdilər…
2016-cı il aprelin 4 günü qızıl hərflərlə yazıldı bu xalqın müharibələr salnaməsinə. Həmin 4 gün qurtardı bu milləti töhmətdən…
Bu sözləri yazarkən Aysu göz yaşlarını saxlaya bilmədi…"Bu sözlərdə həm nisgil var, həm də qürur. Gənc jurnalist qızın, əslində görkəmli yazıçı və jurnalist Fazil Güneyli tarixə iz sala bilən ümidi və inamı həkk olunub bu sətirlərdə "Qara qan" trilogiyası bəşəri kədər və milli qürur haqqında romandır. Burada müharibənin viran qoyduğu ana təbiət, vəhşicəsinə dağıdılmış müqəddəs abidələrimiz və mədəniyyət mərkəzlərimiz, əsirlikdə olan qadın və qızlarımızın amansız işgəncələri, heç vəchlə xalq, millət və dövlət kimi adlara uyğun gəlməyən erməni adlanan iyrənc bir toplumun qəddarlığı və əxlaqsızlığı öz bədii fəlsəfi təcəssümünü tapıb.
Dünyanın görkəmli fikir adamı, böyük mütəfəkkür Fridrix Engels yazıb: "Erməni qul və kənizləri… habelə Hindistanın məbədlərində xidmət edən dini rəqqasələr ilk fahişələr olmuşlar".
Ermənilər kimliyi haqqında həqiqətləri özləri söyləmişlər. Erməni yazıçısı M.Nalbandyan yazır: "Mən ermənilərin sakin olduğu bir çox yeri gəzmişəm. Daima erməniyə məxsus bir şey duymağa çalışmışam. Təəssüf ki, bu arzum indiyə qədər yerinə yetməmişdir". Erməni tarixçisi B.İşxanyan "Qafqaz xalqları" kitabında yazır: "Qarabağın dağlıq hissəsində yaşayan ermənilər Türkiyə və İrandan gəlmiş qaçqınlardır. Azərbaycan torpağı onlar üçün təqiblərdən və təhdidlərdən sığınacaq yeri olmuşdur". Belə faktların sayını artırmaq olar, hər biri bu qənaətə gəlməyə imkan verəcək ki, ermənilər nankor, xəyanətkar, satqın, əxlaqsız və etibarsız bir toplumdur. "Qara qan" romanında müəllif onların bu antiinsani sifətlərə malik bir toplum kimi təqdim edir.
Bu roman bəşəriyyətə qəzəbli bir mesajdır: erməni diasporu adı ilə Amerikada, Rusiyada, Suriyada, Türkiyədə, İranda, Fransada xərçəng kimi yayılan bu terrorçu toplumun törədə biləcəyi antiinsani, antibəşəri cinayətlər barəsində Xocalı harayı timsalında bədii-fəlsəfi xəbərdarlıqdır. Ona görə də bu trilogiyanı dünyanın oxuya biləcəyi dillərə tərcümə etmək lazımdır.
"Qara qan"ın birinci kitabı çap olunanda mən onun təqdimatını aparmışam - məruzə etmişəm, "Sıyrılmış qəzəb" adlı məqalə yazıb müxtəlif qəzetlərdə çap etdirmişəm.
I kitab Toğrulun Hadruta Aysunu xilas etməyə getməsi ilə bitir. Lakin o, Aysunu əsir saxlanıldığı evdə tapa bilmir, məlumat alır ki, Xankəndinə təyinat alan rus polkovniki İvan Bulqanin Aysunu da özü ilə Xankəndinə aparıb. İkinci kitabın "Öc" adlanan birinci fəslində Xankəndi və Şuşada baş verən əhvalatlar, böyük siyasətçi Heydər Əliyevin yeni ordu yaratmasında cəbhədəki mövcud qələbələrimizdən bəhs edilir.
Üçüncü kitabda əsirlik əzablarından əsəbiləri korlanmış Aysunun ekiz övladları ilə Bakıya dönməsindən, Azərbaycanın öz torpaqlarına və tarixinə sahib çıxmasından, ermənilərin öz ölkələrini kütləvi şəkildə tərk edib mövcud rejimin əlindən qaçmasından, Azərbaycana da pənah gətirməsindən, Azərbaycanın iqtisadi, siyasi və diplomatiya sahəsində böyük nüfuz qazanmasından və nəhayət, aprel döyşülərindəki tarixi qələbəmizdən inadla və inamla, lirik-romantik üslubda söhbət açılır.
Bir daha qeyd edirik: "Qara qan" trilogiyası müasir tariximiz, yüksək mənəviyyatımız, qəhrəmanlığımız, vətən əxlaqımız haqında maraqlı faktlarla, başlıcası isə vətənə əsl oğul məhəbbəti, ziyalı qeyrəti ilə yazılmış romandır. Əlbəttə, romanda bəzi səhnələrin lüzumsuz təfərrüatlarla uzadılması, az əhəmiyyətli tarixə daxil olmayacaq olayların təsviri, tələskənlik və ötəriliklə bağlı yazıçı ilə mübahisə də etmək olar. Lakin Fazil Güney heç nəyi nəzərdən qaçırmamağa çalışıb, ümumən oxunaqlı bir epopeya yaradıb.
Mənim sevimli müəllimim, gözəl yazıçı və nəcib ziyalı Mir Cəlal hələ 1972-ci ildə birinci kursda oxuyarkən bizə deyirdi ki, "müasir tarixdən yazmaq qədim tarixdən yazmaqdan çətindir. Qədim tarixdən yazıb oxucunu asanlıqla "aldada" bilərsən, qardaş, amma müasir dövrü oxucu yaxşı bilir, onu bu mövzuda razı salmaq çətindir".
Həqiqətən də Qarabağ savaşının tarixi və taleyi haqqında hər bir qeyrətli azərbaycanlının öz təəssüratı, öz fikri, öz "romanı" var. Xüsusilə Qarabağdan, yurd-yuvalarından qaçqın-köçkün, didərgin düşmüş bir milyon vətəndaşımız hər gün, hər saat öz qəlbində özü-özünə qəmli bir hekayət, ümid və nisgil dolu nağıl pıçıldayır. Əlbəttə, bu oxucunu Qarabağın müasir tarixi barəsində qalın roman yazıb razı salmaq çox çətindir. Bu romanda həmişə nə isə çatmayacaq. Fazil Güneyin bir yazıçı kimi uğuru bununla bağlıdır ki, o bədii yolla hadisələrin doğruluğuna inam yarada bilir, süskün qədər səmimi olmağa çalışır.
Fazil Güneyin "Qara qan" trilogiyası müasir roman sənətimizdə, milli roman janrının tarixində əhəmiyyətli hadisədir. Bu da bir növ "Qarabağnamə"dir, müasir gəncliyin yaddaşına ünvanlanmış bədii Qarabağ tarixidir. Bu roman gənclərimizin xətalarını, düşüncə və arzularını, vətən sevgisi ilə bağlı müqəddəs duyğularını Qarabağa qaytaracaq, Aysu və Toğrulun sevgisi onlara ibrətli bir örnək olacaq.
İnanırıq ki, bu romanı oxuyan oğullarımız anamız Azərbaycanın sinəsinə çalın-çarpaz dağ kimi çəkilmiş cəbhə xətlərini ləğv edib bütöv Azərbaycana sahib çıxacaq.
Nizaməddin Şəmsizadə
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!