Ya gümüşümüzün dəyərini bilək, ya da qızılımıza sahib çıxaq
Hörmətli Cavanşir müəllim! "Ədəbiyyat qəzeti"nin sonuncu nömrəsinin (29 aprel 2017) 4-cü səhifəsində sizin 2016-cı ildə bir çox nəşrlərdə, qəzet və jurnallarda, həmçinin portallarda nəşr olunmuş poeziya nümunələrinə tənqidçi-ədəbiyyatşünas baxışınızı əks etdirən "Poeziya-2016" yazınızı oxudum.
Ədəbi-estetik baxışınıza, bədii zövqünüzə, tərəfsiz mövqeyinizə bu günədək oxuduğum yazılarınızda heç bir şübhəsi olmayan biri kimi bu yazınızda bölgələrə, bölgələrdən olan imzalara laqeyd münasibətiniz məndə təəssüf hissi doğurdu.
Yazınız müəyyən zaman kəsiyinin, yaxud müəyyən nəşr orqanının şərhi olsaydı, həmişəki kimi, oxuyar və növbəti səhifəyə keçərdim. Amma ölkənin ədəbi mənzərəsinin poeziya baxımından ümumiləşdirilmiş obrazının göz önünə sərildiyi bir məruzə mətni olması, məni vadar etdi ki, yazınızı oxuyub bitirəndən sonra yaranan suallara cavab almaq üçün sizə bu məktubu yazam.
Hörmətli Cavanşir müəllim! Doğrudanmı ədəbi proses sadəcə Bakı ilə məhdudlaşır? Yaxud doğrudanmı ədəbi mühit sadəcə mərkəzdə mövcuddur? Ya da belə: Bölgələrdə ədəbi proses formalaşmırmı? Yoxsa, ümumiyyətlə, bölgələrdə ədəbi imzalar yoxdur? Bu cür sualların ardı da ola bilər. Sadəcə olaraq bilmək istərdim ki, ədəbi-tənqidin vəzifəsi həm də ədəbi prosesə (mərkəz və ya bölgələrdən asılı olmayaraq) istiqamət vermək, onu təhlil etmək, kimin, hansı səviyyədə yazıb, ya da yaza bilmədiyini müəyyənləşdirmək olduğu halda, tənqidçi-ədəbiyyatşünaslarımız niyə sadəcə tənqidin müsbət cəhətləri göstərən tərəfinə meyillidirlər? Bu, həm də "az aşım, ağrımaz başım" məntiqi ilə məsələyə baxış nümayişi deyilmi?
Hörmətli Cavanşir müəllim! Hər il orta hesabla 3-5 məqaləni çıxmaq şərti ilə (o da olsun, hər məqalədə, bir və ya iki imza haqqında) bölgələrdə meydana gələn ədəbi əsərlər, yeni imzalar, lap elə kök salmış köhnə imzaların yeni əsərlərinə münasibət öyrənmək üçün nələr edilməlidir, ya da nələr çatışmır? Çox xahiş edirəm, məni yanlış anlamayın. Bu məktubu da sizə ittiham kimi qəbul etməyin. Tənqidi baxışına hörmət etdiyim, vicdan meyarına əməl edən biri kimi uzaqdan da olsa qəbul elədiyim Cavanşir Yusiflinin baxış bucağından görünmək, qələminə tuş gəlmək üçün "Ədəbiyyat qəzeti"ndə, "525-ci qəzet"də və ya digər mətbuat orqanlarında hansı səviyyədə görünmək lazımdır ki, heç olmasa sadalanan imzalar arasında, adımıza yer edə bilək?
Hörmətli Cavanşir müəllim! Qeyd etdiyim yazınızda, təxminən 70-ə yaxın şairin adını sadalamısız. Düzdü, onların bir neçəsi (!) bölgələri təmsil edən imzalardır. Həmin imzalar ki, yarım əsri geridə qoyublar. Yazınızda bütün şairlər, yaxud imzalar haqqında danışmağın mümkün olmadığını da qeyd eləmisiz: "2016-cı ilin poeziya mətnləri, şübhəsiz ki, bunlarla məhdudlaşmır, ancaq bir həqiqət də var ki, onların hamısından danışmaq, hətta adlarını tam sadalamaq belə imkan xarcindədir, ona görə də biz bu nümunələrin yaratdığı əsas tendensiyalar haqqında danışmaq istərdik". Amma etiraf edim ki, yazınızda ümumi tendensiyaları 3-4 imzanın timsalında (ki, hər birinə xüsusi hörmətim var) verməyiniz, 2016-cı il poeziyasına bir tənqidçi-ədəbiyyatşünas baxışından daha çox, bir savadlı oxucunun görmək istədiyi poeziyanın qlobusu təsiri bağışlayır.
Hörmətli Cavanşir müəllim! Bu yazımı, bölgədə yaşayan bir şairin mərkəzdəki bir tənqidçiyə məktubu kimi qəbul etməyinizi istəməzdim. Bu yazı Naxçıvanda, Şəkidə, Salyanda, Tovuzda, Lənkəranda və digər bölgələrimizdə yaşayan şairlərin Bakıdakı tənqidçilərə səmimi məktubu, "bizi də görün" çağırışıdır. Bu, "bizi də görün" üzüsululuq deyil. Heç "bizi də tərfiləyin də" deyil. Ədəbi-tənqidin yaradıcılığımıza münasibətini bilmək bizim də haqqımızdır. Az-çox ədəbi həyası olan biri kimi etiraf edirəm ki, yazdıqlarımızın çəkisini tənqid tərəzisində görmək pis olmazdı. Atalarımızın "söz gümüşsə, sükut qızıldır" düşüncəsindən yola çıxaraq demək istəyirəm ki, əgər tərəzinin üzərinə qalaqlanan şeirlərimiz pambıq görüntüsüdürsə, qələmi yerə qoyub, gümüşümüzü götürüb, özümüz də bir qırağa çəkilək. Yox, əgər qurğuşun, dəmir, lap belə qızıl görüntüsü olmasa da, qızıl ağırlığıyla tərəzinin gözünü əyə bilirsə qızılımızın (sözümüzün), dəyərini bilək.
Elxan YURDOĞLU
Naxçıvan
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!