Aprelin 17-də Milli Kitabxanada Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın 85 illik yubileyinə həsr olunmuş tədbir və Mədəniyyət Nazirliyinin nəşr etdiyi yazıçının çoxcildlik “Söz dünyası” kitabının təqdimatı keçirilib.
Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq Xalq yazıçısı Anarı Özbəkistan Respublikasının “Dostluq” ordeni ilə təltif olunması münasibətilə ürəkdən təbrik edib, ona möhkəm cansağlığı arzulayıb.
“Anar Türk dünyası ədəbiyyatının vizit kartıdır, bizim canlı klassikimizdir. Belə görüşlərin təşkili bizim üçün böyük fəxrdir. Anar, Elçin kimi sağlığında klassikləşən ədəbiyyat xadimlərimizi gənc nəsillərə daha yaxından tanıtdırmaq üçün belə görüşlərin təşkili çox vacibdir”, - deyə K.Tahirov bildirib.
Xalq yazıçısı Elçin bildirib ki, Anarın yaradıcılığını hamı çox yaxşı bilir. 1960-cı ildə Anarın hekayələri çap olunduğu vaxtdan etibarən ona böyük şöhrət gətirib. O, 85 yaşa çatsa da, öz yaradıcılığını daim uğurla inkişaf etdirir. Anarın 85 yaşı tamam olur. 85 rəqəminin fəlsəfi mənası var. Bir tərəfdən insanın surətindən xəbər verirsə, digər tərəfdən yaşanmış həyatı ifadə edir. Anar bu illəri şərəflə yaşayıb. Bu yaşda olsa da daima gənclik enerjisini özündə saxlayıb. Dostum Anara sağlıqlı uzun ömür arzulayıram.
AMEA-nın prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli qeyd edib ki, Xalq yazıçıları Anarın, Elçinin ədəbiyyatımızın inkişafında danılmaz rolu var. Onlar ədəbiyyatda ictimai fikirləri sadə dillə ifadə etməklə yeni dövr, yeni mərhələ yaradıblar. 60-cılar ictimai-siyasi ziddiyyətə qarşı münasibətlərini açıq şəkildə ifadə edən ədəbiyyat ideoloqlarıdırlar. Anarın “Nəsrin fəzası” əsərini 60-cı illər ədəbiyyatının manifesti hesab etmək olar. Anarın professionallığı ilə novatorluğu bir-birini tamamlayır. İ.Həbibbəyli bildirdi ki, Anarın dram əsərləri də çox fərqlidir. Onu ssenarist-dramaturq hesab edə bilərik.
Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli qeyd edib ki, Anar kimi canlı klassiklərimizin qarşısında ancaq öz müasirləri söz deyə bilər. Anar hər yaşın yazıçısıdır. Mədəniyyət Nazirliyi daima Anarın yaradıcılığını diqqətdə saxlayır. Anarın çoxcildlik “Söz dünyası” kitabının Mədəniyyət Nazirliyinin dəstəyi ilə nəşr edilməsini də bu münasibətin parlaq ifadəsi hesab etmək olar.
Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı çıxışı zamanı qeyd edib ki, Anar haqqında yazdığı məqalələrdə onun ədəbiyyatda olan mövqeyini açmağa çalışmışdır. “Söz dünyası” kitabında Anar öz yaradıcılıq dostları haqqında sözünü ədalətlə ifadə edib. Bu kitab əslində Azərbaycan ədəbiyyatının söz dünyasıdır. Anar həm də çox yaxşı filosof, ədəbiyyatşünasdır, bu böyük istedadın, zəhmətin göstəricisidir.
Sonda S.Rüstəmxanlı Anar haqqında yazdığı şeiri qonaqların nəzərinə çatdırıb.
Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov bildirib ki, Anar ziyalı, intellektual yazıçıdır. O, xalqın milli-mənəvi dəyərlərini ədəbiyyatda müəyyənləşdirib. Anar həm də ictimai xadimdir. 80-ci illərin sonu 90-cı illərin əvvəllərində bir sıra üzdəniraq “yazıçılar” Yazıçılar İttifaqını dağıtmaq istəyirdilər, o zaman Anar bütün imkanlarından, nüfuzundan istifadə edərək bu təşkilatı qoruyub saxladı.
Yazıçılar Birliyinin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev 35 ildir Anarla bir yerdə çalışmasından məmnunluğunu ifadə edib, ona cansağlığı arzulayıb.
Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev Anarın ictimai-ədəbi fəaliyyətini 35 ildir izlədiyini söyləyib: “O, həmişə məclislərin arzuolunan qonağı olub, Anarın ictimaiyyət arasında böyük hörməti var və onun yaradıcılığı çoxşaxəlidir. Anar beynəlxalq aləmə çıxan bir yazıçımızdır. Böyük ədəbiyyatşünas, ssenarist, rejissor və folklorşünasdır. Onun yaradıcılığı heç vaxt tənqid olunmayıb. 60-cılar arasında iki zirvə var: Anar zirvəsi və Elçin zirvəsi”.
Xalq şairi Ramiz Rövşən Anarın 1967-ci ildə çap olunan “Ağ liman” kitabının o zamanların ən oxunaqlı kitabı olduğunu söyləyib: “Həmin əsər 60-cı illərin simvolu olan bir əsərdir. Anar əsri-əsrə, nəsli-nəslə calayan, ədəbiyyat üçün çox işlər görən yazıçıdır, bizim milli yaddaşımızın ən böyük bərpaçılarındandır”.
Daha sonra Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “Xalq yazıçısı Anar” adlı Elektron məlumat bazası qonaqların diqqətinə çatdırılıb.
Sonda Xalq yazıçısı Anar çıxış edərək Milli Kitabxananın rəhbərliyinə və çıxış edən hər kəsə dərin təşəkkürünü bildirib: “Biz əgər bu yaşa çatmışıqsa, deməli bizim müəyyən bir missiyamız var. Biz dünyadan köçən dostlarımızın da yaradıçılığını yaşatmalıyıq və nə qədər ömrüm varsa bu işi görməyə çalışacağam”.
Anar çıxışı zamanı Ümummilli Lider Heydər Əliyevin onun yaradıcılığına göstərdiyi diqqət və qayğını da iştirakçıların diqqətinə çatdıraraq yubileyi ərəfəsində Ulu Öndərə Tanrıdan rəhmət dilədiyini bildirib.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!