Türkiyənin tanınmış uşaq yazıçısı Suat Turqutun ssenari müəllifi olduğu “Yaxşılıq ağacı” hekayələri və onların əsasında hazırlanmış cizgi filmləri Azərbaycan dilində məktəblilərə təqdim edilib.
Milli-mənəvli dəyərlərin təbliğinə həsr edilmiş bu hekayələrin bir qismi, əslində, illərlə hamımızın əzbər bildiyi klassik təmsil və hekayələr əsasında yazılsa da, tamamilə dekonstruksiya edilərək insanlıq üçün vacib dəyərlərin aşılanmasına, gənc nəslin sevgi, hörmət, ədalət, xoşbəxtlik, dürüstlük, bütövlük, özünəinam kimi vacib dəyərlərlə formalaşmasına xidmət edir.
“Qarğa və tülkü” təmsilini hamımız yaxşı bilirik. Qarğanı aldadaraq pendiri əlindən alan tülkü orijinal mətndə əsərin qəhrəmanı kimi təqdim edilir. “Olmasa idi cahanda sarsaqlar, ac qalardı, yəqin ki, yaltaqlar” – deyib qarğanı həm aldadır, həm alçaldır. Amma müəllifin yenidən həyat verdiyi hekayədə əsərin sonu dəyişdirilərək tülkü qarğa tərəfindən tənbeh edilir, etdiyi hərəkətin yaxşı olmadığı vurğulanır, çünki tülkü kimilər çox olsa, heç kim heç kimə yaxşılıq etməz, kimsəyə inam qalmaz – bu isə insanlığı faciəyə aparar. Tülkü etdiyi səhvi anlayır və pendiri qarğaya qaytarır, bunun müqabilində qarğa da öz pendirini tülkü ilə bölüşür və onlar dost olurlar. Bu hekayədə dürüstlük uşaqlara önəmli duyğu kimi təqdim edilir.
Cəmiyyətimizin, yetişməkdə olan gəncliyin bu cür dəyərlərə ciddi şəkildə ehtiyacı var. Çünki kapitalizmin acı gerçəkliyi insanları həyat yarışında bir-birini hər addımda aldatmasına, əzməsinə sürükləyir.
Digər tərəfdən etiraf edək ki, uşaqlar üçün Azərbaycan dilində cizgi filmlərimiz yox dərəcəsindədir – onlar başqa dillərdə, mənşəyi bəlli olmayan ideologiyalarla hazırlanmış internet resursları ilə böyüyürlərt. Onun üçün də Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant Müsabiqəsi əsasında Xırdalan şəhər 7 nömrəli tam orta məktəbin Azərbaycan dili müəllimi Zülfiyyə Sadıqovanın rəhbərliyi ilə 9 hekayə və cizgi filmi Azərbaycan dilinə uyğunlaşdırılıb, məktəbin 200-ə yaxın 5-ci sinif şagirdi ilə 6 ay müddətində işlənib. Layihə əsasında şagirdlər hekayələri oxuyub, filmlərə baxıb, müzakirələr aparıb, dəyərlərin əhəmiyyətini bir daha dərindən dərk ediblər.
Layihənin yekununda şagirdlər hekayələrin və ssenarilərin müəllifi tanınmış uşaq yazıçısı Suat Turqutla görüşüb, onlara hədiyyə edilmiş kitablarını imzaladıb, müzakirələr aparıblar.
Aprelin 15-də “Yaxşılıq ağacı” layihəsinin bağlanış mərasimi keçirilib. Kitablar, cizgi filmləri, şagirdlərin bu altı ay müddətində əldə etdikləri bilik və bacarıqları təhsil ictimaiyyətinə təqdim edilib.
Elm və Təhsil Nazirliyinin ayırdığı qrant əsasında həyata keçirilən bu layihəyə Mənəvi Dəyərlərin Təbliği Fondu və “Mədəniyyət” telekanalı da öz dəstəyini əsirgəməyib. Fondun dəstəyi ilə nəşr edilən Şəmil Sadiqin müəllifi olduğu 200 ədəd “Dəyərlər” kitab dəsti şagirdlərə hədiyyə edilib, Azərbaycan dilinə tərcümə edilən filmlər “Mədəniyyət” TV-nin efirində nümayiş olunub.
Bağlanış mərasimində Zülfiyyə Sadıqova müəllifi olduğu layihə haqqında hesabat verib, şagirdlərlə birgə hazırladığı səhnəciyi, kiçik interaktiv dərsi təqdim edib. Yaradılan şəraitlə bağlı Elm və Təhsil Nazirliyinə təşəkkür edən layihə müəllifi gələcəkdə də bu cür müsabiqələrin müəllim və şagirdlərin inkişafında mühüm rol oynayacağına əmin olduğunu vurğulayıb.
Cizgi-romanların müəllifi Suat Turqut, Milli Dəyərlərin Təbliği Fondunun rəhbəri Mehman İsmayılov, Xızı-Abşeron Regional Təhsil Şöbəsinin müdiri Rahim Novruzov və şöbənin digər əməkdaşları, Hədəf Şirkət Qrupunun baş direktoru Şəmil Sadiq, Abşeron rayon 7 nömrəli tam orta məktəbin direktoru Yeganə Paşayeva, məktəbin layihədə fəal iştirak etmiş şagird və müəllim heyəti, eləcə də valideynlər, “Hədəf” kurslarının icraçı direktoru Səftər Əlisəfa, Masazır şəhər 5 nömrəli tam orta məktəbin direktoru Səlim Məmmədov və digər qonaqlar tədbirin sonunda çıxış edərək layihənin önəmi, gələcək nəslə faydası və s. haqqında fikirlərini bölüşüblər.
Layihəyə dəstək verən özəl qurumlar – “XAN Nəşriyyatı”, “Hədəf Nəşrləri”, “Sinkod” dağıtım və yayım şirkəti tərəfindən şagirdlərə müxtəlif kitablar, məktəb ləvazimatları hədiyyə olunub.
Səbinə ABDULLA
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!