İstanbulun KETEBE Yayınevi nəşriyyatı Azərbaycan yazıçısı Kamran Nəzirlinin “Gecə Yaman Uzundur” hekayələr toplusunu nəfis şəkildə çapdan buraxıb. Hekayələri türk dilinə uyğunlaşdıran İstanbulda çıxan “Türk Ədəbiyyatı” juranılının Baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin Türkiyədəki təmsilçisi, yazıçı İmdat Avşardır.
“Gecə Yaman Uzundur” hekayələr toplusu Azərbaycan yazıçısının Türkiyədə çıxan sayca ikinci kitabıdır. Kitabda yer alan hekayələr arasında yazıçının son illər qələmə aldığı “Qara Nöqtə”, “Ölmək İstəməyən Adam”, “Mənim Sevimli Yaddaşım”, “Yarpaqlar Töküləndə”, “İkinci Nəfəs”, “Qaranlıq Oğruları”, “Şopenin Sonatası”, “Ana, Məni Öldürmə” və s. novellaları da vardır. Kitab onlayn satışa da qoyulub.
Qeyd edək ki, KETEBE Nəşriyyat Evi Türkiyənin ciddi və aparıcı yayınevlərindən biridir. Nəşriyyatın son iki ildəki kataloqundan bəlli olur ki, onun nəşr etdiyi kitablar arasında dünyanın bir çox görkəmli yazıçı və şairlərinin, o cümlədən Herman Melvil, Federiko Lorka, Tolstoy, Çingiz Aytmatov, Eliot, Ceyms Coys, Oskar Vayld, Fenimer Kuper, Edqar Alan Po, Mark Tven, Nazim Hikmət, Ceyn Ostin, Tomas Hardi, Andrey Platonov, Maksim Qorki, Artur Rimbaud, İvo Andriç, Mehmet Akif Ersoy, Robert Berns, Şarlotte Bronte, Puşkin, Norman Stoun, Aykut Ərtoğrul, Necip Tosun, Zoran Zivkoviç, Vilyam Balvin və onlarca klassik və müasir müəlliflərin əsərləri də vardır.
Azərbaycan yazıçısının kitabı kütləvi tirajla nəşr edilib və türk dünyası oxucuları üçün nəzərdə tutulub.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!