Beynəlxalq “Alaş” Ədəbiyyat Mükafatı laureatı Əkbər Qoşalının yaradıcılıq gecəsi keçirilib - FOTOLAR

 

Beynəlxalq “Alaş” Ədəbiyyat Mükafatı laureatı, Azərbaycan Yazıçılar Birliyinin idarə heyətinin üzvü, Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) Məsləhət Şurasının başqanı, Milli Məclisin Mədəniyyət komitəsinin eksperti, tanınmış şair-publisist Əkbər Qoşalının 50 illik yubileyinə həsr olunmuş yaradıcılıq gecəsi keçirilib.

Beynəlxalq Muğam Mərkəzində təşkil olunmuş tədbirin ssenari müəllifi və aparıcısı, İTV-nin “Ozan məclisi” proqramının aparıcısı Qorxmaz Tofiqoğlu, rejissoru Faiq Nağı, bədii rəhbəri Fərahim Sadiq olub.

Əvvəlcə şəhidlərimizin və qardaş Türkiyədə fevral ayında baş vermiş dəhşətli zəlzələdə həyatını itirmiş insanların xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Yaradıcılıq gecəsi qədim ozan-aşıq gələnəyinə və epos təfəkkürünə uyğun olaraq yubilyarın “Divani”si ilə başlayıb. “Divani”ni Tovuz aşıq məktəbinin parlaq yeni nəsil nümayəndələri Elməddin Məmmədli və Şəhriyar Qaraxanlı ifa ediblər.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevaya Türk dünyasından gəlmiş mötəbər qonaqları və bütün tədbir iştirakçılarını salamlayaraq yubilyarın yaradıcılığı haqqında ürək sözlərini bölüşüb.

“Beynəlxalq “Alaş” Ədəbiyyat Mükafatı və bir sıra digər mükafatların laureatı olan Əkbər Qoşalının ədəbi yaradıcılığı və ictimai fəaliyyəti qoşa qanad kimi bir-birini tamamlamaqda, necə deyərlər, tarazlıq yaratmaqdadır. Tarazlıq dedikdə ilk növbədə nəyi nəzərdə tuturam? – Söhbət fiziki parametrlərdən deyil, ideyadan, ideyalı ədəbiyyatdan gedir, əlbəttə. Əlbəttə, ədəbiyyat başda olmaqla, ümumən hər bir yaradıcılıq aktı ideyaya əsaslanmasa, ideyalı olmasa, yaşarlı ola bilməz. Əkbər Qoşalının şeirləri, poemaları, hekayələri ilə, esseləri, məqalələri, müsahibələri ilə tanışlıq onu 90-cılar ədəbi nəsli içində ideyalı ədəbiyyatın ən əsas təmsilçilərindən biri, bir sıra göstəricilərə görə birincisi kimi səciyyələndirməyə əsas verir. Əkbər Qoşalının irihəcmli əsərlərinin – “Dərvişin nağılı”, “Çobanbayatı” poemalarının və “Türk dünyasında ədəbiyyat... Ədəbiyyatda Türk dünyası” məruzələrinin bu baxımdan daha təsirli olduğunu düşünürəm. Təsadüfi deyil ki, adı keçən mövzuda məruzələr Azərbaycan Yazıçılarının son iki Qurultayında məhz ona etibar edilib və o da bu etibarı yüksək səviyyədə doğruldub. Xalq yazıçısı, AYB sədri Anarın Əkbər Qoşalının məruzəsini model məruzə adlandırması, məruzələr haqqında çoxsaylı təqdiredici rəylərin meydana çıxması, habelə ciddi alimlərin elmi əsərlərində həmin məruzəyə istinad olunması da dediklərimizi təsdiq edir. Dəyərli qələm adamını 50 illik yubileyi münasibətilə təbrik edir, ona yeni yaradıcılıq uğurları diləyirəm”,-deyə Qənirə Paşayevaya bildirib.

Komitə sədri yubilyara xatirə hədiyyəsi bağışlayıb.

Yaradıcılıq gecəsində Qazaxıstan Prezidentinin müşaviri Malik Otorbayev, Tatarıstan Dövlət Şurasının deputatı, Xalq şairi, Tatarıstan Yazıçılar Birliyinin rəhbəri, Dövlət mükafatı laureatı Rkail Zəydulla, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu, Qırğız Milli Yazıçılar Birliyinin rəhbəri, Əməkdar mədəniyyət xadimi Nurlan Kalıbekov, “TRT Türkmənistan Masası”nın rəhbəri, tanınmış jurnalist, ictimai xadim Murat Toylu, İraq Türkmanlarının tanınmış nümayəndəsi, “Kərkük Mədəniyyət Mərkəzinin rəhbəri, şair-publisist, jurnalist, ictimai xadim Şəmsəddin Kuzəçi, Çuvaşıstanın Əməkdar incəsənət xadimi, Çuvaş Peşəkar Yazıçılar Birliyinin təmsilçisi şair-publisist Marina Karyagina, Qazaxıstandan – ABAY TV-nin prodüseri, şair-tərcüməçi Tanagöz Tolkınqızı, Ekibastuz şəhərinin “Otarka” qəzetinin redaktoru, şair Janargül Kadırova, Qazaxıstan Yazıçılar Birliyinin üzvü, teleaparıcı Janayım Auğanbaykızı, “Egemen Qazaxıstan” qəzetinin “Ədəbiyyat və incəsənət” şöbəsinin əməkdaşı, istedadlı gənc şair Batırxan Sersenxan, habelə Saxa-Yakutiya Dövlət Məclisinin (İl-Tümən) deputatı, Yakutsk şəhərinin Fəxri vətəndaşı, “Saxa-Yakutiya Azərbaycan diasporu” regional ictimai təşkilatının başqanı, tanınmış ictimai-siyasi xadim Əliş Məmmədov, “Arxangelsk vilayətinin Azərbaycan diasporu" regional ictimai təşkilatının rəhbəri, ictimai xadim Tərlan Qasımov, “Çuvaşıstan-Azərbaycan Dostluq Cəmiyyəti”nin rəhbəri Aqil Əliyev, DGTYB başqanı İntiqam Yaşar, “Dədə Ələsgər ocağı” İctimai Birliyinin başqanı Xətai Ələsgər, “Türk Dünyası Ağsaqqalları” İB təmsilçisi, “Turan” akademiyasının akademiki Sabir Tağıyev, 34 saylı tam orta məktəbin direktoru Nəcibə Axundova, türkoloq, tanınmış yazar, telejurnalist Aida Eyvazlı Göytürk, tanınmış şair Elşən Əzim, rəssamlar – Minayə Feyzullayeva, Natiq Nəcəfzadə və başqaları çıxış edərək Əkbər Qoşalını təbrik edib, təmsil etdikləri ölkə və qurumların adından onu təltif ediblər, habelə öz əl işlərini təqdim ediblər.

O cümlədən M.Otorbayev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin təbrik məktubunu və təltiflərini, R.Zəydulla Tatarıstan Dövlət Şurasının başqanı Fərid Möhəmmətşinin Təşəkkürnaməsini və Dövlət Şurasının nişanını yubilyara təqdim edib.

Gecə bədii proqramla davam edib.

Sonda yubilyar çıxış edərək, ürək sözlərini bölüşüb, təşkilatçılara, çıxışçılara öz təşəkkürülərini bildirib.

Gecənin sonunda rejissor Faiq Nağının quruluşunda minitamaşa nümayiş olunub.

Yubiley gecəsində yubilyarın “Seçilmiş əsərləri”nin I cildi oxuculara təqdim olunub. Naşiri Səbuhi Şahmursoy olan kitabın təqdim yazısı Q.Paşayevaya, “Ön söz”ü Vaqif Yusifliyə aiddir. “Hədəf Nəşrləri”ndə nəfis şəkildə nəşr olunan kitabın redaktorları Şəmil Sadiq, İntiqam Yaşar, illüstrasiyaların müəllifi Xalq rəssamı Arif Hüseynovdur.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!