Azərbaycan yazıçısının kitabı Hans Kristian Andersen mükafatına layiq görülüb - FOTOLAR

 

Beynəlxalq Uşaq Kitabı Şurası (IBBY) X.K.Andersen mükafatını 1956-cı ildə təsis edib. Bu mükafat ədəbiyyat sahəsində çalışan müəllif və rəssamlar üçün ən nüfuzlu beynəlxalq mükafat olub. “Uşaq” müəllifləri üçün bu mükafat ən nüfuzlu beynəlxalq mükafatdır, o, çox vaxt “Kiçik Nobel mükafatı” adlandırılır. Mükafat yalnız hazırda həyatda olan yazıçılara və rəssamlara verilir.

Solmaz Amanova bildirib ki, mükafata namizədlər Beynəlxalq Uşaq Kitabı Şurasının milli bölmələri tərəfindən irəli sürülür. Azərbaycanda mükafata namizədlər F.Köçərli adına Respublika uşaq kitabxanası tərəfindən irəli sürülür. Qaliblər bir qayda olaraq Bolonyada Beynəlxalq uşaq ədəbiyyatı yarmarkasında IBBY-nin mətbuat konfransında elan olunur.

Ənənəvi olaraq qızıl medallar IBBY-nin milli bölmələri olduğu ölkələrdən birində iki ildən bir keçirilən Ümumdünya IBBY Konqresləri günlərində təqdim olunur. IBBY-nin qərarı ilə aprelin 2-si, X.K.Andersenin doğum günü, 1967-ci ildən bütün dünyada fəal şəkildə qeyd olunan Beynəlxalq Uşaq Kitabı Günü elan olunub. Hər il IBBY-nin milli bölmələrindın biri Beynəlxalq Uşaq Kitabı Gününun təşkilatçısı olur.

2022-ci il sentyabrın 5-dən 8-dək Putradjaya şəhərində 38-ci Ümumdünya Beynəlxalq Uşaq Kitabı Şurasının konqresi (IBBY) keçirilib. Konqresin əsas təşkilatçısı kimi IBBY-nin Malayziya Milli Bölməsi çıxış edib.

Konqresin proqramı çərçivəsində sentyabrın 6-da Şuranın milli bölmələri tərəfindən irəli sürülmüş qaliblərin təqdimatı və IBBY Fəxri Siyahısının diplomlarının təqdimatı olub.

Mükafatın laureatları arasında uşaq yazıçısı, professor, “İrs” Nağıllar evinin rəhbəri, “Everest” Nəşriyyat evinin baş redaktoru Solmaz Amanovanın “Qoçaq ayı balası və onun dostları” kitabı da yer alıb (illüstrator İsgəndər Məmmədov). Kitab “Everest” Nəşriyyat evi tərəfindən nəşrə hazırlanıb. Nağılda həm uşaqların, həm də intellektual ayı balası oyuncağının hissləri əks olunur. “Qoçaq ayı balası və onun dostları” uşaqlara xalqının irsi və ənənələrinə məhəbbət və xeyirxahlıq, hörmət hisslərini aşılayır. Bütün bunlar barədə siz “Qoçaq ayı balası və onun dostları” kitabçasını oxuyub öyrənə bilərsiniz. Bu kitab bütün məktəb kitabxanalarında Azərbaycan və ingilis dillərində vardır. 2022-ci ilin Fəxri Siyahısına 53 ölkədən 47 müxtəlif dildə 163 nominasiya daxildir. 2022-ci ilin Siyahısı üçün “Müəllif” kateqoriyasında – 63, “İllüstrasiya” kateqoriyasında - 52 və “Naşir” kateqoriyasında - 48 iş seçilib. Azərbaycan hər üç kateqoriya üzrə Fəxri diplomlar alıb.

Diplomlar və kataloq Azərbaycan Milli Kitabxanasında Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Maarifli və Milli Kitabxanasının direktoru Kərim Tahirov tərəfindən qaliblərə təqdim olunub.

 

azertag.az


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!