M.Ə.Möcüz Şəbüstəri - Almaz Əliqızı

Qüdrətli Azərbaycan satirasının nəhənglərindən biri olan, xüsusilə satiranın cənub qolunun inkişafında və yüksəlişində mühüm xidmətlər göstərmiş, zaman-zaman ədəbi tənqidin maraq dairəsində yaradıcılığı daim aktuallıq kəsb edən sənətkarlardan biri də M.Ə.Möcüz Şəbüstəridir. Azərbaycan, Yaxın və Orta Şərq ədəbiyyatının mütərəqqi ənənələri əsasında yetişib formalaşan, ədəbiyyata, xüsusilə satiraya  yeni estetik keyfiyyətlər bəxş edən Möcüz həm dövrünün müasir fikirlərini poeziyaya cəsarətlə gətirməyi bacarmış, həmçinin Cənubi Azərbaycanda tənqidi realist satiranın yaranmasında da mühüm rol oynamış bir sənətkardır. Onun ümdə cəhətlərindən biri ondadır ki, Möcüz ədəbiyyat aləminə gəlməsilə satirada ictimai və sosial hadisələrə maraq artmağa başlayır. Digərlərindən fərqli olaraq o, yaradıcılığı dövründə xalqın bəsirət gözünü açmaq üçün əlindən gələni etdi, satiraları ilə xalqı şahlıq idarəsinə, ölkədə hökm sürən rejimə, ölkəni yarımmüstəmləkəyə çevirən Avropa "işğalçılarına" qarşı mübarizəyə səslədi. Məhz onun ardıcıl ədəbi fəaliyyəti ölkədə istibdadın dayaqlarını sarsıtdı, İranda və Güney Azərbaycanda azadlıq və demokratik fikirlərin yaranmasına güclü təsir göstərə bildi. O, XIX əsrin ikinci yarısından başlayaraq İranda və Cənubi Azərbaycanda formalaşan maarifçi tənqidi realizmdən bəhrələnərək sələfləri kimi hakim rejimin xalqa qarşı çevrilmiş siyasətini satiralarında ifşa etməklə, yaşadığı dövrün ziddiyyət və istibdadın  dayaqlarının tənqidini verməklə azadlıq və demokratiyanın inkişafına yol açdı. M.Ə.Möcüz Mirzə Cəlilin, M.Ə.Sabirin ləyaqətli davamçısı kimi çıxış edərək onların Şimali Azərbaycanda gördükləri işi o, vətənin cənubunda ləyaqətlə həyata keçirir, Cənubi Azərbaycanda başqalarından fərqli olaraq poeziyaya qlobal siyasi mövzular gətirirdi. Filologiya elmləri namizədi F.Xəlilov yazır: "70-ci illərədək aparılan bu tədqiqatlar Möcüzün yaradıcılıq yolunu sistemli şəkildə öyrənmək üçün uğurlu başlanğıc olsa da, bu iş sonralar davam etdirilməmiş, son 20 il ərzində bir durğunluq əmələ gəlmişdir." Bu böyük sənətkarın yaradıcılığı haqqında "XX əsr Cənubi Azərbaycan satirasının inkişafında M.Ə.Möcüzün rolu" adlı fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın müəllifi Sakibə İsmayıl qızı Ələsgərova isə adını çəkdiyimiz dissertasiyanın avtoreferatında qeyd edir ki, M.Ə.Möcüz yaradıcılığının tədqiqinə XX əsrin 40-cı illərində, əsərlərinin jurnalist-tədqiqatçı Qulam Məmmədli tərəfindən Təbrizdə ərəb, Bakıda kiril əlifbası ilə nəşrindən sonra başlanmışdır. Lakin M.Ə.Möcüz irsinin tədqiqi həmişə ardıcıl və məhsuldar olmamışdır. Bir mülahizəni eyni ilə F.Xəlilovun "M.Ə.Möcüzün yaradıcılıq yolu" (1982) mövzusunda namizədlik dissertasiyasının müdafiəsindən sonra 20 ilə də aid etmək olar. Dövri mətbuatda dərc olunmuş 1-2 məqalə (Məsələn, professor T.Əhmədovun "Gələcəyə inanan şair" və M.Niqabinin "İlahi, ildırım göndər" (ədəbi oçerk), K.Məmmədovun "XX əsr Azərbaycan gülüşü", milli satiranın inkişafı kontekstindən təhlillər (T.Novruzov "Sabir ədəbi məktəbi") və s. istisna edilərsə, demək olar ki, bu sahədə ciddi və konkret bir iş görülməmişdir. Bu baxımdan düşünürük ki, 20 ildəki boşluğu qismən doldura bilən Sakibə İsmayıl qızının "Azərbaycan satirasının inkişafında M.Ə.Möcüzün rolu" adlı dissertasiyası diqqəti cəlb edir. Doğrudur, M.Ə.Möcüz haqqında kifayət qədər məqalələr, elmi işlər, oçerklər, nəhayət, dissertasiyalar yazılmışdır. Bu əsərlərin hər biri M.Ə.Möcüz kimi sənətkarın yaradıcılığının müəyyən istiqamətini əks etdirir. M.Ə.Möcüzü isə istər Güney, istərsə də Quzey Azərbaycan ədəbiyyatında daha çox tanıtdıran, ona ədəbiyyatımız tarixində özünəməxsus şərəfli yerlərdən birini tutmasına səbəb şübhəsiz ki, satiralarıdır. Bir də diqqəti çəkən məqam odur ki, böyük M.Ə.Sabirin, bənzərsiz C.Məmmədquluzadənin yorulmaz davamçısı, onların tutduqları dönməz yolu tutan M.Ə.Möcüz Şəbüstəri onların vətənin şimalında gördükləri işi o vətənin cənubunda görürdü. XX əsr İranda və Cənubi Azərbaycanda baş verən siyasi, iqtisadi və xüsusilə Azərbaycan xalqının taleyüklü məsələlərini poeziyanın işığında qələmə alan böyük sənətkar həm tarixi məsələləri, həm də bu tarixin xalqın həyatında oynadığı bütün hadisələri satiranın dili və köməyi ilə gündəmə gətirməyi bacarırdı. Tarixi mövzuya müraciət etmək tarixi təhrif etmək üçün deyil, əksinə, tarixə işıq salmaq, lazımi an və məqamları poeziyanın dili ilə tarixiləşdirmək olduğunu dərk edən böyük sənətkar təsadüfi deyildi ki, tənqidi realizm yolunu tutaraq xalqın acınacaqlı vəziyyətə düşməsinin, ölkənin xarici imperializmin əlində çapaladığının əsas səbəblərinin şahlıq rejimi olduğunu cəsarət, böyük vətənpərvərlik və təəssübkeşliklə qələmə alaraq xalqı oyatmağa, dostla-düşməni bir-birindən ayırmağa səsləyirdi. Onu da qeyd edək ki, onun səsi ölkədə, xüsusilə xalq arasında lazımınca eşidilirdi.

Cənubi Azərbaycanın Şəbüstər şəhərində anadan olan Möcüz 16 yaşında maddi imkansızlıq ucbatından ölkəni tərk etmək qərarına gəlir. 16 il İstanbulda yaşamalı olur. İctimai-siyasi proseslərin mərkəzinə düşən, Türkiyənin vəziyyətinin də bir o qədər ürək açan olmadığı qənaətinə gələn gəncdə ümumiyyətlə həm şahlıq, həm də sultanlıq rejiminə qarşı ikrah hissi yaranır. Bu çətinliklərə baxmayaraq, İstanbul mühiti ona müsbət təsir edir, bu mühitin ədəbi ictimaiyyətilə olan təmas onun dünyagörüşündə, həm də yaradıcılığında mühüm dönüş yaradır.

Vətəndə - Güney Azərbaycanda və bütünlükdə İranda baş qaldırmış xalq hərəkatı, insanların öz hüquqları uğrunda mübarizəyə qalxması onu vətənə dönməyə sövq edir. Şairin vətənə dönməsi onun inqilabi hərəkatın təsirilə dərc olunan bir sıra mütərəqqi mətbuat orqanları ilə əməkdaşlığı bir daha göstərir ki, M.Ə.Möcüz Şəbüstəriyə həmin illərdə İranda artıq məşhurlaşan "Molla Nəsrəddin" dərgisinin də böyük təsiri olur. Məhz həmin illərdə çıxan mütərəqqi mətbuat orqanları ilə əməkdaşlığı və çap olunan şeir və felyetonlarında ifadə olunan güclü satira onun molla nəsrəddinçilərlə birləşdiyini və bu məktəbin qüdrətli nümayəndəsi olduğunu bir daha göstərir.

Məlumdur ki, istər Quzeydə, istərsə də Güneydə XIX əsrin sonları, XX əsrin əvvəlləri müxtəlif ictimai-siyasi fikirlərin və ziddiyyətlərin mövcud olduğu bir dövr kimi xarakterizə olunur. Məhz bu ziddiyyətlərin içərisindən sağlam düşüncə, qüdrətli yaradıcılıqla çıxan Şəbüstəriyə təbii ki, "Molla Nəsrəddin" və mollanəsrəddinçilərin böyük təsiri olmuşdur. Bu təsirin nəticəsi idi ki, "Payidar olsun cahan içrə demokrat firqəsi" deməklə özünün tutduğu yolu bütün millətə elan etmiş oldu. O, bütün yaradıcılığı boyu, əzilən, haqqı tapdanan insanların haqq və hüquqları uğrunda əzmlə mübarizə apardı.

Səttarxan hərəkatına qədərki dövrün ədəbiyyatı daha çox maarifçilik xarakterli, cəmiyyətdə əsaslı islahatların aparılmasına çağırışlar diqqətdə olmuşdu. Səttarxan hərəkatının baş verməsilə əlaqədar olaraq insanların istək və arzuları yeniləşdiyi kimi, ədəbiyyat da dövrün tələbinə uyğun dəyişməyə başlayır. Ədəbiyyat maarifçilikdən birdən-birə inqilabi satiraya üz tutaraq M.Möcüzün sayəsində özünün pik zirvəsinə çatır. Qeyd edək ki, XX əsrin I yarısından başlayaraq Şimali Azərbaycandan olan ilk mühacirlərin də İrana gəlməsi, burada siyasi proseslərə təkan verir. İrana ilk dəfə olaraq modern Avropa qəzet formasını gətirən də həmin illərdə İrana mühacirət etməyə məcbur olan M.Ə.Rəsulzadə olmuşdur. Bunu sonralar İranın tanınmış ziyalıları olan Hüseynqulu Nəvvab, Süleyman Mirzə, Seyid Həsən Tağızadə və digər demokratik görüşlü ziyalılar da öz çıxış və yazılarında dəfələrlə qeyd etmişlər. Çünki bu qəzetlərin səhifələrində böyük mütəfəkkirlərin siyasi-publisistik yazılarıyla bərabər ədəbi-kulturoloji məqalələri, şeir və tərcümələri də geniş yer alırdı.

Cənubi Azərbaycan ədəbiyyatına dərindən bələd olan akademik M.İbrahimovun XX əsrin I yarısı Cənubi Azərbaycan şeirinin istiqaməti haqqında söylədikləri dediklərimizi bir daha təsdiqləyir. Belə ki, hörmətli alimimiz qeyd edir ki, ilk yerdə - demokratikləşmə, azadlıq, ictimai quruluşun kökündən dəyişdirilməsinə çağırış edən şairlər dururdusa, bir qism şairlər onlardan fərqli olaraq açıq inqilabi fikirlər təbliğ etmir, lakin cəmiyyətdə islahatların aparılmasının vacibliyini dərk edirdilər. Bir qism şairlər də ənənəvi səpkidə şeirlər yazaraq insanları paklığa, təmiz əməllərə səsləyən, lirik şeirlər yazırdılar. Bu mənada böyük alimimizin fikirlərindən nəticə çıxararaq belə qənaətə gəlirik ki, M.Ə.Möcüz birinci qismə məxsus şair olaraq Cənubi Azərbaycan satirasının inkişafında müstəsna yaradıcılığa malik bir sənətkar olmuşdur. Çünki o, elə sənətkarlardan idi ki, nə istibdadın zülmündən, nə də şahlıq üsul-idarəsindən qorxmayaraq cəmiyyətin bütün eybəcərliklərini, daxilində baş qaldıran etirazını şeirə çevirərək həmvətənlərinin gözlərini açır, onları açıq-aşkar mübarizəyə səsləyirdi. Görkəmli jurnalist və tədqiqatçı Q.Məmmədli Möcüzün özünün yazdığı tərcümeyi-halından şairin həyat yolunu bu sözlərlə təsvir edir: "Təxəllüsüm Möcüz, adım Əlidir. Mən 16 yaşında ikən o vəfat etmişdir. Həmin ildə İstanbula getdim, orada 16 il qaldıqdan sonra qayıtdım və vətənimin ağlar halını görüb, növhaxanlığa başladım.  Mənim bu növhaxanlığım axundların xoşuna gəlmədi, mənə müharibə elan etdilər. 26 il bir-birimizlə vuruşduq. Xeyrat verdilər - məni çağırmadılar, toy oldu - mən iştirak etmədim. Bununla belə axıradək vuruşdum, yəni yazdım, özü də ana dilində yazdım. "Yazılarımı saxlamamışam, yoldaşlara və dostlara vermişəm, onlardan bəziləri yığıb saxlayıblar".

Böyük şairin son sözləri bir daha göstərir ki, onun istər Təbrizdə, istərsə də Bakıda çap olunmuş kitabları natamamdır. Belə ki, onun şeirlərinin güman etmək olar ki, böyük bir qismi itib-batmış, bir qismi də ayrı-ayrı adamların evlərində saxlanılmaqdadır. Çap olunmuş əsərlərinin bir qismində natamamlıq, müəyyən qüsurlar nəzərə çarpır ki, bütün bunlar da görkəmli, vətənpərvər şairin kitablarının özünün sağlığında çap olunmaması ilə əlaqələndirmək olar. Şairin özünün də yazdığı kimi "həmişə ana dilində yazdım" cümləsi bir daha şairin vətəndaşlıq qeyrətindən və doğma ana dilimizə olan sevgi və rəğbətindən irəli gəlir. Təsadüfi deyil ki, şeirlərinin birində belə deyir:

Dünən şeir ilə bir namə apardım şahi-iranə,
Dedi: Torki nəmidanəm, məra to beccə pəndari?

Böyük şairin yazdığı bu şeirdə çox mətləblər açılır. Şair bu şeiri elə bir vaxtda yazmışdı ki, Azərbaycan dilində nəinki şeir yazmaq, idarələrdə, məktəblərdə demirik, hətta məişətdə belə danışmaq qadağan edilmişdi. Möcüzün böyüklüyü onda idi ki, o bütün qadağa sədlərini vurub-dağıda bilmiş, çoxmilyonluq Azərbaycan xalqının adından danışmağı bacara bilmişdi. Qulam Məmmədlinin yazdığına görə, "Mirzə Əli Möcüzün şeirlərindən ancaq ikisi öz sağlığında - 1921-ci ildə, "Molla Nəsrəddin" məcmuəsi Təbrizdə çap olunduğu zaman çap edilmişdir. Bunlardan biri - imzasız verilmiş "Olsun gərək", digəri isə "Şəbüstər hamamları"dır ki, "Tazə şair" imzası ilə buraxılmışdır. Bununla belə Möcüz bir şair kimi öz vətənində çox məşhur idi. O öz şeirlərini məktub vasitəsilə dostlarına göndərir və beləliklə, əsərləri xalq arasında yayılırdı. Onun satirik şeirləri Cənubi Azərbaycanda hakim təbəqələri amansızcasına ifşa edirdi. Şairin əsərlərinin öz sağlığında çap edilməməsinin əsas səbəblərindən biri də bu idi".

Həmişə elmə, maarifə yüksək qiymət verən şair yaradıcılığında yeri gəldikcə kəmsavad din adamlarına da münasibət bildirir, onların xalqı avamlıq və cəhalətə sürüklədiklərini qəlb ağrısı ilə qələmə alırdı. "Dövran mənimdir" şeirində olduğu kimi:

Elədim bir neçə mollalər ilə razü niyaz,

Anladım ki, o cəmaətdə kamal azdı bir az,

Dedim: Ey qövm, qılın siz mənim arxamda namaz,

Yetirim mən də sizə dirhəmü dinar kəsir.

Böyük şairi daha çox xalqın savadlanması xüsusilə qızlarımızın təhsil alması daha çox düşündürdüyü üçün ömrü boyu bu yolda mübarizə apardı. Şərq qadınının mövhumatın pəncərəsindən xilas olmasının birinci şərtinin maarifdə olduğunu bütün varlığı ilə dərk edən şair bu yolda vuruşmuş, mübarizə aparmış, nəhayətdə 1932-ci ildə Şəbüstərdə ilk qızlar məktəbinin açılmasına nail olmuşdu.

M.Ə.Möcüzün böyük istedadı, ictimai-siyasi həyatın bütün sferalarına daxil ola bilməsi, vətəninə, elinə sədaqəti, İran mühitinin sosial mənzərəsini ustalıqla yarada bilmək qabiliyyəti, təzadlı həyat səhnələrini özünəməxsus ustalıq və həssaslıqla təsvir etmək bacarığı onu Cənubi Azərbaycan satirasının inkişafında yeni bir mərhələnin yaradıcısı kimi tanıtdırdı. Bu mənada onun "Bir məsləhət", "Nəhrəvan şeyxləri", "Candan keçmişik", "Saqi", "Gələ", "Gəlməyəydim cahana kaş", "Bahalıq", "Şah Firəngistandadır", "Xalqı bidar eylərəm", "Mən neyləyim" və onlarla satiraları həmçinin "Amandı dur məzardan!", "Yaran, dünən çəməndə" adlı bəhri-təvilləri çox xarakterikdir.

Bir daha nəzərə çatdırırıq ki, şairin əsərləri onun sağlığında çap olunmadığı üçün əldən-ələ keçən bu şeirlərin bir qismində misra natamamlığı, müəyyən qüsurlar mövcuddur. İkinci misrada olduğu kimi. Çox güman ki, istedadlı şair ikinci misrada "viranə" yaxud "pis" sözlərini işlədib. Qulam Məmmədli onun seçilmiş əsərlərini çapa hazırlayarkən özünün də qeyd etdiyi kimi qüsurları islah etməmiş olduğu kimi verməyi daha münasib bilmişdir. Bütün bunları nəzərə alaraq düşünürük ki, M.Ə.Möcüz Şəbüstərinin yaradıcılığı yeni tədqiqatçılarını gözləyir. Vətənpərvər şairin əsərlərinin yenidən islah olunmuş variantının çap olunması qarşıda duran mühüm vəzifələrdəndir. Çünki onun haqqında yazılan hər bir əsər, hər bir məqalə şairin adını əbədiyaşarlığını təmin edir, onu xalqın hafizəsindən silinməyə qoymur.  Bunu hələ sağlığında duyan və hiss edən Şəbüstəri yazırdı:

Əgər olmasaydı cahanda midad,

Kim eylərdi Xəyyami, Sədini yad?

"Süxəndani-şirin zəmanü bilad"

Qələmdir, qələm, bərəkallah, qələm!

İnanırıq ki, Güney Azərbaycan poeziyasında tənqidi realizmin əsasını qoyan, xalqın içindən çıxan bu vətənpərvər və cəsarətli şairin yaradıcılığı daim diqqət mərkəzində olmalı, ona yenidən müraciət edilməli, istər əsərlərinin tam variantı, istərsə də yaradıcılığının digər aspektləri öyrənilməlidir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!