Çox hörmətli Anar müəllim!
Bir dəfə televiziyada çıxışınızda dediniz ki, insanın taleyində vaxt və bəxtin böyük rolu var. Siz ağır vaxtda dünyaya gəlibsiniz. Ancaq bəxt həmişə üzünüzə gülüb. Deməli, yaradanın sevimli bəndələrindənsiniz. Yaradan hər adama kəskin ağıl, zəka, fitri istedad, analitik təfəkkür, qabiliyyət, rəhbərlik etmək bacarığı əta etmir. Bunu yalnız seçilmiş bəndələrinə bəxş edir.
Siz hər yazıçıya qismət olmayan ümumxalq məhəbbəti qazanıbsınız. Yaradıcılığınıza məhəbbətin, şəxsiyyətinizə və ictimaiyyət arasında nüfuzunuza ehtiramın nəticəsidir ki, bir çox ailələrdə övladları dünyaya gələndə Anar adı verirlər.
Siz Azərbaycan ədəbiyyatı hüdudlarını yarıb beynəlxalq aləmə çıxan qüdrətli ədibimizsiniz. Siz fikir və ideya adamısınız. Təsadüfi deyildir ki, Ulu öndərimiz Heydər Əliyev "Kitabi-Dədə Qorqud Ensiklopediyası"nın I cildində çap olunan "Milli varlığımızın mötəbər qaynağı" adlı çox sanballı ön sözdə "Kitabi-Dədə Qorqud"un tədqiqi və təbliğində əməyinizi yüksək qiymətləndirmiş, abidənin 1300 illik yubileyinin keçirilməsi və "Kitabi-Dədə Qorqud Ensiklopediyası"nın yaradılması ideyasının məhz sizə məxsus olduğunu göstərmişdir.
Bir yazıçı kimi qələminizə, ictimai xadim kimi fəaliyyətinizə, ziyalı kimi şəxsiyyətinizə Ümummilli liderin müxtəlif vaxtlarda verdiyi qiymət ayrıca elmi-tədqiqatın mövzusudur.
Mən burada yalnız bir məqama toxunmaq istərdim. Nizami Gəncəvi kimi dahi yetirən qədim Gəncədə - Xan bağında Xalq şairi Nigar Rəfibəylinin abidəsinin açılışı mərasimində Ulu öndər Heydər Əliyev dedi ki, bu ailə Azərbaycana iki Xalq şairi, bir Xalq yazıçısı bəxş etmişdir. Onlar bizim mənəvi dəyərlərimiz, sərvətimizdir. Rəsul Rza da, Nigar Rəfibəyli də, Anar da xalqa məxsusdur.
Anar müəllim, bəlkə də bir çoxları, xüsusən də gənc nəsil bilmir ki, Siz təkcə xalqa məxsus görkəmli yazıçı deyil, rejissorsunuz, ssenaristsiniz, tərcüməçi, publisist, folkorşünassınız, ədəbi prosesə fəal və davamlı müdaxilə edən, nüfuzlu söz sahibi - ədəbiyyatşünassınız, görkəmli ictimai xadimsiniz və hansı yandan yanaşsaq görərik ki, istedadlı qələm sahibi, türk dünyasında və beynəlxalq aləmdə xalqımıza üzağlığı gətirən fenomen şəxsiyyətsiniz.
O da danılmaz həqiqətdir ki, müdrikliyiniz, səbriniz və nüfuzunuz sayəsində 35 ildən artıqdır ki, Azərbaycan Yazıçılar Birliyinin sədri kimi ədəbiyyatımızın taleyinə cavabdehlik missiyasını ləyaqətlə yerinə yetirirsiniz. Nə gizlədim, bu şərəfli və məsuliyyətli missiyanı müstəqilliyimizin ilk illərində yerinə yetirmək asan deyildi. Demokratiya və söz azadlığından dəm vuran, "sapı özümüzdən olan baltaların", "başqalarının dəyirmanlarına su tökənlərin", özünü, sözünü bilməyənlərin, jurnalist adı altında meydan sulayanların, xalqın sağlam düşüncəli ziyalılarını gözdən saldıqları, aşağıladığı bir dövrdə Yazıçılar Birliyinə rəhbərlik etmək müşkül məsələ idi.
Yeri gəlmişkən, Yazıçılar Birliyinə rəhbərlik etdiyiniz dövrdə 15-ə yaxın İraqda yaşayan soydaşımız Birliyə fəxri üzv seçilib. Yazıçılar Birliyində bu sətirlərin müəllifini İraq Türkman ədəbiyyatı və mədəniyyəti üzrə müşavir təyin edibsiniz.
Bütün bunlar Ulu öndərimizin "Sonralar tarixi araşdıranda gördüm ki, Güney Azərbaycan, Quzey Azərbaycan və İraq Türkmanları bir bütövün parçalarıdır" tarixi sözləri ilə necə də səsləşir.
Yaxşı yadımdadır, 1994-cü ildə Ulu öndərimizin xeyir-duası ilə 128 nəfərdən ibarət nümayəndə heyəti İraqa Füzulinin 500 ilik yubileyinə gedəndə Kərkükdə Siz, Yaşar Qarayev, Sabir Rüstəmxanlı, Ayaz Vəfalı Əta bəy Tərzibaşını ziyarət etdik. Siz Əta bəyə Azərbaycan Yazıçılar Birliyinin fəxri üzv vəsiqəsini təqdim edəndə çox məmnun oldu. Biləndə ki, Rəsul Rzanın oğlusunuz, çox sevindi. Rəsul Rzanın Kərkükü ziyarət etməsindən, Rəsul Rza ilə 1968-ci ildə Bakıda çap etdirdiyimiz "Kərkük bayatıları" və şairin "Uzaq ellərin yaxın töhfələri" məqaləsindən söz açdı. Həmin məqaləni "Qardaşlıq" dərgisində çap etdirdiyini yada saldı.
Anar müəlim, yaradıcılığınıza dissertasiyalar, monoqrafiyalar, saysız-hesabsız məqalələr həsr olunub və olunur. 1994-cü ildən bu günə qədər Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Dissertasiya Şurasının üzvü kimi Sizi əmin edirəm ki, tədqiqat işlərində tez-tez əsərlərinizə müraciət edilir.
Şəxsən mən Xalidə Məmmədovanın "Azərbaycan folklorunda möcüzəli doğuluş motivi" adlı dissertasiya işinə rəsmi opponent rəyimdə yazmışam: "Hind mifologiyasından gəlmə "Ölüm son deyil, əksinə, yerin-torpağın bətninə və deməli, yeni bir həyatın başlanğıcına dönmə deməkdir".
Mifdən, klassik ədəbiyyatın nümayəndələri Məhsəti Gəncəvidən, Yusif Vəzir Çəmənzəminlidən deyil, çağdaşımız Xalq yazıçısı Anarın şeirindən misal gətirmək istəyirəm:
Bəlkə də haqlıdırlar,
Hindistan müdrikləri.
Ölən insan da bir gün
Dönüb qayıdır geri,
Quş kimi, balıq kimi,
Ağactək, gül-çiçəktək.
Tutalım lap belədir.
Dünyamı dəyişərkən,
Bir də dönəcəm geri.
Kim tanıyacaq məni?
Dünya bir pəncərədir,
Qapatma pəncərəni...
Bəlkə də Moskvada çap olunan çox mötəbər "Literaturnaya qazeta"nın yenicə çapdan çıxmış sayında (15-21 mart) Sizə həsr olunan "Şairlər oğlu şair" adlı geniş məqalədən xəbərsiz olsaydım, bu məsələyə toxunmazdım. Şair fəhmi ilə illər öncə Tofiq Bayram şairliyinizdən söz açmışdır. Çoxşaxəli yaradıcılığınızdan bəhs edən dostluq şarjının ideya məğzini xoşməramlı niyyət, həddən ziyadə səmimiyyət, zarafatyana sataşma təşkil edir, hədəfə düz dəyməsi ilə seçilir:
Filmimlə pyesim verib səs-səsə,
Roman yazmağa da xoşum var, xoşum.
Tənqid güldən ağır mənə söz desə,
Fikrim var, hirslənib şeir də qoşum.
Neçə illərdir mətbuatda şeirlərinizi sevə-sevə oxuyuram. Hamısı dərin məna kəsb edən, insanı düşündürən fəlsəfi şeirlərdir.
Anar müəllim, illərdən bəridir hər yeni il axşamı göstərilən "Ötən ilin son gecəsi" televiziya filminə baxanda düşüncələrə qərq oluram. Həyatın yazılmamış və dəyişməz qanunlarından bəhs edən bu əsəri 22 yaşında yazıbsınız.
Aradan onilliklər keçib. İndi Siz sağlığında klassikləşən, ədəbiyyatımızda epoxa olan, ümumxalq məhəbbəti qazanan, ölkəmizin hüdudları xaricində də xalqımıza üzağlığı gətirən, dövlətimiz tərəfindən yüksək dəyərləndirilən ədibimizsiniz. Biz Sizi gənclikdən ağsaqqal kimi davranan görkəmli ziyalı və bütöv şəxsiyyət kimi yüksək qiymətləndiririk.
Yubileyiniz mübarək olsun, əziz Anar müəllim!
Səmimiyyətlə...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!