Qan TURALI
Ədəbiyyat 90-cı illərin solğun mühitindən 2000-ci illərdə çıxmağa başladı.
Ədəbiyyata yeni qüvvələr gəldi və ədəbiyyatdakı bu canlanma əsasən onların xidməti idi.
Zaman da buna müsait idi, çoxdandır ədəbiyyatsız yaşayan mühit yenidən ədəbiyyata qayıtdı.
Əlbəttə ki, söhbət kütləvi qayıdışdan getmir.
Lakin ədəbiyyat ölkə gündəminə oturmağa başladı.
Kitablar çap olundu, imza günləri, təqdimat mərasimləri moda oldu.
Ölkədəki sabitliyin də bunda rolu olmamış deyildi.
Bir tərəfdən dünya və Azərbaycan yeni bir fenomenlə tanış oldu: Sosial media ilə.
Bütün bunlar ədəbiyyatın populyarlığını artırdı.
Əlində kitab olan çoxlu gənclər peyda oldu.
2000-ci illərin əvvəlləri ilə sonları arasında çox böyük dəyişikliklər baş verdi.
Əsasən AYO çevrəsindən yeni şairlər, yazıçılar çıxdı.
Bu prosesin hara gedəcəyi çox maraqlıydı.
İndi biz bu prosesin ölgünləşdiyinin şahidiyik.
Sanki hər şey 90-cı illərə qayıdır.
Ədəbi proses getdikcə öləziməyə başlayır.
Bunun obyektiv və subyektiv səbəbləri var.
Obyektiv səbəblər budur ki, respublikanı əhatə edən kitab-satış şəbəkəsi yaranmadı.
Güclü nəşriyyatlar ortaya çıxmadı.
Kitablar yenə də bahalı olaraq qalır.
Ölkədə bircə dənə də olsun normal ədəbi mükafat yoxdur.
Hamımız 1000 tiraja sıxışıb qaldıq.
Bütün bu fərdi cəhdlərlə prosesi ancaq bir istiqamətə qədər inkişaf etdirmək mümkün idi.
O cəhdlər oldu əslində.
İndi proses daha böyüməli, daha güclənməli idi.
İmza günlərinə fikir verin.
Əsasən yazıçılardı, şairlərdi.
Oxucuya gedən yollarımız qapanıb.
Özümüzdən velosiped icad etməli deyilik.
Bəli, yazıçılarımız əvvəlkilərdən daha populyardır, lakin tirajlar da məlumdur.
Kitab mağazaları çox azdır.
Faktiki olaraq reklam işləmir.
Ən pisi də odur ki, meyarlar itib.
Çünki bazar işləmir.
Bazar işləməyəndə kimin nə olduğunu müəyyən etmək də çətindir.
Bu problemlər mövcud ola-ola yazıçılarımız Nobel sevdasına düşüblər.
Qazaxda kitab sata bilmirik, Biləcəridən çıxmaqdan danışırıq.
Kimdən soruşsan, imza günü keçirdib, şəkilləri var.
Beş-altı nəfərlik oxucu dəstəsi də var.
Bəli, heç zaman olmadığı qədər tədbir, imza günü, təqdimat keçirilir.
Məqalələr yazılır.
Di gəl ki, oxucu yoxdur.
Oxucu bu prosesin lokomotividir.
Bir də bu sosial media məsələsi.
Hamı üzdə.
Hamı oxucunun əlinin altında.
Pünhanlıq yox.
Sirr yox.
Bəlkə bu da oxucunu qaçırdır.
Bilmirəm...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!