Yazıçı-publisist, «Qobustan» dərgisinin baş redaktoru, Filologiya üzrə fəlsəfə doktoru Pərvin Nurəliyevanın «Anar yaradıcılığında zaman və insan» adlı dərs vəsaiti işıq üzü görüb. Kitab AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının qərarı ilə «Qanun» nəşriyyatında işıq üzü görüb. Elmi redaktoru Akademik İsa Həbibbəylidir.
Dərs vəsaiti Ali məktəblərin tələbələrinin Xalq yazıçısı Anarın yaradıcılığını dərindən mənimsəməsi və sənətkarın aid olduğu dövrü öyrənməsi üçün faydalıdır. Burada yazıçının bioqrafiyası və ayrı-ayrı əsərlərinin vəhdət şəklində təhlili ilə həm Sovet dövrü, həm də müstəqillik illəri Azərbaycan ədəbiyyatı tarixinin mənzərəsi yaranır... Qeyd edək ki, dərs vəsaiti Xalq yazıçısı Anarın 85 illik yubileyinə ithaf olunub.
Kitabın müəllifi «Anar dünyası» esselər kitabından sonra yazıçının yaradıcılığına ayrı yöndən yanaşmağa çalışdığını bildirib: «Təxminən son beş ildə üzərində işlədiyim, zaman-zaman əlavələr etdiyim və yazıçın nəsrini bütöv halda təhlil etməyə çalışdığım bu kitabın Anar müəllimin 85 illik yubileyi ərəfəsində çapdan çıxması təsadüfi deyil. Əlbəttə öncəki esselər kitabımdan sonra daha fundamental araşdırma ortaya qoymaq istəyirdim. Amma kitabın yazılmasından çox onun çapa hazırlanması daha çətin məqamdı. Bu yolda Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun, hörmətli elmi məsləhətçim, akademik İsa Həbibbəylinin dəstəyini xüsusi qeyd etməliyəm. Elm yolunda hər bir uğurlu işə dəstək olan İsa müəllim bu kitabın da elmi məsləhətçisidir. Həmçinin Qanun nəşriyyatı və rəhbəri Şahbaz Xuduoğlu çox qısa müddətdə kitabın işıq üzü görməsi üçün hər cür çaba göstərdilər. Buna görə bütün «Qanun» ailəsinə minnətdarlığım sonsuzdur. Və əlbəttə bu böyük xəzinəni bizlər üçün yaradan Ustadım Anar müəllimə təşəkkür eddirəm. Arzu edirəm ki, yazıçı çox yaşasın, çox yazsın, oxucularını hər zaman sevindirsin...»
Qeyd edək ki, bu günlərdə Pərvinin Türkiyədə, Türk Ədəbiyyatı Vaqfı yayınlarından «Çağının önündə bir yazar:Anar» adlı kitabı da işıq üzü görüb. Bu kitabda isə Xalq yazıçısı Anarın türk dünyası qarşısında xidmətləri, ümumtürk ədəbiyyatına verdiyi töhvələr geniş araşdırılıb. Kitabın Türkiyə türkcəsinə yazıçı-tərcüməçi, «Türk ədəbiyyatı» dərgisinin baş redaktoru İmdat Avşar çevirib.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!