Respublikanın əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixarın dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığını təcəssüm etdirən “Könüllər mülkünün Sultanı – Şeyx Nizami Gəncəvi” tarixi dramı Özbəkistan Respublikasının ən qədim şəhərlərindən olan Səmərqəndin Vilayət Musiqili Dram Teatrının səhnəsində Azərbaycan Respublikasaının əməkdar artisti Sərvər Əliyevin quruluşunda tamaşaya qoyulmuşdur. Səhnə tərtibatçısı teatrın baş rəssamı Bəhram Safoyev, baletmeyster Mədinəxan Erqaşeva, rejissor asisstenti Anabibi Mardiyevadır.
Tamaşada əsasən Qara Qarayevin və Müslüm Maqomayevin musiqilərindən istifadə olunmuşdur.
Şeyx Nizami Gəncəvi obrazını Özbəkistanın əməkdar artisti Baxtiyar Rahimov canlandırır. Digər rolları – (Əlişir Nəvai – Fərid Rəsulov, Afət – Gözəl Qurbanova, Memar Əcəmi – Özbəkistanın əməkdar artisti Bəhram Rəhimov, Qızıl Arslan – Mehnət və Şöhrət ordeni mükafatçısı İsgəndər Sultanov, Dərbənd əmiri Bəybars – Özbəkistanın əməkdar artisti Solican Xakimov, Gəncə əmiri Fəxrəddin – Hayat Həmidov, Nüşabə – Şöhrət medalı mükafatçısı Gülüstan Cabbarova, İsgəndər Rumi – Azad Qurbanov, Şirin – Çəraz Mardanova, Xosrov – Curabek Yarkulov, Sultan Səncər – Abdulaziz Toştemirov, Qarı – Özbəkistanın əməkdar artisti Zuxra Turğunbayeva, Leyli – Farangiz Narbayeva, Məcnun – Xurşid Baratov, İsgəndər (Nizami Gəncəvinin şagirdi) – Turdımurad Xudayberdiyev, Müzəffəri – Əlican Həsənov) və sair ümumən 35 nəfərlik bir heyət ifa edirlər.
Səmərqənd Vilayəti Musiqili Dram Teatrının səhnəsində təmir işlərinin tamamlanma müddəti növbəti aya qədər uzandılğına görə tamaşaya mart ayının 8-də Kattakurqan Şəhər Dram Teatrının səhnəsində daxili baxış keçirilmişdir. Daxili baxışda müəllif və teatrın bədii şura üzvləri iştirak etmişlər.
Nizami Gəncəvi dühasını təcəssüm etdirən bu maraqlı səhnə əsərinin özbək tamaşaçıları üçün böyük töhfə olduğunu dilə gətirən mütəxəssislər müəllifə və yaradıcı heyətə minnətdarlıq bildirmiş, bu uğurlu sənət nümunəsi üçün onları təbrik etmişlər.
Mart ayının 11-12-də tamaşanın premyerasının keçiriləcəyi gözlənilir. Tamaşanın Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində də göstərilməsi planlaşdırılır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!