I Lənkəran Kitab Sərgisi keçiriləcək

 

10-12 mart tarixlərində Azərbaycan Nəşriyyatları Assosiasiyası, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Lənkəran şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı və Lənkəran-Astara Regional Təhsil İdarəsinin təşkilati dəstəyilə I Lənkəran Kitab Sərgisi həyata keçiriləcək.

Edebiyyatqazeti.az xəbər verir ki, ölkənin aparıcı nəşriyyatlarının iştirakı ilə baş tutacaq sərgi çərçivəsində möhtəşəm proqram və çoxçeşidli kitabların satışı, eləcə də nümayişi nəzərdə tutulub.

Müxtəlif endirimlərin tətbiq olunacağı kitab bayramında tanınmış ədiblərin iştirakı ilə təqdimatlar, imza mərasimləri, konsert proqramları, şeir gecələri, uşaqlar üçün nağıl saatları və master-klaslar keçiriləcək.

Lənkəran şəhəri Heydər Əliyev Mərkəzində keçirilməsi nəzərdə tutulan üç günlük sərgiyə giriş 10:00-dan 18:00-dək mümkün olacaq.

Oxucular sərgi çərçivəsində yazıçılar Elxan Elatlı, Rövşən Abdullaoğlu, qiraətçi Xəzər Süleymanlı, fotoqraf Vaqif Cabbarov, filosof Mail Yaqub, təlimçi Arzu Paşazadə, eləcə də digər tanınmışlarla görüş imkanı əldə edəcəklər.

Giriş pulsuzdur.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!