“Ulduz" jurnalının yanvar nömrəsi işıq üzü görüb.
Dərgi Elxan Yurdoğlunun özüylə söhbəti və şeirləri ilə açılır. "Nəsr"də Şəfa Vəlinin "Hər şeyi sevən adam", Tural Atəşin "Sərhəd uzaqdaydı", Aydın Tağıyevin "Qisas", "Məhəbbət dərsi", "Yuxu", "Alabaş" hekayələri, eləcə də Qulu Ağsəsin "Cəbrayıloğlu Etibar" essesi yer alıb. Filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlının "Şairdən adama qul olmaz axı" yazısı şair Akif Səmədin zəngin yaradıcılığına işıq tutur. "Şeir vaxtı"nda Gülnar Ümidin, Ləman Musayevanın, İlahə Abbasovanın şeirləri, həmçinin Xaqani Əmininin qəzəlləri təqdim edilib.
"525-ci qəzet" və "Ulduz" jurnalının ortaq layihəsi olan "Ustad dərsləri"nin budəfəki mövzusu naturalizm cərəyanıdır. Professor Məti Osmanoğlunun hazırladığı rubrikanın ikinci hissəsində Emil Zolyanın "Eksperimental roman" yazısı yer alıb. "Türk eli" rubrikasında Təranə Vahidin uyğunlaşdırmasında özbək yazıçısı və dramaturqu Javlon Jovliyevin "Buxara, Buxara, Buxara..." hekayəsi, "Tərcümə saatı”nda isə Azad Yaşarın tərcüməsində Çarlz Dikkensin "İşarətçi" hekayəsi dərc edilib. "Kitab köşkü"nü müvafiq olaraq, fəlsəfə doktoru Nizami Novruzovun təqdimatında Həsən Bayramovun "İrəvan Müəllimlər Seminariyası: Milli maarifçiliyin genezisi və prioritetlərin paradiqması", Afiq Fərzəlinin təqdimatında isə Rəsmiyyə Sabirin "Zindan sevinci" yazıları bəzəyir.
Qeyd edək ki, oxucular "Qısa fikirlər xəzinəsi"ndə Uinston Çörçil, Benjamin Franklin, Herman Hesse, Arif Nihat Asya və başqa dühaların ibrətamiz fikirləri ilə tanış olacaq. "Dərgidə kitab"da Vəfa Mürsəlqızının hekayələri, "Dərgidə sərgi"də isə gənc rəssam Nigar Mustafayevanın rəsmləri təqdim edilib.
azertag.az
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!