Ədəbiyyat İnstitutunda “Heydər Əliyev və Azərbaycan ədəbi-ictimai fikri” adlı elmi sessiya keçirilib - FOTOLAR

 

Bu gün AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Heydər Əliyev və Azərbaycan ədəbi-ictimai fikri” mövzusunda elmi sessiya keçirilib.

Tədbiri AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa Həbibbəyli açaraq “Heydər Əliyev İli” çərçivəsində ölkəmizdə və dünyada Ulu Öndərə həsr olunmuş silsilə tədbirlərin davam etdiyini, bu istiqamətdə akademiyanın tədbirlər planının da uğurla icra olunduğunu söyləyib.

İ.Həbibbəyli Ulu Öndərin çoxəsrlik tariximizin nadir şəxsiyyətlərindən biri və zirvələri fəth etmiş görkəmli dövlət xadimi olduğunu söyləyib, Azərbaycanın yarıməsrlik inkişafının əsasının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu deyib. O, dahi şəxsiyyət Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə Azərbaycan dövləti qarşısında tarixi xidmətlərindən, xalqımızın rifahı naminə həyata keçirdiyi geniş islahatlardan söz açıb.

İsa Həbibbəyli “Heydər Əliyev İli” çərçivəsində AMEA-nın tədbirlər planında nəzərdə tutulmuş tədbirlər haqqında da məlumat verib. AMEA-nın “Heydər Əliyev İli”nə ən böyük töhfəsi olan və 2023-2024-cü illərdə nəşrə hazırlanan “Heydər Əliyev Ensiklopediyası”nın layihəsinin hazırlandığını diqqətə çatdırıb.

“Ulu Öndərin həyat və fəaliyyətinin elmi cəhətdən dərindən öyrənilməsi, bu istiqamətdə konfransların təşkili və nəşrlərin çapı, ölkəmizin elm sahəsində qazandığı nailiyyətlərin ictimaiyyətə çatdırılması alimlərimizin qarşısında duran ən mühüm vəzifələrdəndir”, - deyə AMEA prezidenti bildirib.

Tədbirdə professor Qəzənfər Paşayevin “Azərbaycan reallığında Heydər Əliyev epoxası”, AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlunun “Müstəqillik dövrü nəsrində Heydər Əliyev”, filologiya elmləri doktoru Elnarə Akimovanın “Ədəbiyyatda azadlıq ideallarının intişarında Heydər Əliyevin rolu”, filologiya elmləri doktoru Əlizadə Əsgərlinin “Heydər Əliyev: dünya sivilizasiyasında elit şəxsiyyət” və professor Vüqar Əhmədin “Heydər Əliyev və Azərbaycan mətbuatı” mövzusunda məruzələri dinlənilib.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!