Qədim dövrə baxıb varsaq,
Dədəm Qorqud ozan, varsaq,
1300 il geri baxsaq
Çox sevərik doğma dili.
O, əymədi heç qəddini,
Hey qorudu türk cəddini,
Bakuvini, İzzəddini,
Yetiribdir ana dilim.
Sufi edib Füzulini,
Şah İsmayıl Xətaini,
Nəsimi tək hürufini,
Yetiribdir ana dilim.
O, Qafqazın rəsmi dili,
O, Vaqifin qoşma dili,
Bu dünyada ellər bilir,
Türk dilimdir ana dilim.
Vurğun olduq doğma dilə,
Dilim bənzər solmaz gülə,
Adın düşüb dildən-dilə,
Anam mənim - ana dilim.
Qovğalardan ötüşübdür,
Ərəb, farsla döyüşübdür,
Əfsus, adı dəyişibdir,
Mənim yazıq ana dilim.
Vahid, Müşfiq, Şəhriyarın,
Xəzri, Araz, Bəxtiyarın,
Güney, Quzey, hər diyarın,
Doğma dili - ana dilim.
Sən dillərin əzəlisən,
Gözəllərin gözəlisən,
Füzulinin qəzəlisən,
Gül ətirli ana dilim.
Şöhrət dilim, şərəf dilim,
Qarabağda zəfər dilim,
Görməyəsən kədər, dilim,
Baldan şirin ana dilim.
Qazanmısan məhəbbəti,
Millətimin söz sərvəti,
Sevdirdin Vüqar Əhmədi,
Ay sevimli ana dilim!
21.02.2023
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!