Əziz Kərimin "İnam" romanı ilk növbədə halallıq, əhdə vəfa, milli dəyərlərə sayğı ətri, təravəti qoxuyur. Ömrün əllinci, altmışıncı illərinə qədəm qoymuş, gənclik illərinin nostalji duyğularına dalan insanlar üçün "İnam"da təsvir olunan hadisələr bir köynək daha tanış, doğma və unudulmazdır. Ötən əsrin 50-60-cı illərindən yönü bəri daha çox bölgə, kənd həyatı üçün xarakterik olan yaşam tərzi, dövrün nəfəsi, insanların fərdi durumu "İnam"dan təbii, orijinal və bənzərsiz, eyni zamanda da hər kəsə tanış cizgilərilə keçir. Bu dönəmi yaşamış, dövrün yaşam, davranış tərzini unudulmaz duyğularla xatırlayan oxucu üçün Sərdar simsarlığı, doğmalığı var. Həmin dönəmin xatirələrilə yatıb-duran oxucu üçün bir Nəriman fədakarlığı, Nurqələm duyğusallığı var. Birinci Cahan savaşından sonra yeni-yeni dirçəlməyə başlayan təsərrüfat həyatının ümidlə açılan, ümidlə qapanan səhəri-axşamı var. Cahan savaşının ocağını söndürdüyü yurd-yuvaların külü üstündə, ömrünə qıyılmış kötüklər üzərində təzədən közərən, rişələnən, boy atan yeni həyatın şaxlanışı, qol-budaq atması var...
"İnam"ı oxuduqca unudulmaz həyat səhnələri kino lenti kimi keçir oxucu gözü önündən... Davanın odu-alovu içindən çıxıb doğma kəndinə gələn Sərdar yağışdan çıxıb yağmura düşür; doğma ata ocağında, ona əziz olan həyətlərində onu qarşılayacaq kimsə qalmayıb... Əcəl alıb, yer gizləyib. İçərisinə baş salınası daxma belə uzaq xatirəyə dönüb... Qonum-qonşu başına yığılır Sərdarın. Kol-kos basmış, kimsəsiz həyətə qədəm basır döyüşə oğul yola salmış ata-analar, qardaş yolu gözləyən bacılar, ər yolu gözləyən gəlinlər. Kimisi oğlunu, kimisi qardaşını, kimisi də utana-utana yarını-yoldaşını xəbər alır. Sərdar təsəlli verir hamıya: "Sağ-salamatdılar, tezliklə qayıdıb gələcək hamısı" - deyir. Ümid verir doğma kəndinin gözü yolda qalanlarına. Öz qəlbisə qan ağlayır; qoyub getdiyi ev-eşikdən nişanə qalmayıb. Atası dünyasını dəyişib. Anası oğul həsrətinə dözməyib. Boş qalıb həyətləri...
İlk dəvət qosqoca Mir Əhməd babadan gəlir. "Bizə gedəcəyik" - deyir. Etiraz edir Sərdar. Doğma həyətlərində əsgər şinelinə bürünüb yatacağını, ata-anasının qoxusunu almaq istədiyini bildirir. Kənd əhli razı olmur. Amma qəlbini də sındarmaq istəmirlər qanlı döyüş meydanından qayıtmış yaralı əsgərin. Hər kəs imkanı çatan ev əşyası gətirir. El-oba yığışıb xudmani bir ev inşa edir. Lazımi avadanlıqlar bir araya gəlir. Ev tikir, ocaq qalayırlar yaralı əsgər üçün. Kimsəsiz qalmasın deyə yığışıb elçi gedir, toy tədarükü görür, sevdiyinə qovuşdururlar Sərdarı. Yeni həyat başladırlar.
Bu məqamda kənd həyatının, orada ömür sürən insanların pak həyat tərzi, qəlb genişliyinin gerçəklikləri an-an izləyir təsvir olunan hadisələri. Ferma müdiri, müharibə veteranı Turabın, Nəsirin, Əfsərin, Kövsərin bədii obrazları illərin doğması, tanışı kimi gəlir göz önünə... Hələ bir həssas, xeyirxahlıq nümunəsi olan Şəmayə xala! Elə bil ağır zəhmətdən sonra hazırladığı südlü sıyığın iştahaçıcı ətrinin məstliyini yaşayırsan. Bu insanlar necə duyumlu, necə qayğıkeş, vəfalı və etibarlıdılar, İlahi! Şükranlıqla yaşayırlar. Sevincli günlərinin şadyanalığından keçib gəlirlər: "...Hamının fikri Sərdarda idi.
- Bala, Nüsrət, Qərib, yaxın gəlin.
- Nə etmək istəyirsən, Sərdar qardaş?
- Sizlik deyil, mənə kömək edin.
Onlar kələni tappıltıyla yerə yıxdılar. Sərdar bıçağı kələnin boğazına apardı. "Bismillahir - Rəhmanir - Rəhim" - dedi. - İlahi, bu xoşqədəm insanların xatirinə bu heyvanı sənin yolunda qurban kəsirəm. Sən qəbul elə, ya Rəbil-aləm.
- Amin! - Hamı bir ağızdan dedi.
- İşimiz avand olsun, ruzumuz bol olsun. Əmin-amanlıq olsun. Mehribanlığı bizdən kəm eləmə, ya qüdrət sahibi - Sərdar dedi.
- Qurbana görə çox sağ ol, Sərdar dayı. Allah qəbul eləsin. Mal-dövlətin birə min artsın. - Bunu da İntizam söylədi.
- Sənin xatirinə, Allahın şərəfinə qoy bu axşam hamının qazanı qaynasın.
- Allah o mübarək qədəmlərinizi ruzulu eləsin. Xoşməramınızı kamına yetirsin. İndi çıxın yuxarı, həmsüfrə olaq..."
Xoş günün yaşantısı belədir. Qəlb genişliyi, şükranlıq duyğuları an-an izləyir bu yaşantıları. Ağır günü, qəmli anları, ayrılıq məqamlarını da eyni mərdanəlik, qədər, tale buyruğu kimi qarşılayır bu adamlar: "Sərdar gözlərini geniş açdı. Ətrafına baxdı. Gördü bütün ailə üzvləri onun ətrafında cəm olub. Sevindi:
- "Həmişə bir olun, balalarım. Bir-birinizə dayaq olun. Dayaqsız dirəklər tez yıxılır. Siz nə qədər bir-birinizə dayaq dursanız mənim ruhum bir o qədər sevinər. Əgər mənə cənnət arzulayırsınızsa, bir-birinizdən muğayam olun... Sizi o gözəgörünməzə ümid eləyirəm. Nə istəsəniz Ondan diləyin. Onun mərhəmətinə sığının..."
Əbədi ayrılıq anının tapşırmasıdı bu. Qorxu, xof, ah-uf, giley-güzar, aman diləmək yoxdur. Təskinik, ruh rahatlığı, səlim qəlb tapşırması var. Maarifləndirici missiya hər an göz önündədi. Müharibənin od-alovu içindən keçmiş, bir göz qırpımında yüzlərlə ölüm-itimin, həyat qaybının şahidi olmuş, sadə bir ailədə böyüyüb, gec olsa da bütün istəklərinə qovuşmuş, sevib-sevilmiş, övladlar böyütmüş bir insanın həyat hekayəsi belə bitir. Ancaq bədbin deyil. Qədərindən artıq ömür diləmir. İstəyi dünyanın əmin-amanlığı, paklığın, səmimiyyətin - deməli, insanlığın yaşadılmasıdır.
"İnam"ın baş qəhrəmanı İntizam bu pak düşüncənin, namuslu əməyin aşıladığı ruh böyüklüyünün köynəyindən keçib gəlir. O, ömrünü dədə-babalarının təlqin etdiyi mənəvi dəyərlər hücrəsində yaşayır. Çağdaşımız olaraq müstəqillik dövründə kənd təsərrüfatının inkişaf etdirilməsi, kopperasiyaların yaradılması, məhsul bolluğunun əldə olunması naminə gecəli-gündüzlü çalışır. Onun bu yolda çəkdiyi çabalar, qonşu dövlətlərin qabaqcıl təcrübələrindən yararlanmaq bacarığı, ümumən, halal zəhmətin, torpağa sonsuz məhəbbətin ən incə detallarla təqdimatı əsərin adını geniş anlamda ehtiva edir. "İnam"ı gözümüzdə, könlümüzdə böyüdür, ucaldır. Annatosiyada deyildiyi kimi, əsərin sonuna çatdıqda oxucu bu inama qoşulur, yazıçının arzularına, ideallarına həmrəy olur. O halallıq aurasında nəfəs alır. Yaşayır və bu aura qovşağında öz həyat yolunun istiqamətlərini müəyyənləşdirmək qayğısına qalır.
"İnam" haradasa ta gənclik illərindən oxucuya yaxşı tanış olan "Böyük dayaq" (Mirzə İbrahimov), "Mehman" (Süleyman Rəhimov), "Tamaşa qarının nəvələri" (Əli Vəliyev) kimi əsərlərin əməyə hörmət, məsul olduğun peşəyə sədaqət, mənəvi paklıq düşüncəsini yenidən yaddaşlarda oyadır. Adı çəkilən əsərlərdə olduğu kimi, "İnam"da da əks qütüblü insanların fərqli mövqe çarpazlaşmaları önə çıxır. Xeyirlə şərin əbədi mübarizəsində Xeyirin qalibiyyəti "İnam"ın başlıca qayəsini təşkil edir. Yazıya pozu olmadığını anladır oxucuya. "Yuxu yaddaşı və zərbə" olaylarının nədənliyini qoyur ortaya. Heç bir pisliyin, məkrin əvəzsiz qalmadığına, qalmayacağına olan ümidi şölələndirir.
"İnam"ı oxuduqca müəllifin kənd həyatına yaxından bələd olmasının heyranlığını yaşayırsan. Az qala bütöv bir dövrün köynəyindən çıxmış insanların ayrı-ayrı zaman məsafəsində hansı durumda olmalarının şahidinə çevrilirsən. Nəsillərin bir-birini əvəz etməsi mərhələlərində psixoloji, əxlaqi yaşamın fərqli, eyni zamanda da ənənəyə bağlı gəlişmələrinə şahidlik edirsən.
90 yaşlı müəllifin hafizəsində yurd salmış xatirələr, nostalji yaşantılar "İnam"da bir araya gəlib. Oxuduqca özünü o talelərin, ömrün-günün ayrılmaz bir parçası hiss edirsən. Öz yaşamının hesabatını verirmiş kimi talelə üz-üzə qalırsan. Taleyindən keçən nələrinsə cavabını "İnam"da arayırsan.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!