Ötən çağlarda - otuz il öncə sevincdən başqa hər şey vardı: ağrı-acı, üzüntü, kədər. Haqqın bərqərar olacağı gün hələ yetişməmişdi. Düşmən tapdağında qalan yurd yerlərimiz əsl sahibləri, doğmaları üçün qəribsəmişdi. Gül-çiçək bitirən münbit torpaqlarımız yağı tanklarının tırtılları altında cadar-cadar olmuş, sanki hər şeydən küsmüşdü. Yamyaşıl bağ-bağatın büsatı, növrağı yaman pozulmuş, çal-çağırlı günlər geridə qalmışdı.
Birinci Qarabağ savaşı öz ab-havasında tüğyan etməkdəydi. Cəbhə-cəbhə genişlənən qanlı savaşın başımıza açdığı müsibətlər saysız-hesabsızdı. Gözəlliklər məskəni Qarabağımız kənd-kənd, şəhər-şəhər azğın düşmənin caynağına keçdikcə evlər qarət olunur, yandırılıb külü göyə sovrulurdu. Sərhədyanı bölgələrin əhalisi isti ev-eşiyini tərk edib qaçqın-köçkünə çevrilirdi.
Doğma ocağından didərgin düşənlər arasında 12 yaşlı Vüsalın da ailəsi vardı. Çağdaş ədəbiyyatımızda artıq imzasını təsdiqləmiş, əvvəlcə şeirlərində, daha sonralar nəsr əsərlərində hələ erkən yaşlarından taleyində dərin şırımlar açmış Qarabağ faciələrini, qanlı müharibənin vurduğu yaraları əks etdirən gənc, istedadlı qələm sahibi, tanınmış yazıçı-publisist, ssenarist Vüsal Nurunu deyirəm. Əslən qarabağlı olan, 1981-ci ildə Ağdamda doğulmuş Vüsal dünyaya göz açdığı şəhərin müsibətlərinin şahidi olmuşdu. Qarabağın dayağı sayılan Ağdam kökündən baltalanır, növbəti nişangaha çevrilmiş şəhər qan girdabında boğulurdu. Neçə müddətdən bəri döyüşən Ağdamın artıq nəfəsi təngiyirdi. Adamlar yurd yerlərindən quştək perikmişdi, düşmənlə üz-üzə qalan Ağdamın dərd içini yandırırdı. Bütün bunlar Vüsalın uşaqlıq və yeniyetməlik çağlarının ağrılı gerçəkliyi, acı xatirələri idi. Bəlkə elə bu üzdən onun Qarabağ mövzusunda yazdığı bədii nümunələr çox təbii və inandırıcıdır. Realist yazıçının "Qaraqaşlı" romanı kimi. Müəllif bu əsəri ilə Qarabağ hadisələrini, qanlı savaşın gətirdiyi fəlakətləri məharətlə təsvir etməyi bacarıb. İki il öncə qələmə alınmış bu roman, ilk növbədə, əks etdirdiyi dövrün ovqatı, haləti ilə səsləşməsi, milli kimliyimizə güzgü tutması ilə yadda qalır.
Roman sənətinin tarixi inkişaf yolunu, təkamülünü tədqiq edən tanınmış tənqidçi, filologiya elmləri doktoru İradə Musayeva bu ədəbi janrı epik təfəkkürün təzahürü hesab edir. Onun fikrincə, "roman janrı ictimai-siyasi, sosial ziddiyyətlərin kəskinləşdiyi dövrdə, müharibələr, inqilablar... zamanında, hadisələrin fərdi, şəxsi sferadan çıxıb milli və qlobal problemlərlə əlaqələndiyi məqamlarda aktuallaşır".Vüsal Nurunun "rəsmini çəkdiyi" zaman kəsiyinin xarakterik cəhətlərini çatdırmaq üçün məhz çox oxunan, daim inkişafda olan roman janrına müraciət etməsi bu baxımdan daha məqbuldur. Epik təfəkkür sərgiləyən yazıçının üzləşdiyimiz münaqişəni, hərb qovğasını cəmiyyət kontekstində təhlil etmək səyləri, müqayisə aparmaq bacarığı diqqəti cəlb edir. Müəllifin öz baxış bucağı, yanaşma tərzi də istisna deyil.
Əsərin əvvəlində bəhs olunan qollu-qamətli Dağdağan ağacı isə kənd camaatının iman yeri, güman yeriydi. Ağbirçək analar, qız-gəlinlər bu müqəddəs ağacın budaqlarına rəngli parçalar, baş örtüklərini bağlayır, arzu-diləklərinin nə vaxtsa gerçək olacağına inanırdılar. Romanın ilk səhifəsində oxuyuruq: "O tərəfin də, bu tərəfin də qadınları Dağdağana inanırdı. Onların Dağdağanı Tanrının elçisi idi... Hamının anasıydı Dağdağan ağacı, bircə ana dualarını bilirdi. Yalvarırdı ki, araya qan düşməsin".
Heyhat... Az keçmədi ki, ara qarışdı, məzhəb itdi, naxələf qonşunun başladığı qanlı müharibə ilə üz-üzə qaldıq.
Əsəri oxuduqca 90-cı illər Qarabağ insanının yaşam tərzi, erməni quldurların hücumlarına məruz qalan dinc əhalinin ağır həyatı göz önündə canlanır. Müəllif vaxtilə şahidi olduğu vaqeələri, dədə-baba yurdundan didərgin düşmüş insanların mənəvi-psixoloji durumunu real lövhələrlə təsvir edib. Əsərdə bitkin obrazlar qalereyası, bütövlükdə aid olduğu cəmiyyətin səciyyəvi cəhətlərini ifadə edən ayrı-ayrı tiplər, xarakterlərlə qarşılaşırıq. Hadisələrin məğzi həm dialoqlar, həm də müəllifin özünəməxsus zəngin təhkiyəsi ilə çatdırılır. Güc-bəla ilə silah-sursat tapan yurd müdafiəçilərinin erməni vandallarına qarşı ölüm-dirim savaşını izlədikcə yazıçının bu mücadiləni əsl xalq mübarizəsi kimi nəzərə çatdırmasını təqdir edirik. Müəllif əzəli torpaqlarımızın işğalı ilə barışmayan insanların etirazının, yağılara qarşı mübarizəsinin dolğun mənzərəsini yaratmağa nail olub.
Hələ Milli Ordumuzun formalaşmadığı bir dövr idi. Xalq mübarizəsinin önündə gedən cəsur İbad fərasətli, yurdcanlı oğulları başına cəm edib könüllülərdən ibarət dəstə yaradır. Bu dəstələrdə birləşən, elin-obanın yağmalanmasına dözməyən igidlər düşmən üzərinə şimşəktək şığıyır, ermənilərin döyüş nöqtələrini, canlı qüvvəsini məhv edir, silah-sursatını, texnikasını qənimət götürürlər. Əsərin baş qəhrəmanı İbadın və silahdaşlarının biri digərinə bənzəməyən döyüş əhvalatları maraqla oxunur. Müəllif sanki bu odlu savaşı, bu vuruşları seyr edir və hadisə yerindən reportaj yayımlayır. Xüsusən, İbadın gecəyarısı düşmənin təmas xəttini keçib, postları adlayaraq, dağın döşündəki hərbi hissəni dağıtması, həmçinin apardığı digər partizan döyüşlərinin dinamik təsvirləri fikrimizə sübutdur.
Vüsal Nurunun yaradıcılığında ictimai notlar bütöv bir baxış, hadisə kimi üzə çıxdığından oxucu özünü baş verən heyrətamiz olayların içində hiss edir.Yazıçı baş qəhrəmanının və onun çiyindaşlarının yurdun hər qarışı uğrunda qətiyyətli mübarizəsinin quduz düşmənlə göz-gözə qalan insanlara xoş ümid, inam bəxş etdiyini canlı, rəvan dillə nəql edir.
Əsərdə Qarabağ savaşının alovlandığı ilk dövrdə Mərkəzdən ermənipərəst rəhbərlərin verdiyi göstərişə əsasən, azərbaycanlı əhalidən dədə-babadan qalmış ov tüfənglərinin zor gücünə yığılması səbəbindən yaranan əndişə, etiraz göz önündə canlandırılır. Haqsızlıq baş alıb gedir:qoluzorlu havadarları ermənilərə silah-sursat ötürür, bizimkilərin isə olan-qalan yarağını belə əllərindən alırlar. Mövsüm kişi əsərdə ən çox diqqətçəkən surətlərdəndir. Kişilik simvolu olan, özü kimi mərd oğullar - yurd müdafiəçiləri böyüdən, ən çətin vaxtlarda kənd camaatına həmişə əl uzadan dəyirmançı Mövsümün göz bəbəyitək qoruyub saxladığı, "Qaraqaşlı" adlandırdığı tüfəngin vaxtilə dost saydığı Arakelin evindən tapılması xəbis erməni xislətini bizə bir daha xatırladır. "Əmanətini gətirdim" deyən İbad "Qaraqaşlı"nı atasına verəndə Mövsüm kişinin əlləri həyəcandan titrəmiş, övladları bu məğrur, heç kəsə baş əyməyən insanın ilk dəfə gözlərinin yaşardiğını sezmişdi. Amma bu, sevinc göz yaşları idi. Əsərdən belə bir qənaət hasil olur ki, "Qaraqaşlı" tapılıb doğma ocağa qayıtdısa, qürurumuz, heysiyyətimiz qayıdacaq, Azərbaycan kişisi işğal illərindəki xəcalət sindromundan qurtulacaq. Tanınmış ədəbiyyatşünas alim, tənqidçi Nərgiz Cabbarlının təbirincə desək, "Gerçək hadisələrin gerçək təsviri içərisində, hər şeydən əvvəl, əsərin adına çevrilmiş "Qaraqaşlı" tüfəngi simvolik məna yükü ilə obrazlaşır. Əvvəlcə itirilən, daha dəqiq desək, əldən alınan, daha sonra - İbad öz vətənini qorumağa başlayanda isə geri qaytarılan gücün, qüvvənin, şərəfin simvolu kimi görünür".
İbadın başçılığı ilə Qaradağlı könüllülərinin Amaras monastrında əsir saxlanan, işgəncə verilən qız-gəlinlərimizi azad edib Ağdam və Ağcabədidəki hospitallara göndərməsi səhnələrini həyəcansız oxumaq olmur. Bədnam, işğalçı ermənilərin - Monte, Levon, Tatos, Mxitar və Arakellərin, azğın düşmənə havadarlıq edən Qarçakovların iç üzünü açan bu əsər insani, milli və bəşəri ağrıların, üzüntülərin, dərd-kədərin və bu kimi nəsnələrin bədii təzahürüdür. İşğala "yox" deyən İbadın söylədiyi: "Bu torpağı kim qorumalıdır... Orda bizim uşaqlarımız yanır, ən gözəl günlərimiz yanır. Bizim yorulmağa haqqımız yoxdur. Ermənilərin qarşısında, öz torpağımızda gözükölgəli yaşamaqdansa, ölmək yaxşıdır..." fikri əsərin ana xəttini təşkil edir. Qeyd etmək yerinə düşər ki, müəllifin bu romandakı azərbaycançılığı onun yurdsevərliyi ilə üzvü surətdə qovuşub. Bu əsər həm də böyük tərbiyəvi gücə malikdir, düşmənə nifrət hissi aşılayır, yeni nəslin vətənpərvərlik ruhunu, mübarizə əzmini artırır. "Qaraqaşlı" xalqın tarixi taleyi ilə bağlı önəm kəsb edən siyasi hadisələri, unudulmayan mənəvi dəyərlərimizi, qan yaddaşımıza yazılmış faciələrimizi vətəndaşlıq yanğısı ilə çatdıran sanballı əsərdir.
Qarışıq nikahlı ailələrin hərb qovğası, etnik münaqişəylə üzləşdikləri illərdə miskin, əlacsız durumu, iztirabları, yaşadığı gərgin günlər Sabir müəllimin, onun arvadı, erməni qızı Mayranuşun, övladları Azər və Azərinin timsalında nəzərə çatdırılır. Müəllif bu qəbildən olan ailələrin faciəsini eyni kənddə yaşayan erməni və azərbaycanlı qonşuların bir-birilə əsəbi dialoqları, səs-küyü az qala ərşə bülənd olan dava-dalaşı fonunda nəql edir. Yaxınlaşan düşmənin əlinə keçməmək üçün elatı köç edən kəndlərin sakinləri, gözünün yaşı qurumayan şəhid anaları, dul gəlinlər körpə qızını qucağına almış Mayranuşu öz aralarında görərkən onu didib-parçalamaq istəsələr də, rəhmə gəlib əl saxlayır, "şeytana lənət" deyirlər.
Ayağı çat-çat olan yollar-rizlər intizarla əsl sahiblərini gözləyirdi. Üzümüz gülmür, könlümüz açılmırdı. Yurd nisgilli qəlbimizə qaranlıq çökmüş, dərd gətirən zülmət gecə qapqara donunun ətəkləriylə sanki bəxtimizi, ömrümüzü-günümüzü çulğalamışdı. Amma hardasa yol üstə, nə vaxtsa taleyimizə düşəcək bir Zəfər vardı. Bu Qələbəni yaxınlaşdırmaq üçün eniş-yoxuş bilmədən yollar qət edib, mənzil başına yetişməliydi igidlərimiz.
Nəhayət, həmin gün gəlib çatdı. Erməni silahlı birləşmələrinin ardı-arası kəsilməyən təxribatlarından cana doymuş oğullarımız öz müdrik Sərkərdəsinin - Ali Baş Komandanın rəhbərliyi ilə əks-hücum əməliyyatlarına başladı. Cəmi 44 gün çəkən haqq-ədalət savaşımız Azərbaycan Ordusunun rəşadətli əsgər və zabitlərinin hünəri ilə bizə Zəfər sevincini yaşatdı. İşğaldan azad edilən Qarabağımız indi əsl sahiblərinin nəfəsi, qayıdışı ilə canlanır, xoşbəxt günlərini salamlayır. Qarabağ həqiqətlərini illər boyu bütün ağrı-acısıyla qələmə alan söz adamları, o cümlədən doğma Ağdamı işğaldan qurtulmuş gənc nasir Vüsal Nuru da indi Qələbəmizi tərənnüm edən əsərlər yazır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!