İtalyan postmodern ədəbiyyatında Leonardo Sayşanın yeri - NARGİS

NARGİS

 

 

Leonardo Sayşa, Umberto Eko və Karlo Emilio Qadda antidetektiv və ya postmodern romanlar yaratmaq üçün detektiv formatdan istifadə edən italiyalı yazarlardır.

Mənbələrdən bu barədə oxuyuruq: "Kontinental Avropada detektiv janrının digər məşhur nümayəndəsi italyan Leonardo Sayşadır. Onun romanlarında siyasi problemlərlə yanaşı, aktiv siyasət də yer alıb. Yazar, Palermo Şəhər Şurasında Kommunist Partiyasının üzvü olmuş, Radikal Partiyadan İtaliya və Avropa Parlamentinə deputat seçilmişdir. Siciliyanın hekayəsini müsbət və mənfi cəhətləri ilə verməyə çalışan Sayşanın ilk siyasi detektiv əsəri "Il Giorno Della Civetta" ("Bayquşun günü", 1961-ci il) adlanır. 1970-ci illərdə real hadisələrdən ilhamlanaraq yazmağa başlayan Sayşa, Raymond Rousselin ölümü və Aldo Moronun qaçırılması kimi hadisələr əsasında orijinal süjetlər yaradır".

İlk dəfə "Məktəb günlüyü" adlı kitabı ilə İtaliyada böyük marağa səbəb olan 14 yaşlı Sayşanın daha sonra ona populyarlıq gətirən əsəri "Misir Şurası" (1963) olacaqdı. Bu XVIII əsr Palermosunu özündə əks etdirən çox əhəmiyyətli bir əsərdir.

Qeyd edək ki, Sayşa Siciliyanın Rakalmuto şəhərində anadan olmuşdur. Sonralar 1935-ci ildə ailəsi ilə birgə Kaltanissettaya köçmüşdür. Yazarlıqda özünə nümunə götürdüyü və onu fransız roman yazarları ilə tanış edən Vitaliano Brancatidən təhsil alan yazar, İtaliya Senatının gələcək kommunist üzvü Cüzeppe Qranatadan o, Fransız Maarifçiliyini və Amerika ədəbiyyatını öyrənir. 1944-cü ildə Rakalmutoda ibtidai məktəb müəllimi Mariya Androniko ilə evlənir. 27 qısa şeirdən ibarət ilk əsəri olan "Favole della dittatura" 1950-ci ildə nəşr olunur. Bunun ardınca 1952-ci ildə "La Sicilia, il suo cuore" çap olunur. Leonardo Sayşanın on üç hekayədən ibarət "Şərab rəngindəki dəniz" kitabı İtaliyanın cənubunda yaşayan xalqların səmimi əhvalatlarını özündə əks etdirir. Kitaba adını verən şərab rəngli dəniz bənzətməsi ilk dəfə Homerin "Odisseya"sında rast gəlinir.

"Hər cür", "Sadə hadisə", "Bayquşun günü" və "Oyunun qaydası" kimi romanları ilə məşhur olan italyan yazar Leonardo Sayşanın bəlkə də, ən yaxşı, ən siyasi və ən təxribatçı əsəri "Misir şurası"dır. Əslində, Sayşa üçün detektiv hekayə, deqradasiyaya uğramış siyasi və sosial sistem haqqında düşüncə oyatmaq məqsədi, həqiqətə çatmaq konsepsiyası, insan ruhuna dərindən nüfuz etməklə fəlsəfi araşdırma aparmaq vasitəsi kimi qurğulanmışdır. Sayşanın ədəbi fəaliyyətinin əsasını hər zaman tarixi, siyasi və ya ədəbi-tənqidi məzmunlu esselər təşkil edirdi. Bu onu Kalvino ilə birləşdirirdi. Məsələn, rasionalizm, maarifçilik və XVIII əsrə maraq, Fransız mədəniyyəti ilə sıx əlaqələr, labirint mövzusu (onda siyasi bir sui-qəsd görkəmindədir), kəskinlik və sadəlik dəyərinə əsaslanan klassik üslub (Rondesca törəməsi).

Sayşa, yaradıcılığına Neorealizmin əks-sədaları və eksperimental öhdəliyə yönəlmiş məsələlər ilə başlayandan sonra 60-cı illərdə Postmodern mövzulara və yazı üslublarına yaxınlaşmış, bu kontekstdə qələmini sınamışdır. O yaradıcılığında süjet motivi, müxtəlif janrların eyni vaxtda üst-üstə düşməsi və təkrar istifadəsi (roman-esse, "sirr", tarixi roman, araşdırma, pamflet), "populyar" janrların ardıcıl bərpası ("sirr", roman tarixi), digər romanların yenidən yazılması (məsələn, Kandide də (Volter tərəfindən Kandide), parodiya və istehzadan istifadə edir.

"Misir şurası" əsəri isə son dərəcə maraqlıdır. Əsər bir neçə məsələni özündə əks etdirir. Əsərin əsasını ərəb dilini az-maz bilən, lakin özünü bu dilin mükəmməl bilicisi kimi təqdim edən Cüzeppe Vellanın dələdüzluq nəticəsində yazdığı kitab təşkil edir.

Əsərin girişində bir əlyazma təsvir olunur. Bu əsəri Abdullah Məhəmməd bin Ulman oxuyur və "Peyğəmbərin həyatı" olduğunu təsdiqləyir. Vella isə Monsenyor Airoldiyə yalandan bunun Siciliyanın fəthi, işğal vaxtı baş verən hadisələri özündə əks etdirən maraqlı tarixi əsər olduğunu söyləyir. Monsenyor buna sevinir. Hakimiyyətin gözündə mövqe qazanmaq arzusu ilə bu tarixi əsərin tərcümə olunub, yenidən nəşrini əhəmiyyətli hadisə hesab edir.

Abdullah bin Ulman Mərakeşin Napoli sarayındakı səfiri idi, tarixdən başı çıxmırdı. Qəza nəticəsində gəmisi Siciliya sahillərinə sürüklənmişdi, əyalət valisi Caracciola tez gedib elçini gətirmişdi ki, orada başına nəsə gəlməsin və bu minvalla sarayla mübasibətlərini düzəltsin. Fransızca bilməyən elçi ilə danışmaq mümkün olmadığı üçün, rəhbərlik tez maltalı rahib Vellanı çağırtmışdı. Kasıbçılıq içində yaşayan Vella bunu bir fürsət kimi dəyərləndirərək möhtəşəm oyununu planlamağa başlamışdı. Gedişatda monsenyor onu çağıraraq Vellaya bu əsərin işıq üzü görməli olduğunu dedikdə qorxsa da, sirri ortaya çıxmasın deyə ona ayrılan münbit şəraitdə əsəri qurmağa başlamışdır.

O əsəri uydurub yazarkən bir neçə başqa kitabı götürür, ilk öncə kart dəstəsi kimi səhifələri bir-birinə qarışdırır. Bu üsuldan Umberto Eko "Gənc romançının etirafları" kitabında da bəhs edir.

Vellanın istifadə etdiyi üsulla həzrəti Məhəmmədin həyatı kifayət qədər qarışdırılmış variantda ortaya çıxır. Onun ailə ağacı və Uhud savaşı kimi məsələlər yarıda kəsilir. "Qurani-Kərim"də yer alan Uhud savaşını təsvir edən hissələr İslam dinini qəbul edən bir qisim şəxslərin adından ibarət siyahıya qarışır. Nəhayət, ərəb hərflərinin bizim rahibin beriberi əlifbası adlandırdığı Malta dili, şivəsinin ərəb hərfiylə yazılışı başlayır. O, ərəbcə yazılmış Məhəmmədin həyatını Malta dilində yazılmış Siciliya tarixinə çevirir.

Romanda Pier-domenico Soresinin "İtalyan dilinin əsasları" kitabına, "Min bir gecə nağıllarına" göndərmələr edilir. Bu əsərlərlə intertekstual əlaqə qurulur.

"Misir şurası" daxili monoloq və şüur axını üsullarının səmərəli istifadə olunduğu bir romandır.

Hekayənin sonu, tarix kitablarının da dediyi kimi, faciəlidir, lakin Sayşa bununla dayanmır. XVIII əsrdə qısa bir hadisə ilə gələcəyə körpü qurur və oxucunun artıq başa düşdüyü şeyi izah edir: roman sadəcə XVIII əsr hekayəsi və ya sadəcə Siciliya hekayəsi deyil. Bu, bəşəriyyətin tarixidir: sonrakı əsərlərində də olduğu kimi, bu, müəllifin artıq məyus və pessimist baxışlarla baxdığı kədərli bir hekayədir. Sayşa tərəfindən reallıqda həqiqətin necə qarışıq görünə biləcəyini və yalanın həqiqətə çevrilə biləcəyini nümayiş etdirmək məqsədi ilə yenidən qurulan orijinal postmodern bir hekayədir.

"Misir şurası" sadə bir roman deyil. Yazı üslubu, bəlkə də hekayənin qurulduğu uzaq dövrlərə, ədəbiyyatın daha nəzakətli bir dillə səciyyələndiyi vaxta hörmət olaraq olduqca yüksəkdir: mürəkkəb dövrlər, zərif leksika, öyrənilmiş sitatlar və hətta təqlid etmək üçün tamamilə Manzoni zövqü, bir parça XVIII əsr nəsri" Abbat Cüzeppe Vellanın (1749-1814) saxtakarlığı və vəkil Françesko Paolo Di Blasinin (1755-1795) sui-qəsdi haqqında hekayə tarixi hadisələrin cərəyanını sədaqətlə izləyir. On bir fəsildən ibarət roman 3 hissədən ibarətdir.

Əsərdə tarixin dekonstruksiyası, süjet içində süjet, postmodern oyun, kollaj, intertekstuallıq, metafiksiya kimi elementlərdən istifadə olunub.

"Postmodern etika" ("Postmodern Ethics") kitabında Dr. Liz Vren-Ovens İtaliya cəmiyyətində böyük rola sahib iki mühüm italyan yazarının - Leonardo Sayşa və Antonio Tabucchi haqqında orijinal məsələləri gündəmə gətirir.

Kitab postmodernizmin şübhələri və skeptisizminin qızışdırdığı bir mühitdə ənənəvi impeqno formalarından imtina etdikdən sonra iki yazıçının öz ictimai-siyasi mühitləri ilə ünsiyyət qurmaq üçün ədəbiyyatdan necə istifadə etdiyini araşdırır. Postmodern etika, Tabucchi və Sayşanın sabit həqiqətlərinin olmaması, dilin fikirləri tam çatdıra bilməməsi və intertekstuallıq kimi ənənəvi kitabları, problem yaradan amilləri əhatə etməklə münasibətlərini inkişaf etdirmə yollarını araşdırır. Sayşa, müasirlərindən fərqli olaraq, cəmiyyətlə dialoq vasitəsi kimi ədəbiyyata inamı qoruyub saxlaya bilir. Sayşa detektiv janrının bütün qanunlarını detektiv fiqurundan tutmuş, süjetə və sona qədər alt-üst edir.

"Borxesin "İnkvizisiyaları" modeli və Salvatore Battaglianın filoloji və tənqidi inkvizisiyaları"nı özünə rol model götürən yazar bundan yaradıcı surətdə istifadə etmişdir, o polis təhqiqatını filoloji təhqiqatla əvəzləməklə kifayətlənmir, postmodern vəziyyətin şübhələrindən doğan iqtidar dilinin ifaçılıq qabiliyyətinə məhz postmodernliyin silahları ilə hücum edir, məlumatın parçalanması və diskursun retikulyar təşkilini icra edir".

Sayşa artıq Manzoninin 1964-cü ildə "İnkvizitorun ölümü" ilə bağlı düsturunu sınaqdan keçirərək, sənədləri bir araya gətirərək, mənbələri birləşdirərək öz inkvizitorunun qatili olan bidətçi Fra Dieqonun hekayəsini yenidən qurmuşdur. Yazar Manzoninin modelini şüurlu şəkildə postmodern araşdırma üsulları ilə dekonstruksiya etmişdir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!