Nizami CƏFƏROV
Nurəddin Ədiloğlu 45 ildən çoxdur ki, bədii və publisistik yaradıcılıqla məşğul olur. Özünün bir yazısında etiraf etdiyi kimi, bu illər ərzində yaradıcılığı haqqında Rahid Ulusel, Sabir Rüstəmxanlı, İsmayıl Vəliyev, Zeydulla Ağayev, Vaqif Yusifli, Nizaməddin Şəmsizadə, İslam Qəribli, Aqşin Babayev, Qulu Məhərrəmli, Həsənbala Sadıqov, Füzuli Bayat, Fərahim Sadıqov, Əjdər Fərzəli, Salidə Şərifova, Buludxan Xəlilov və başqa görkəmli alim və professorların yazdığı məqalələr, söylədiyi fikirlər ən böyük qazancı olub. Azərbaycan nəzəri-estetik fikrinin sayılıb-seçilən nümayəndələrindən biri, Xalq yazıçısı Elçinin təbirincə desək, "tənqidimizin zəhmətkeşi" Vaqif Yusifli Nurəddin Ədiloğlunun müharibə mövzusunda qələmə aldığı "Qara sarmaşıq" romanının təhlilinə həsr etdiyi məqaləsində onun ədəbiyyata publisistikanın qanadlarında gəldiyini xüsusi qeyd edir.
"Sözün müharibə rəngi" kitabının əlyazması ilə tanış olanda mən buna bir daha əmin oldum. Oxuculara təqdim olunan 100-dən çox məqalə, esse və müxtəlif publisistik səpkili yazının demək olar ki, hər biri bədii yaradıcılıq üçün səciyyəvi olan lirik ricətlərlə zəngindir. Kitabın "Qarabağ Azərbaycandır və nida" adlı birinci hissəsinə daxil edilən yazıların arasında "İntizarın sonu var..." (Şuşadan Bakıya ümid məktubu) təkcə məzmununa görə deyil, həm də Vətən müharibəsindən öncə yazıldığına görə diqqəti cəlb edir.
Bu hissəyə daxil edilən "Bizim ən güclü silahımız Vətən sevgisidir", "Zəfər sənindir, Azərbaycan əsgəri!", "Vətən eşqindən ucalsın Şuşada bayrağımız...", "Şuşanın dağları bizi gözləyir..." və digər yazıları Nurəddin Ədiloğlunun həm də bir vətəndaş kimi qələbəmizə böyük inam hissindən soraq verir: "Şuşa yenə saçları şehlə yuyulmuş gözəllər gözəlinə dönəcək. Ad gününü Şuşada, Qələbə paradını Bakıda keçirmək arzusuyla yaşayan əsgər və zabitlərimizə Allah yar olsun!.."
Kitabın "Barıt qoxusu gələn Vətən torpağı" və "Qızılı rəngli Zəfər tağı" hissələrinə daxil edilən məqalələrin çoxu 44 günlük Vətən müharibəsi dövründə qələmə alınıb. Müharibədən, şəhidlərdən yazmaq nə qədər ağrılı olsa da, müəllif bu ağrı-acılarını əks etdirməklə yanaşı, həm də bədii dilə məxsus obrazlı ifadələrlə "Əsgərimizə dua, düşmənimizə PUA", "Əsgər, Vətən əmanəti, yurd əmanəti", "Ölüm mələyini heyrətə gətirən qəhrəman", "Qızıl payız Şuşaya bayram libası biçir", "Viləşin qəhrəman oğulları", "Ana Vətənimizin sönməz ulduzları", "Könüllülər ili"nin könüllü əsgərləri", "Ölüm ayrılıq deyil" və başqa məqalələrində çox aydın əks etdirib. Vətən müharibəsinin ən ağır, qanlı-qadalı səhifələrini və ordumuzun zəfər yolunu işıqlandıran bu silsilədən olan yazılar düşmən üzərində şanlı qələbəmizin salnaməsidir. N.Ədiloğlunun publisistik janrda yazdığı bu yazılarda nəinki müharibənin rəngini, hətta xalqla ordu birliyinin nəbzinin ahəngini, qələbə eşqi ilə döyüşən Azərbaycan əsgər və zabitlərinin ürək döyüntülərini hiss edirik.
Nurəddin cəmiyyətdə cərəyan edən hadisələrin mənəvi mahiyyətinə varır, həyatın, gerçəkliyin nəbzini tutur, ziyalı vicdanı, jurnalist istedadı, yazıçı qələmi ilə biganə qala bilmədiyi mövzuları oxucusuna təqdim edir. Zənnimcə, onun "Türk dünyasının qılınc və söz sərkərdələri", "Türk əsgərinin məğlubedilməz ruhu", "Mustafa Kamal Atatürkün Azərbaycan sevgisi", "Erməni hiyləsinə tuş gələn rus şairi", "Məcnun Məhəbbətin Leylası Laçın" və gerçək faktlara söykənən başqa məqalələrinin hər biri oxucuların marağına səbəb olacaq!
Məsələn, Ədirnə fatehi Qazi Ənvər Paşanın adının işığında Gədəbəydə və Masallıda dünyaya göz açan Ənvərlərin oxşar taleyi, onların alman faşistlərinin əsir düşərgəsindən xilas olandan sonra Nuru Paşa və Məhəmməd Əmin Rəsulzadə ilə Türkiyədə görüş səhnələri böyük əsər təəssüratı yaradır. Bu mənada müəllifin "Ənvər paşanın azərbaycanlı adaşları" məqaləsi bədii-sənədli film üçün maraqlı epizodlarla zəngin olan mükəmməl ssenaridir.
Kitaba dünən də, bu gün də qələmlə döyüşən ziyalılarımız haqqında da məqalələr daxil edilib. Bədii-lirik səpgidə qələmə alınan bu essevari yazılarda Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə xanım Paşayeva ("Vətən pərvanəsi - qənirsiz Qənirə"), 26 il Respublika Əlyazmalar fonduna rəhbərlik edən Məmmədağa Sultanov ("Xalq düşməni"nin qızı ilə evlənən jurnalist") Xalq yazıçısı Gülhüseyn Hüseynoğlu, Xalq şairi Qabil ("Disident yazıçı ilə son görüşün tarixçəsi") professor Zeydulla Ağayev ("Erməni terrorizmini ifşa edən alim") zəhmət adamı, Sosialist Əməyi Qəhrəmanı Məmməd Hüseynov ("Yaxşılıq heç zaman itmir") və neçə-neçə vətənpərvər ziyalılarımızın nurlu obrazları görünür. Bu məqalələrin çoxu N.Ədiloğlunun həm də professional tədqiqatçılıq bacarığından soraq verir. Maraqlıdır ki, müəllifin bədii publisistikası təkcə bizi əhatə edən məkan və zamanla bağlı deyil. Ən müfəssəl məlumatı qələmə alan müəllifin altıncı hissəyə daxil etdiyi yazıları arasında məni ən çox heyrətləndirən alim dostumuz, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayevin atası Front Mustafayev haqqında "Dostu qazanmaq asan olur, amma..." essesi oldu. Aşıq Kamandarın qohumu olan Front Mustafayev əbədiyyət ömrü yaşayan işıqlı şəxsiyyətlərdən olub. Haqq-ədalətin mizan-tərəzisində özünü dürüst göstərən bu nurlu şəxsiyyətin dost yolunda fədakarlığı qəmli həyat hekayəsi olsa da, əməli onu insanlığın ali mərtəbəsinə ucaldır.
Yeddi hissədən ibarət olan bu kitabda bəşərin bəlası olan Koronovirusa aid yazılar çox sanballı tərzdə təqdim olunur. Belə yazılardan "Bəşəriyyətin 37-ci ili", "Nəfsimizin iki günlük nəfəsliyi", "Taclı virus ölüm mələyi rolunda" və başqa yazıları misal göstərmək olar.
"Sözün müharibə rəngi" kitabında publisistikanın janr rəngarəngliyi, çoxçalarlığı ilə yanaşı, müəllif axtarışlarının intensivliyi və məhsuldarlığı da maraq doğurur. Bu da onu deməyə əsas verir ki, Nurəddin Ədiloğlu müasir tariximizin kənar seyrçilərindən deyil, cəmiyyətdə baş verən hadisələrin ən fəal yazarlarındandır. Peşəkar qələm adamı olaraq onun yaradıcılığında yüksək istedadı ilə gərgin zəhməti bir vəhdətdə birləşir. Kitabda müəllifin publisistik təfəkkürünün, düşüncəsinin təməlində həm də güclü milli təəssübkeşlik hissi duyulur; könlündəki türkçülük sevdası, müasir dünyamıza geniş və aydın nəzərlərlə baxan qələm adamının özü barədə müfəssəl təəssürat yaradır.
Mən Nurəddin Ədiloğlunun jurnalistika və ədəbiyyat sahəsində fəaliyyətini yüksək qiymətləndirir, onun oxuculara təqdim etdiyi "Sözün müharibə rəngi" kitabını Azərbaycanın Vətən müharibəsi və mədəniyyət tariximizin öyrənilməsində əhəmiyyətli və dəyərli mənbə hesab edirəm.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!