Ələsgər Əlioğlu rayonda yaşayıb-yaradan istedadlı qələm sahiblərindəndir. Ələsgərin əsərlərində xalq ruhunun saflığı var. Bu da təsdüfi deyil. O, folklor mühitində yaşayıb-yaradır. Xeyli sayda duzlu-məzəli lətifələri toplayıb nəşr etdirib. Xalq ədəbiyyatındakı yığcamlıq, az sözlə dərin məna ifadə etmək, sətiraltı məna, yumor onun öz yaradıcılığına da təsirsiz qalmayıb. Folklor ənənələrindən yaradıcı şəkildə bəhrələnən şair özü də duzlu-məzəli şeirlər, hekayələr yazıb.
Bütün yaradıcı insanlar kimi Ə.Əlioğlu da həmişə haqqın-ədalətin carçısı kimi çıxış edib, ictimai-siyasi motivli əsərlər yaradıb. Onun xeyli sayda müxtəlif məzmunlu qoşmaları, gəraylıları vardır.
Hara gəldi yozun məni,
Çətin tutar ovsun məni...
Ayağımdan asın məni,
Bəlkə dünya düz görünə!..
"Səhərin yoluna çıxdım" (1983), "Dəryada gəmim qaldı" (1989), "Haraylar, cəngilər" (1996), "Vətən ağrıları" (1997), "Məni qoyub gedən yağış" (2004), "Yaz qalayan tonqal" (2008) və sair kitablarında toplanan şeirlərin əksəriyyəti orijinallığı, bənzərsizliyi ilə seçilən maraqlı poetik nümunələrdir.
Ələsgər Əlioğlu uşaq şairi kimi daha çox tanınır. Onun "Xortumsuz fil" (1982), "Yeraltı keçid" (1987), "Göydə uçan qurbağa" (2008), "Ağacın balası" (2009) və b. kitablarına toplanan şeirlər uşaq poeziyamızın dəyərli nümunələri sırasındadır.
Ələsgər Əlioğlunun "Xortumsuz fil" və "Yeraltı keçid" kitabları çap olunan kimi uşaq ədəbiyyatı ilə məşğul olan mütəxəssislərin, şair və yazıçıların diqqətini cəlb edib. Şairin ilk uşaq kitabını - "Xortumsuz fil"i maraqla oxuyan tanınmış uşaq yazıçısı Tofiq Mahmud 1983-cü ildə "Ədəbiyyat və incəsənət" qəzetində yazırdı: "Ələsgər Əlioğlunun şeirləri özünəməxsus müsbət cəhətləri ilə fərqlənir. Hər şeydən əvvəl, gənc müəllif yığcamlığa və lakonikliyə yiyələnə bilib. Şair qısa şeirlərində fikrə, mənaya, lövhəyə, məzmuna xüsusi diqqət yetirib. Təbiət hadisələri, kənd həyatına aid əhvalatlar, uşaqların fikirləri, mühakimələri bu şeirlərin ruhunu, canını təşkil edir".
Ə.Əlioğlu təsvirləri ikinci dərəcəli, əhəmiyyətsiz detallarla, təfərrüatlarla doldurmağı xoşlamayan, bir xarakterik cizgi ilə öz fikrini deməyi bacaran şairdir. "Zəngli saat", "Sınan xətkeş" əsərlərinin balaca qəhrəmanları öz nadincliklərinin layiqli cəzasını alırlar. Zəngli saatı Natəvan axşam çox oynatdığı üçün, saat gecəyarısı qızı şirin yuxudan oyadır. Bəs Ədalətin dəftərindəki bu xətt niyə belə əyri alınıb?
Ötən axşam sındırıb
Xətkeşini Ədalət.
Bu axşam dəftərində
Əyri alınıb düz xətt.
Əli xoruzu ona görə buynuzlu çəkib ki, onu tülkü yeməsin ("Buynuzlu xoruz"); Külək Nabatın bantını çirkli olduğu üçün onun başından açıb ("Çirkli bant"); Qoç hamıya buynuz göstərdiyi üçün buynuzunun bir tayını örüşdə qoyub gəlməli olub ("Taybuynuz")...
Ələsgər Əlioğlunun əksər şeirləri belə xarakterik detallar üzərində qurulmuşdur. Şair hər bir predmetə, əşyaya uşaq gözü ilə baxmağı bacardığından onun yığcam, yumorlu şeirlərini oxuyanda istər-istəməz adamın üzünə təbəssüm qonur. "Məktub" şeirində oxuyuruq:
Məktub yazan Ayazdı,
Ünvanı da tərs yazdı.
Aparıb məktubu o,
Poçt qutusuna atdı.
Qayıdıb məktub yenə
Onun özünə çatdı...
Ə.Əlioğlunun balaca qəhrəmanları diribaş, fərasətli, hazırcavab uşaqlardır. "Sabun" şeirinin qəhrəmanı öz səhvini görün necə qiymətləndirir:
Gözümü də qırpmadım,
Sabunladım üzümü.
Sabun acığa düşdü,
Acışdırdı gözümü.
Yumor Ə.Əlioğlunun bütün uşaq şeirlərinin cövhəridir. "Qarışqalar" şeirinin qəhrəmanı qarğıatını çapa-çapa bağda hərlənir, gah gilas, gah ərik dərir. Onun üst-başı bütün şirə olur. Atını yerə qoyub əlini yumağa gedir:
Tağı düşdü atından
Görsün ki, harda su var.
Qayıtdı ki, atını
Miniblər qarışqalar.
Kənd həyatını yaxşı bilməsi Ə.Əlioğlunun uşaq şeirlərinin məzmununa da təsirsiz qalmır. "Doyandan sonra" şeirində olduğu kimi:
Qalın bir biçənəkdə
İtirdim quzunu mən.
Tapa bilmədim onu,
Yorulub düşdüm əldən.
Çəkildim bir qırağa,
Birdən mələdi quzu.
Yeyib doyandan sonra
Yerini dedi özü.
Son illərin hadisələri, müzəffər ordumuzun zəfər yürüşü, işğal olunmuş torpaqlarımızın geri qaytarılması uşaq ədəbiyyatımıza da yeni mövzular gətirdi. Digər qələm sahibləri kimi Ələsgər Əlioğlu da bu mövzuda xeyli şeirlər yazıb çap etdirdi. Onun "Göyərçin" jurnalında çap olunan "Qələbə bayramında", "Çörək muzeyi", "Xarıbülbül", "Cıdır düzündə", "Laçın meşələrində", "Şuşa qalası" və sair bu kimi şeirlərində uşaqlarda vətənpərvərlik duyğularının oyadılması ideyası ön plandadır. Çörəyimizi yeyib, suyumuzu içənlərin, hətta Ağdamdakı çörək muzeyini belə dağıtmaları ürək ağrısı ilə təsvir olunandan sonra şair düşmənlərin məğlubiyyətini belə mənalandırır:
Deməyin ki, döyüşdə
Yağılar bizi uddu.
Onları "İtiqovan",
Həm də ki, çörək tutdu!
"Qələbə bayramında" şeirində isə xalqımızın qələbə sevinci uşaq səviyyəsinə uyğun şəkildə öz əksini tapır:
Qələbə bayramıdır,
Hamı çıxıb meydana.
Sevinc, şadlıq nəğməsi,
Yayılıb dörd bir yana.
Göylərdə uçur fişəng,
Ətrafa işıq saçır.
İndi təkcə yer-yurd yox,
Göylər də işıq saçır!..
İstedadlı qələm sahibi kimi tanınan Ələsgər Əlioğlunun "Goranboy lətifələri" (2005), "Goranboy ölkə mətbuatında" (2006) kitablarından sonra qazandığı nəsr təcrübəsi onun uşaqlar üçün povest və hekayələrdən ibarət "İtən bala göyərçin" (2008) kitabının yaranmasına zəmin yaratmışdır. Ələsgərin şeirləri kimi, onun nəsr əsərləri də öz yığcamlığı, uşaq psixologiyasına, düşüncəsinə uyğunluğu ilə diqqəti cəlb edir. Məsələn, onun "Nağaraçı dolu" yazısına nəzər salaq:
"Əli həyətdəki skamyada əyləşib nağara çalırdı. O, bir azdan sonra nağaranı skamyanın üstünə qoyub nahar etmək üçün evə girdi.
Əli yenicə nahar edib qurtarmışdı ki, bayırda nağara səsi eşitdi. O, cəld bayıra atıldı ki, görsün nağaranı çalan kimdir.
Oğlan bayıra çıxan zaman gördü ki, göydən ağ muncuq kimi dolu düşür və nağaranı çalan da bu dolu imiş...".
Ələsgər Əlioğlunun uşaq şeirləri, hekayələri, nağılları elə uşaqların özü kimi təmiz, şıltaq, kövrək, balacadır. Məsum körpə, uşaq görəndə adamın üzü istər-istəməz güldüyü kimi, Ələsgərin əsərləri də adama xoş ovqat bağışlayır.
Ömrünün 70-ci baharını qarşılayan qələm dostumuzu - Ələsgər Əlioğlunu yubileyi münasibətilə təbrik edir, ona cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!