Durna qatarı - Vaqif Səmədoğlunun xatirəsinə - Aygün BAĞIRLI

Aygün BAĞIRLI

 

Aygün BAĞIRLI

Filologiya üzrə fəlsəfə doktoru, dosent

 

Yaradıcılığının əsas mövzusu azadlıq, zaman, həyat, ölüm, tənhalıq və ümumilikdə İnsan və onun yaşantıları olan Vaqif Səmədoğlu altmışıncılar ədəbi nəslinin görkəmli nümayəndəsidir. 60-cı illər Vaqif Səmədoğlu üçün hər şeydən əvvəl bir çox sahələrdə - fəlsəfədə, ədəbiyyatda, musiqidə, mədəniyyətdə, dəbdə "yeni zövq"ün yarandığı bir dövr kimi dəyərli idi. Belə bir dövrdə yaradıcılığa başlayan Vaqif Səmədoğlunun əsərləri o illərdə çox çap olunmayıb. İlk dəfə 1963-cü ildə Xalq şairi Rəsul Rzanın təqdimatı ilə "Azərbaycan" jurnalında bir neçə şeiri dərc edilən Vaqifin 1968-ci ildə "Yoldan teleqram", 1972-ci ildə "Günün bəxti" adlı kiçikhəcmli kitabları çıxsa da, əsərləri əsas etibarilə müstəqillik illərində çap olunmuşdur. Amma şeirlərinin yazılma tarixinə nəzər yetirdikdə görürük ki, şair dövrün, senzuranın tələblərinə görə şeirlərini çapa təqdim etməsə də, yaradıcılıqdan ayrılmamış, yaşadığı duyğuları, ağrıları, istəklərini daim qələmə almış və çap olunmaması yazıçı Anarın dediyi kimi, Vaqif Səmədoğlunun "poetik mən"ini ana balasını qoruyan kimi qorumasına kömək etmişdir. Beləliklə, onun yaradıcılığı "zamanın kardioqramını cild-cild elmi kitablardan daha dəqiq və dolğun əks etdirən" (Anar) poetik xəzinə kimi bizə miras qalmışdır. Vaqif Səmədoğlunun doğulduğu, böyüdüyü mühit, zəngin mütaliəsi, güclü müşahidə və təhlil qabiliyyəti onu istedadlı şair, dramaturq kimi formalaşdırmışdır. İstedadlı şair və ədəbiyyat adamı olmaqla yanaşı, onun ictimai-siyasi xadim kimi də xidmətləri az olmamış, 90-cı illərin əvvəllərində ölkədə yaranan gərgin siyasi proseslərdə yaxından iştirak etmiş, Milli Azadlıq hərəkatının öncüllərindən olmuş, Moskvanın - Kremlin Azərbaycanla bağlı haqsız siyasətinə qarşı çıxan xalqla həmrəy olaraq, çıxışları ilə ümumxalq etirazlarını dəstəkləmişdir.

"Ayrılıq hissi bütün insanlarda var, amma son vaxtlarda mən ayrılıqların ən dəhşətlisini hiss etdim: ən dəhşətlisini, bəlkə də ən çıxılmazını, bu da Milli Ayrılıq və Milli Tənhalıqdır.

Qarabağla bağlı hadisələr, erməni millətçilərinin uzun illərdən bəri apardıqları təbliğat, hazırlıq, bir də ki, Qərbi Avropanın bu işə insafsız münasibəti mənə Milli Ayrılıq hissini yaşatdı. Elə bildim ki, mənim millətim, Vətənim Azərbaycan Yer kürəsindən ayrılıb". Bu hisslər, bu yaşantılar Vaqif Səmədoğlunun poeziyasına da, lirik "mən"inin ovqatına da təsir edirdi və Azərbaycan poeziyasında onun darıxan, narahat və nigaran şair imicinin formalaşmasının səbəblərindən biri də bu milli tənhalıq duyğusu idi.

Rəsul Rza ədəbi məktəbinin istedadlı nümayəndəsi Vaqif Səmədoğlu sərbəst vəzndə yazdığı əsərlərlə Azərbaycan poeziyasında sərbəst şeirin ən gözəl və kamil nümunələrini yaratmışdır. Özünün də müsahibələrində qeyd etdiyi kimi, sərbəst şeiri ilk dəfə Vaqif Səmədoğlu qafiyəsiz yazmışdır. Ona qədər sərbəst vəzndə yazan şairlər qafiyəli şeirlər yazırdılar. Şair xüsusi adla adlandırmadığı, əksəriyyəti kiçikhəcmli olan şeirlərinə ağırçəkili məna, fəlsəfi dərinlik və estetik tutum yükləmişdir. Vaqif Səmədoğlunun poetik "mən"inin yaddaşı güclüdür, xatirələrə hörməti böyükdür, "39-da doğulsa da, 37-də tutulan" sələflərinin acısını yaşayır. Onun şeirlərində ölüm nəinki qorxuludur, hətta bəzəklidir. Vaqif Səmədoğlunun poeziyası ağrıların ilmə-ilmə, naxış-naxış toxunduğu misra və bəndlərdən ibarətdir, onun yaradıcılığı bütövlükdə ağrı haqqında böyük poeziyadır. Şair 1982-ci ildə öz şeirlərini "dostsuz, yaxınsız, kimsəsiz" adlandıranda, bəlkə də, auditoriyalarda oxunmayan, alqışlanmayan, şəninə təriflər deyilməyən "talesiz" şeirlərini nəzərdə tutmaqla yanaşı, həm də o nümunələrin dövrün ağrı və əzablarını əks etdirmək baxımından bənzərsiz, tək olduqlarını demək istəyirdi. Bu tərz şeirlər o vaxt sakit-sakit, pıçıltıyla otaq küncündə ancaq dosta oxuna bilərdi. Bətnində əzablar gəzdirən, çox mətləblər və sirlər gizlədən bu şeirləri o zamanlar ancaq "stolun gözünə" yazmaq olardı.

Şair öz şeirləri haqqında ayrı-ayrı nümunələrdə yazır:

 

Şeirim uşaq gözündə

Qoca gözünə bənzər.

 

***

Şeirlərimin qızdırmasından

Yata bilməmişəm bütün gecəni.

Ciyərləri cadar-cadar olmuş

Təngnəfəs şeirlərimin.    

 

Əl-qol yorulub, üzülüb ürək,

beyin taqətdən düşüb.

ümidlər əl-ayaqdan

elə hey şeir, yazı yazmaqdan...

...hər gün diri-diri, aman Allah,

narkozsuz şeir yazmaqdan...

 

Narkoz insana nə vaxt verilir? Yaşayacağı şiddətli ağrıdan əvvəl. Deməli, şair şeir yazmağı bu ağrı ilə bərabər tuturdu, çünki o, "baharın ilk çiçəklərindən" yazmaq istəsə də, zaman və gerçəklik ona:

 

Sənin vətənində meşələr yanıb bu yay

mənim yurdumda yağışlar yanıb

 

- yazdırırdı. Meşənin yanması mümkündür, bu bir təbii fəlakət olub təbiətə və ekologiyaya zərər vura bilər. Amma yağışın yanması artıq ruhi və mənəvi faciədir, duyğuların, xəyalların, xatirələrin yanmasıdır. Vaqif Səmədoğlu faciənin dözülməzliyini göstərmək üçün demir ağaclar yandı, deyir: "Bu meşəsiz mənzərədə odun yerinə daş yanır". Yaxud "yaramı var o dağın ormanlı sinəsində" - kimi dəhşətli mənzərənin rəsmini çəkir. Cəmi beş-altı misra ilə acının, həsrətin, bir addımlığında durub əlinin çatmadığı arzuların, üşüyən uşaqlıq xatirələrinin, çıxılmaz dalana düşmüş qəhrəmanın çarəsizliyinin tablosunu yaradır. Bu tablolar o qədər təbiidir ki, burada nəinki heyrətin, həsrətin, qorxunun, sevginin rənglərini görürsən, hətta yerə tökülmüş yaş xəzəllərin, nəm skamyanın qoxusunu da hiss edirsən və bu tablodan bir qəmli uşaq gözləri boylanır oxucuya. O uşaq ki, oxuduğu nağıllarda hətta "divlərin də gözləri dolur". Bütün uşaqların oxuduğu nağıllarda divlər dəhşətli və qorxuludur. Vaqif Səmədoğlunun nağıllarındakı divin gözləri isə dolub. Divin də gözlərini yaşardan bu uşaq "39-da doğulub, 37-də tutulub", uşaqlığı dustaqlıqda keçib. "Elə bil ayrılıqdan süd əmib uşaqlığım" - yazıb, "dənizi xoşbəxt", "sahili şən" aləmin onun nəinki həyatına, hətta yuxularına belə aidiyyəti olmayıb.

 

Bu yuxu, deyəsən, yolunu azıb,

mənim yuxum deyil bu.

Bu lalələr, bu çəmən,

sevinib, uğuna-uğuna Günəşə gülən

bu şən çocuqlar...

Bu röya mənim deyil,

bu dünya mənim deyil.

 

Bu işıqlı aləm ona görə şairə yad idi ki, onun "uşaqlığının meşəsində" ocaqlar çatılmışdı. İsti, xoş xatirələrdən çox, yaddaşda uşaqlığından "kimsəsiz park", "üşüyən nəm skamyalar" qalmışdı. Ona görə Vaqif Səmədoğlunun poeziyasına həsrətin, ayrılığın poeziyası da demək olar. Bu həsrətin poetik obrazı maraqlı tərzdə təqdim olunur. Günəş bir gün göy üzündə bir daha batmamaq iddiasıyla dayanır, zahirən pis görünmür. Günəş işıqdır, istilikdir, həyatdır. Amma şair gözlənmədən bu mənzərədən doğan və bizim görmədiyimiz həsrəti görür - bütün dünya gecə həsrəti ilə dolur. Başqa bir şeirdə "Başın üstən yana-yana köçər durna qatarı..." yazır. Durna qatarının köçməsi onsuz da hicrandır, ayrılıqdır, payızın gəlişidi, amma bu durna qatarı Vaqif Səmədoğlunun şeirindən yana-yana köçəndə, bu ayrılıq daha nisgilli, daha ağrılı olur. Yaxud "dəniz sahilində durub dəniz həsrətiylə ölmək" - kimi ağrılı hicran.

 

***

Anasına xitabən yazdığı şeirdə "bir-iki layla qoy yoluma, ana, bəlkə uzaqda - uşaqlıqda öləcəyəm", - deyən şairin bu bədbin poetik fotoları, düşünürəm ki, təkcə onun yox, elə o nəslin, o epoxanın bütün uşaqlarının ağ-qara rəngli qəmli fotolarıdır.

Vaqif Səmədoğlu uşaqları hələ körpə ikən bayrağa bələməyi tövsiyə edirdi. Gün gəlir həmin uşaqlar onun şeirlərində bayraq görəndə gözləri dolan, köksü qabaran qəhrəmana çevrilir.

 

Üzük var, taxmağa bir barmağın yox,

Yollar var, ayaqsız yol yormağın yox,

Yamaq vurmağa da öz bayrağın yox,

Nə yaman ağırmış bulud kölgəsi,

İçində bağıran köçəri səsi.

 

Şair bu şeiri üçrəngli bayrağımızın sandıqlarda gizlədildiyi, gün işığına çıxarılmadığı vaxtlarda yazıb və burada yamaq deyəndə çox güman ki, ay-ulduzu nəzərdə tutmuşdur.

Vaqif Səmədoğlunun Sovet dövrü yaradıcılığında ana dilinə yad münasibətdən qaynaqlanan bir narahatlıq və nigaranlıq var. Doğma dilə göstərilən ögey münasibəti şair bəzən ağrı, acı təəssüf, böyük yanğı, bəzən kinayə ilə ifadə edirdi.

 

Yenə getdi ayrılığa,

Yaxın, doğma izləri.

Yenə qərib şeirə döndü

Ana dilin sözləri...

 

1982-ci ildə qələmə alınan bu parçada şair ana dilinin qərib şeirə dönməsindən gileylənir. Bəzən ayrı-ayrı əsərlərdə "al qalstuklu pionerin vətən haqda oxuduğu yad sözlər", "Mənasız olur özgə dilində oxunan duaların ümidi", "Don vurar türkün dilini" - kimi nigaranlıq ifadə edən misralarla yanaşı

 

Körpü altının

Yosunlu, nəm, sərin mahnısı da

Düşməlidir yadımıza.

Buraların bir sözünü,

Bir avazını unutmamalıyıq biz.

Qürbətə dönməməlidir

Bu yerlərin yetimliyi.

Gündoğanın və günbatanın

Himnlərini bilməlidirlər,

ayaq üstə oxumalıdırlar balalarımız.

Unudulmaya gərək,

yada düşə gərək

bu torpağın bütün sözləri

 

- kimi açıq şeirlər də yazır, otaylı-butaylı Azərbaycanın nəinki bütöv dilinin, hər kəlməsinin qayğısına qalır, onun unudulmamasına çalışırdı. Ana dili Vaqif Səmədoğlunun şeirlərində elə vətənin özüdür.

Ağac kultu Vaqif Səmədoğlu üçün müqəddəsdir, bəzən insandan da dəyərlidir. Ağacın yanında günah etmək onun üçün elə tanrı yanında günah etmək kimidir. "Meşədə adam öldürürlər o qədər ağacın gözü qabağında", "Bəlkə, günahların ən böyüyü ağacın gözü qabağında ağlamaqdır, bəlkə, baltadan da pisdir ağac dibinə daman göz yaşı", "Dəlixana həyətində bir ağac da dəli oldu", "Ruhu şad olur meyvə bağında ölənlərin" kimi misralarda təbiətin, yaradılışın bir parçası olan ağaca münasibətindən görürük ki, ağac bəlkə də, şairin ən çətin, ən tənha günlərində sirdaşı, dərd anlayanı olub.

 

Ağac kölgəsində bitsin,

Kədər-sevinc davası,

Məni baxtla barışdırsın,

Yarpaqların duası

 

- şeirində isə yarpaqların duasını ən müqəddəs dua hesab edir, onu bəxti ilə özü arasında vasitəçi seçir.

Azadlıq mövzusu yuxarıda da dediyimiz kimi, Vaqif Səmədoğlu poeziyasının əsas mövzularındandır. Vaqif Səmədoğlu azadlıq deyib hayqırmır, onun azadlıqla münasibəti kövrək pıçıltı, için-için yanan poetik "mən"in həzin sevgi etirafı səviyyəsindədir:

 

Sən mənim

doğma anamsan, Azadlıq,

mən sənin

yad qapısında böyümüş balan...

Sən son ümidimin qaldırdığı

ağ bayraqsan, Azadlıq,

mən səni

yellədən külək...

 

Bu şeir ağrının, faciənin, yad qapısında böyüməyin ağırlığının zildə yox, bəmdə olan ifadəsidir. Mənəvi ağrılar, sızıltılar, "qəflətən sıxılan ürək", lirik "mən"i fiziki xəstəliyə düçar edir bir gün. Öz xəstəliyinin səbəbini və diaqnozunu isə həkimdən də yaxşı dərk edir:

 

Professor, bilirəm,

bu xəstəlikdən can qurtarmaqçün,

bir zəhrimar içkidən,

bir də

azadlıq arzusundan əl çəkmək gərək.

 

Amma şair nə azadlıq arzusundan, nə də tənhalıq və təklikdən əl çəkmək niyyətində olmur, o, azadlıq istəyində israrlıdır:

 

Ağ kağız üzərində

yer üzünün bütün məntiqlərinə

meydan oxuyan qələmimin təkliyini

dəyişmərəm

nə bir dövlət bayrağının kölgəsinə,

nə bir qadın səsinə,

nə övlad nəfəsinə,

nə də, bağışla, Allah, sənə...

 

Bu durumdan, təkid və isrardan itirən şairin səhhətidirsə, qazanan oxucu və ədəbiyyatdır. Çünki dövrün ictimai-siyasi, sosial panoraması, mənəvi-psixoloji durumu bu ədəbiyyatın güzgüsündə görünür. Zamanın Vaqif Səmədoğlu kimi söz və fikir adamlarının içindən keçən məşəqqət və dözülməzlikləri gələcək nəsillərə məhz ədəbiyyatın, poeziyanın aynasında təqdim olunur.

Yuxarıda qeyd etmişdik, şairin "Başın üstən yana-yana köçər durna qatarı" misrasını. Düşünürəm ki, elə Vaqif Səmədoğlu yaradıcılığı Azərbaycan poeziyasının üstündən yana-yana köçən durna qatarıdır. Ruhun şad olsun, şair!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!