Rüstəm KAMAL
Oğlum Qorqud telefonla Tartuda bir evin şəklini çəkib mənə göndərmişdi. Şəklin altında "Xaqani əminin evidir" yazmışdı. Pəncərədən süzülən solğun işıq payız gecəsində əriyib qəmli fon yaratmışdı. İstər-istəməz Xaqani Qayıblının sevdiyim bir şeirini xatırladım:
Qəfil haqladı dağları,
Pilə kimiymiş dağ qarı.…
Boylandım arxaca sarı,
Köçümdə payız sevinir.
Qürbət oldu, mən oldum,
İçimdə payız sevinir.
Xaqani Qayıblının şeirlərini oxuyanda bu qənaətə gəlirsən ki, onun ömür mövsümündə sanki "bahar" olmayıb. Sanki baharı gənclik metaforası kimi yaşamayıb, nə də baharın gəlişinə təbiət hadisəsi kimi sevinməyib. Payız (son bahar) onun əzəli və son sevdasıdır. İstənilən şeirindən payız boylanır.
Qəribliyin təşbehi-metaforası tərəkəmə ruhunun yaddaşından gəlir: "…Kədər arxaçlayıb bəbəklərimdə". Həyatın hər üzünü görmüş ixtiyar, müdrik tərəkəmə kişisi ömür karvanını dəvədə sürünən payız dumanına bənzədə bilər:
Bir gün
duman dərələrə çöyşüyən kimi
köçümü salarammı…
Qəribliyi insan kimi yaşamalı olsa da, ağrısını şair kimi, "qərib şairlərin sözlərini bağrına basıb" duyur. Bir kökdən törəmiş bu sözlərin məna sırası onun həyatında və poeziyasında tamam gerçəkləşibdi: qərb - qürbət-qərib (Estoniya) qürub…
Xaqani Qayıblı fəhmi ilə anlayır ki, qürbətdə şeir qətiyyən masa arxasında yazılmaz. Şeir qəribin içindən oxuya-oxuya çıxmalıdır.
Qəriblik hər şeyin mənasını (formasını, məzmununu, ölçüsünü, rəngini…) dəyişir. Müdrik Məmməd Araz deyirdi:
Qərib evinin qapısı
Yaşmaqlı - həyalı olarmış.
Qərib olan yerdə
Telefonu da lal olarmış.
Qərib olan Azərbaycan şairi Xaqani Qayıblı qoşmasını, gəraylısını bayatı-oxşama üstündə oxuması qəribliyin havasından gəlir.
Göz yaşın axıb durular,…
Önündə yollar ayrılar.…
Baxma, kürəyim qovrular,
Mən geri dönən deyiləm.
Mən həmişə şairləri ömrün mənasına münasibətə görə təsnif etmişəm: yəni ömrün "bu üzü"nü və "o biri üzü"nü görə bilənlər. Xaqani "ömrün o biri üzünü" görənlərdəndir. Bəlkə də ona görə də bu dünyanın parıltısına, var-dövlətinə heç vaxt aldanmadı. Uca könüllü bu şairin bütün sualları və nidaları ömrün "o biri tərəfinə" ünvanlanır. Kövrək xatirələri də, ruhlara müraciətləri nədənsə "ora" ilə bağlı olur.
Burax məni, gedim, anam,
Bu ömrün anrı üzünə.
Yaxud:
Bu ömrümdə şair oldum,
O ömrümdə, görən, nəydim.
Hərdən mənə elə gəlir ki, Xaqani özü də ruh kimi gəzib-dolaşır. Səsi ya Qaraçöpdən, Tiflisdən gəlir, ya İstanbulda, Tartuda, Brüsseldə olduğunu bildirir, ya da Gəncəyə, Bakıya toya gəldiyini xəbər verir…
Yol var-addıma tamarzı,
Yol var-çox tünlükdü, oğlum.
Hər şeirin altında ruhunun konkret və dəqiq "məkan - zaman qeydiyyatı" var: Qaraçöp, Tartu, Tallin, Brüssel, Erciyes yaylası, Ankara, Laukna… Şeir harda qeydiyyata alınıbsa, əslində şairin "vətəni" də oradır. "Vətən" - ruhumuzun qutsal məqamıdır.
Böyük rus şairi F.Tutçev kimi, o da şeirlərini "yollarda" yazır. Özü ilə söhbətləşə-söhbətləşə yola nərdivan salır: Tver-Pskov qatarı, Rəpina - Tartu, Riqa-Tiflis uçağı, Tartu-Tallin-Fiya-Tiflis, Riqa-Frankfurt uçağı…
"Ömrü gözütox" (əgər belə demək mümkünsə) yaşamaq hər kişinin və hər şairin işi deyil. O, ömrünə hörmət qazandırmağın mənasını dəqiq bilir.
O quşun, o daşın ömrü - yetiyim,
O daşın, o quşun dərdi - bəsimdir.
O quşun azadlıq eşqi - diləyim,
O daşın taleyi kürdü - bəsimdir.
Bu şeirdəki epifora (o quşun… o daşın…) və rədifin təkrarı (bəsimdir) zikretmə məqamı kimidir - mistik effekti ilə bizi öz ömrünə inandırır.
Xaqani Qayıblı mənim tanıdığım nadir şəxslərdəndir ki, kişilik onun şairlik ləyaqətinin bir çövhəridir. Aşağıdakı ibrətli kəlamları Qaraçöpdə yazması da heç də təsadüf deyil:
Kişi dərd yanından varıb gedəmməz,
Dərd kişi belini ikiqat eylər!
O, canının ağrısını, canının yaddaşını sözə danışa bilir, qımqımıya çevirə bilir. Canının xatirə ağrısını qürbətdə - Tartuda yaza bilir.
Qəfil bir yağmur başlaya -
torpaq kəndimiz qoxuya,
Mən havalanam!
Yaxud:
Canım vardı bir öpüşdən təntiyən,…
harda qaldı o günlərim, a Dünya!
Amma harda olsa da, yenə Qaraçöp yaylağını unutmur. Yaylaq şən olsun deyə, Avıllar dağında, Xanımçıxan yaylağında külfəti, dostları yığıb toy-büsat qurur. Ata ocağında ev tikir.
Çıxar gədikləri - diz ağrı çəkməz,
Baxar üfüqlərə - göz ağrı çəkməz.
Bəlkə o, ölümdən çox danışmaqla ömrün sonunu düşünməklə həyatı xatırlamaq istəyir. Canının ağrısı onu "son nöqtə"yə baxmağa vadar edir. Bu zaman xatirənin etnoqrafik detalları da metafizik məna kəsb edir.
Və məni
adam kimi yaşamağa qoymaz
səndən qalanlar!
Oğrun istəklərini
qaranlığında boğan axşamdı,
Mehi ürəyini titrədən,
doqqazlardan qoyunları qabağına qatan,
quzuları mələşən səhərdi,
hülqumumda ilişib qalan
uda bilmədiyim
acı bir qəhərdi
səndən qalanlar!
Şeirləri doğmalarını itirdiyi günlərin salnaməsidir. Atasının xatirəsinə həsr etdiyi şeir belə də adlanır - "Atamı itirdiyim gün". Şeirlərində əlinin yetmədiyi, ününün çatmadığı nəsnələrin səsi, anasına söyləyə bilmədiyi sözün hulqumunda ilişib qalmış qəhəri yuvalayır.
Qarşılasa,
Anam məni həyətmizdə tut ağacına
çatar-çatmaz
sinəsini yumruqlayaraq
"ölöm, qavağında ölöm" - desə,
dünya dağılarmı?
Görüşlərimizin birində sevgili oğlu Şərif - Turandan "şikayət etdi". Dedi ki, Estoniyanın dəniz qoxulu gecələrindən, buludlu, tutqun səhərlərindən bezən uşaq günəş işığının həsrətindədir. Tartudan nə vaxt köçüb gedəcəkləri günü soruşur. İşıq isə göbəyinin kəsildiyi yerdədir, ata-anasının ruhunun dolaşdığı məkandadır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!