Parodiya. İroniya. Yumor. - Rəvan CAVİD

Rəvan CAVİD

 

 

Ədəbiyyatda tanıdığımız bütün böyük və ciddi bədii əsərlərin özülündə ya folklor nümunələri, ya mifoloji elementlər, ya da dini mətnlər dayanır. Bu, təkzibolunmaz aksiomdur ki, şifahi xalq ədəbiyyatı gec, ya tez mətnin konstruksiyasına təsir edir. Bütün üslub cəhdləri məhz bu təsirdən qurtulmaq üçündür. Ya onu inkar edirik (ironiya), ya onu ciddi hesab etmək istəmirik (yumor), ya da həmin təsiri bu və ya başqa məcraya salmaq, beləcə də öz dominantlığımızı sübut etmək istəyirik (parodiya).

Şifahi ədəbiyyata müdaxilə yazıçının təxəyyül imkanlarının genişliyini və nəsildaşlarından fərqlənmək cəhdlərini ifadə edir.

Parodiya.

Nağıl, dastan, rəvayət və əfsanələrə edilən, dini və mifoloji göndərmələrin bol olduğu parodiyalar daha uğurludur. Yazının əvvəlində oxuduğunuz səbəbdən dolayı. Bu cür parodiyalar dünya ədəbiyyatına şah əsərlər qazandırıb. Ən sərt parodiya yunan mifologiyasına Con Faulzun "Mantissa" romanında edilib bəlkə də. Başdan sonacan dəyişməyən daxili akustika, magik atmosfer və mütaliənin amfiteatrında gülüş səsləri. Yazıçı yunan mifologiyasına postmodern detallar əlavə edir, eynən yunan xalqının səsi ilə ilahələrin əhvalatlarını fərqli tərzdə danışır. Parodiyanın konkret ünvanı olmadığı üçün müəllif sərbəstdir və öz mövzu və forma cəhdlərini həmin müstəviyə tətbiq edə bilir.

Tez-tez bu mövzuda adını eşitdiyimiz başqa bir əsər - "Lamançlı Don Kixot". Özündən əvvəlki bütün qəhrəmanlıq hekayələrinə ironiyadır və obrazlar qəhrəmanları yamsılayır, parodiya edir (onlar özü qəhrəman deyil). Bu romanla modern və postmodern axının səmtini müəyyən etmək olur. Zaman keçdi, bu gün "Don Kixot"un özü parodiya ünvanı oldu. Qəhrəmanlığa parodiyanın parodiyası. Deməli, həm də klassikaya çevrilən yazılı ədəbiyyat nümunələri özləri də bir gün istinad nöqtəsi olur. Bu gün dünya ədəbiyyatında Borxesdən Salman Rüşdiyə qədər bir çox nüfuzlu yazıçı Servantesin "Don Kixot"undan ilhamlanıb yeni esse və bədii mətnlər yazıblar.

Bu mənada əgər parodiya olunacaq mətn müəllif mətnidirsə, mütləq onun nüfuzu və dünya ədəbiyyatında tutduğu yer önəmli olmalıdır. Əks halda parodiya edən əsas mətnə və onun müəllifinə uduzacaq. Üç halda ona uduza bilər:

ya parodiya etdiyi müəllifin üslubunu qorumalı olacaq;

ya parodiya etdiyi mətnin intonasiyasında yazmalı olacaq;

ya da xitab etdiyi kütlə parodiya etdiyi müəllifi tanımayacaq və beləliklə mətnin taleyi arzuolunan səviyyədə olmayacaq.

Parodiya digər göndərmələrə nəzərən daha çox oxucunun intellekt və mütaliə səviyyəsinə hesablanır.

İroniya.

Olduqca ciddi və ya olduqca vecsiz. Bütün məsələ budur. Tarixin, ədəbiyyatın, mədəniyyətin, xalqlar coğrafiyasının mühüm bildiyi, bu gün isə öz aktuallığını itirmiş, ya da gərəksiz hadisələrin, obrazların yenidən ədəbi kontekstdə həllidir. İroniya mətnin yumor səviyyəsini nizamlayır. Xüsusən roman sənətində bu çox vacibdir. Yumor olmadan müasir roman öz standartlarını müəyyən edə bilməz. Qloballaşmış dünyada kitab bazarında xüsusi mövzuların hegemonluğu gözə çarpır. Məhz bu mövzulara diqqət etdikdə tamamilə ironik, radikal səmtdə yazı üslubları ilə qarşılaşırıq. Ədəbiyyatın suallarını daha çox kütlə eşitsin deyə məhz postmodern manevrlərdən istifadə edən müəlliflər orta çağın və Dünya müharibələrinin fəsadlarını, dini dünyagörüşünü tənqid, eyni zamanda təqlid edirlər.

Məsələn, Axundzadə və ondan sonrakı ədəbi müxalifət "yumoru açıq kartlarla oynayırdısa", bu gün daha peşəkar ironiya var. Səbəblərini müzakirə etmək naşılıq olardı. Zaman və şərtlərin öhdəsinə buraxıb yolumuza davam edək.

İroniyada diqqət edilən ən ciddi məqam da budur ki, müəllifin gülüş səsləri gərək eşidilməyə. Yazıçının hadisələrə münasibəti mütləq şəkildə görülməməlidir. Müəllif ölməlidir. Müəllif morqda gəzən kimi gəzməlidir. Müəllif güldürür, ağladır, ancaq onun mimikasını bizlər görmürük.

Ağlatmaqdan söz düşmüşkən... İroniya təkcə yüksək əhvala hesablanmır. Mətn boyunca güldüyümüz əhvalatların finalı bəzən sarsıdıcı olur. Alper Canıgüzün romanları, məsələn.

İroniya qaydasızlıqdı, karnavalvari mətnlərin canıdır. Onun təyinatı mətnin bütün strukturunu müəyyən edir.

Yumor.           

Absurd və özümüzə arzulamadığımız situasiyalara gülürük. Əslində, yumor faciənin diaqnozudur. Güldüyümüz hadisə və personajlar bizi düşündürür. Düşündürməyən yumora (ümumiyyətlə, mətnə) qeyri-ciddi, yüngül yumor deyirik. Müəllifin cavab tapa bilmədiyi bütün detallar mətnin yumor qatında olur. Özü yox, oxucu düşünür.

Qara yumor və ya absurd gülüşün daha sosial qatdakı həllidir. Və daha intellektual. Modern çağın oxucusu tez sıxıla və tez imtina edə bilir. Onu təəccübləndirmək həm asan, həm də çətindir. Absurd yumor bu baxımdan istehlakçını əlində saxlamağı bacarır. Ən yaxşı postmodern nümunə elə absurdizmin özüdür.

Nəyə gülmək nə qədər önəmlidirsə, nə ilə güldürmək də önəmlidir. Yazıçı yumoru vaxtında "işə salmasa" hədəfini qaçıra bilər. Tragik vəziyyətləri yorucu edən obrazların xarakterlərinin tam açılmamasıdır. İnsanın xisləti olduğu kimi ifadə edilərsə, əslində, tənqidçi yumoru axtarmağa, onu qabartmağa ehtiyac duymaz. Təhlil bu qədər uzun sürməz.

Bir də yumor ədəbiyyatın həyatdan hələ qopmadığını, onun içində var-gəl etdiyinin sübutudur. Əslində isə haradadır ədəbiyyat?!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!