Azər TURAN
Malakan bağındakı çayxanada mənə Nazim Hikmət barədə danışdı və "Ceviz ağacı" şeirinin "Ben bir ceviz ağacıyım Gülhanə parkında" misrasını təhlil etdi:
- Şeirdəki Ceviz ağacı bilirsən nədir?
- Nədir?
- Yoxluqdur. Nazim Hikmət deyir ki, mən bir yoxluğam Gülhanə parkında, nə sən bunun farkındasan, nə polis farkında.
- Bəs ceviz ağacının yoxluq anlayışına nə dəxli, İslam müəllim?
- Gülhanə parkında ceviz ağacı bitmir. Ona görə Nazim deyir ki, mən bir ceviz ağacıyam, yəni yoxluğam Gülhanə parkında.
Onda hələ 1983-cü il idi. Nazim Hikmətin heyranları hələ Gülhanə parkına ceviz ağacı əkməmişdilər...
Bir dəfə estetika fənnindən imtahan zamanı İslam müəllimin mənə verdiyi və özünün də cavablandırdığı sualı bu günəcən unutmamışam:
- Bilirsən bizdə böyük ədəbiyyat niyə yaranmır?
- Niyə yaranmır?
- Çünki böyük ədəbiyyatın yaranması üçün böyük ictimai zəmin lazımdır.
- Böyük ictimai zəmin yoxdur bizdə?
- Sosrealizm o böyük ictimai zəmini ədəbiyyatın əlindən alıb...
Baxmayaraq ki, ədəbiyyatda sosrealizm barədə ən konseptual yazıları özü qələmə almışdı...
Belə idi İslam İbrahimov. Laübalı və dalğın.
Doxsanıncı illərə qədər yaşasaydı, görəsən, o, qloballaşan dünyanın yönəldiyi ünvanı bizə necə nişan verərdi? Baş verənləri mədəniyyətin qürubumu, yoxsa yüksəlişimi adlandırardı? Allah bilir. Amma insanlığın qürubuna heç bir halda inanmazdı. Lap "Ruhun Nyutonu" dirilib gəlsəydi, yenə də İslam İbrahimovu belə bir çöküşün, aqibətin və qaranlığın mümkünlüyünə inandıra bilməzdi. Dövr onun dövrü olmasa da, Sezanın, Monenin günəşini, yaxud Van Qoqun göy üzünə səpələnmiş ulduzlarını onun nəzərində heç kəs söndürə bilməzdi. Təkrar edirəm, heç "Ruhun Nyutonu" Ziqmund Freyd belə...
İncəsənət İnstitutunun həyətində, içində sarı balıqlar üzüşən hovuzun kənarındakı çay masasının arxasında əlini çənəsinə söykək edib oturmuş gümüşü saçlı, qızılı gözlüklü, çox yaraşıqlı İslam İbrahimov Rodenin "Mütəfəkkir" abidəsini xatırladırdı. Hər gün İnstituta gələr, adətən auditoriyaya girməz, həyətdə əyləşər, gözlərini bir nöqtəyə zilləyib davamlı olaraq həmin səmtə baxardı. Hələ tələbəlik illərimdə mən öz romantik xəyallarımda onu Prometeyə, Sizifə bənzədirdim. Hələ o zaman inanmışdım ki, yaşadığı binəsib dövran onu necə yorubsa, zəkasının üfüqlərini sıxan zincirləri sezməmək, İslam müəllimin absurda doğru daşıdığı yükün ağırlığını hiss etməmək mümkün deyil. Gəzərkən əlində tutduğu əsa da, protez ayaqlı yerişi də bu ağırlığa melanxolik effekt verirdi... İslam İbrahimovun ilk tədqiqatçısı teatrşünas Vidadi Qafarov onun bu obrazını dəqiq təsvir edib: "Bu insan ayaq üstə duranda əlində əsa tutardı, oturanda qələm...".
Onun ilk kitabı 1966-cı ildə çıxmışdı. "Əsr və sənətkar" adlanan bu kitab həm də İslam İbrahimovun son kitabıydı. Təəssüf ki, elə yüksək erudisiyalı bir alim sonralar ədəbi tənqidlə məşğul olmadı.
"Əsr və sənətkar" kitabı Azərbaycan ədəbi tənqidində sosrealizm təmayülünü təmsil edir. Amma mənim tanıdığım İslam İbrahimov başqaydı... Mən onu heç kəsə bənzəmədiyinə, fərqli və orijinal düşündüyünə görə sevirdim. Bu səbəbdən də İslam İbrahimov yaddaşımda yazdıqları ilə deyil, danışdıqları ilə qaldı...
O, dünya miflərindən başlamış island saqları, Edip kompleksi və Füzuli, Kamyu və Kafka, Freyd və Dali, muğam və Qaragöz teatrı, yapon haykuları və nağıl estetikası, sürrealizm və modernizm, intibah və dinlər tarixi, miniatür sənəti - Sultan Məhəmməd, Behzad, kosmik mərkəziyyət ideyası və Eynşteyn... bir sözlə, bəşəriyyətin antik zamanlardan dövrümüzə qədər yaratdığı estetik, fəlsəfi, dini, elmi cah-cəlal barədə ötən əsrlərin əks-sədasını xatırladan bəlağətli diksiyası ilə söhbət açardı. Şəxsən mən bütün bu estetik proseslər, fəlsəfi təmayüllər barədə ilk biliklərimi əziz müəllimim İslam İbrahimovdan almışam. Özü də İslam müəllim bütün bunlar barədə, bir qayda olaraq, auditoriyada deyil, ya içində sarı balıqlar üzüşən həmin hovuzun yanında, ya da institutumuzun qarşısındakı Malakan bağında yerləşən çayxanada danışardı.
Tələbələrinin düşüncə müstəqilliyinə xüsusi həssaslıqla yanaşdığı üçün onun təlim etdiyi dərsin imtahanına hazırlaşmamaq da olardı. Çünki o illərin estetika dərsliyində yazılanlar (baxmayaraq ki, dərslik müəlliflərindən biri də elə o özüydü, buna rəğmən) onun mənimsədiyi və görünür, təlqin etmək istədiyi estetikalardan fərqliydi. İslam İbrahimov sistemin müəyyənləşdirdiyi normalara sığmırdı. Hətta yadıma gəlir, estetika fənnindən imtahan zamanı çəkdiyim biletə marksist-leninçi estetika ilə bağlı bir sual düşmüşdü, İslam müəllim, dodağını çeynəyib ahəstəcə həmin sualın yazıldığı bileti zibil qutusuna atmağımı tapşırdı. "Marksist-leninçi estetika" anlayışı onu hövsələdən çıxarırdı. Dediyim kimi, eyniadlı dərs vəsaitinin müəlliflərindən biri də o özüydü. Hər halda, səksəninci illərdəki ovqatı beləydi. İslam müəllim həyatının son onilliyində dərin bir sükuta qərq olmuşdu... Az danışırdı. Çox baxırdı... Sanki böyük sənətin, idraka meydan açan ədəbiyyat aləminin həsrətini çəkirdi və bu həsrət, heç şübhəsiz, tragik bir həsrət idi. Həsrətini çəkdiyi aləm, sanki İslam müəllimin cənnətiydi. Belə bir aləm prometeylər, məcnunlar, janvaljanlar, martin idenlər doğura bilibsə, biləcəksə, o aləm İslam İbrahimov üçün zəka azadlığının Vətənidir. Min il əvvəldə qalsın, yaxud min il gələcəkdə, Parisdə olsun, ya Bakıda, fərq etməz, bəyaz saçları qarayanız alnına tökülərkən klassik bir tablonu xatırladan İslam İbrahimov bütün hallarda həmin Vətənə doğru can atdı.
Cek Londonun "Martin İden" romanının Azərbaycan dilinə tərcüməsi onun qələmindən çıxıb. Mark Tvendən tərcümələri var. Səbahəddin Alinin "Asfalt yol" əsərini dilimizə o uyğunlaşdırıb. Çingiz Aytmatovun "Qırmızı yaylıqlı qovağım mənim" povestini, Layoş Meşterharinin "Prometey müəmması" romanını və başqa əsərləri dilimizə o qazandırıb...
Bakıda da, Moskvada da Nazim Hikmətin yaxın çevrəsində olanlardan biri İslam İbrahimov olmuşdu. Amma indi çoxları bunu bilmir. Bu barədə sağlığında özü danışmadığı kimi, sonralar da bunu kimsə xatırlatmadı.
Nazim Hikmətin "Kəllə", "Unudulan adam" pyeslərini Azərbaycan türkcəsinə o çevirmişdi.
Özü də pyeslər, ssenarilər yazırdı...
İslam İbrahimovun "Modernizm: həyat və gözəlliyə yabancıdır" - adlı bir məqaləsi var. 1963-cü ildə yazdığı və XX yüzilin nəhəng üslub fenomenini "Vəba" (Kamyu), "Yüksək cəmiyyətə gedən yol" (Con Breyn) romanlarının, seksual inqilaba səs verən İsveç kinosunun ("Sükut" - Berqman), alman rəssamları Maks Bekmann, Frans Mark yaradıcılıqlarının timsalında araşdıran, modernizmi Azərbaycan təfəkkürünə yabancı bir dünyagörüşü kimi xarakterizə edən bu əsər bu gün, bəlkə də, kimlərəsə dövrə müvafiq bir yazı təsiri bağışlasın. Amma belə deyildi. O məqaləni Azərbaycanda modernizm barədə müfəssəl anlayış verən ilk elmi əsər kimi də dəyərləndirmək mümkündür.
Haqqında danışdığım yazı, dediyim kimi, "Modernizm: həyat və gözəlliyə yabançıdır" adlanır. Buna rəğmən, qəribədir ki, İslam müəllimin son yaradıcılıq işi Amerika modernist ədəbiyyatı ilə bağlı oldu. Tennessi Vilyamsın "Şüşə heyvanxana" pyesini tələbələri arasında çox sevdiyi Bəhram Osmanovun xahişi ilə çevirmişdi və Akademik Milli Dram Teatrının səhnəsində Bəhramın diplom işi olaraq tamaşaya qoyduğu bu əsər ölkənin teatr ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanmışdı. "Hər gün evinə gedirdim. Mətni oxuyub tərcüməsini diktə edir, mən isə yazıya köçürürdüm". Bunu Bəhram deyir... Beləliklə, İslam İbrahimovun son tərcümə işi - "Şüşə heyvanxana" Bəhram Osmanovun Akademik Teatrda quruluş verdiyi ilk əsər oldu. Ümumiyyətlə, 1985-ci ildə tamaşaya qoyulmuş "Şüşə heyvanxana" həm də mistik təfərrüatları ilə yadda qaldı: Bəhram Osmanovun böyük səhnədə ilk işi, İslam İbrahimovun son tərcüməsi, əsərdəki Amanda Hökumə Qurbanovanın, Tom Hamlet Xanızadənin son rolları oldu...
Əli Kərim ən yaxşı şeirlərindən birini, "Dostum İ.İslama" epiqrafı ilə başlayan "Dəniz"i İslam İbrahimova həsr edib:
Üfüqlərə başını
qoyub uzanmış dəniz...
Onun böyük qəlbində
Kiçik bir duyğu kimi
Çırpınır dağ gövdəli,
Dağ siqlətli gəmimiz.
Mən,
Baxıb göyərtədən
Görürəm ki,
Tullayır biri yemiş qıçası,
Biri kağız parçası,
O biri nə bilim nə -
Dənizin saf qəlbinə.
Dəniz coşub daşmayır;
Suları çaxnaşmayır
Sakit əzəmətiylə,
Gücüylə,
Qüdrətiylə
Ona atılanları
Saflığına qərq edir.
Fikir verib görürəm;
Dəniz yenə təmizdir.
Dəniz yenə dənizdir.
İslam İbrahimovun elmi dərəcəsi yox idi. Amma elmi diapazonu onda da, indi də elmdə heç kəslə müqayisəyə gəlməyəcək dərəcədə geniş idi.
Moskva təhsili görmüşdü. Lunaçarski adına Dövlət Teatr İnstitutunun aspiranturasında oxumuşdu. Moskvada SSRİ Nazirlər Soveti İşlər İdarəsi Katibliyində, "Literaturnaya qazeta"da işləmiş, Bakıda "Azərbaycan" jurnalında Tənqid şöbəsinin müdiri vəzifəsində çalışmışdı...
İncəsənət İnstitutunda mənim estetika müəllimim idi... Aramızda böyük yaş fərqi olsa da, yanında sərbəst siqaret çəkirdim. Özü də çox siqaret çəkirdi. Siqaretə bunca aludəliyimin İslam müəllimdən gəldiyini təxmin edirəm. Müəllimim dünyasını dəyişəndən iki il sonra, 1987-ci ilin 22 aprelində "Ədəbiyyat və incəsənət" qəzetində (indiki "Ədəbiyyat qəzeti"ndə - A.T.) dərc etdirdiyim "Gecikmiş müsafir" essemdə bunu nəzərdə tutub, "qüsurlarını da təqlid edirdik" - deyə yazmışdım...
İslam İbrahimov Freydi əzbər bilsə də, freydist deyildi. Badəpərəst olsa da, söhbətlərində İmam Sadiqdən örnəklər gətirərdi.
Hal əhli olduğu qədər, həm də zövq əhliydi. İstər sənətdə, istərsə də həyatda dərk etmədən heyrətlənməyi "dəvə heyrəti" adlandırar və gözəl bir qadına baxmaqla, gözəl bir sənət əsərinə tamaşa etmək onun aləmində eyni anlam daşıyardı. "Dünyanı şairanə deyil, nasiranə qavrayın" - deyirdi. Dönə-dönə təkrar edirdi ki, XX əsr emosional yanaşmanı sevmir.
İslam İbrahimova görə, dərinlik psixologiyasının izahı Freyddən daha əvvəl sufi mətnlərində müşahidə olunur və "təsəvvüfü öyrənməyincə, Freyd Qərb üçün də, Şərq qərbpərəstləri üçün də "Ruhun Nyutonu" olaraq qalacaqdır" - deyirdi.
...İslam İbrahimovu bu qədər cazibədar sualların dərkinə meydan açıldığı bir dövrdə - 1985-ci ilin yanvarında itirdik.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!