Ədəbi camiəni nəsillər üzrə təsnif etmək yeni bir şey deyil. Bunu gərəksiz bilənlər də var. Amma buna alternativ olan bir fikir irəli sürən də yoxdur hələ ki. Görünür, bu təsnifat ədəbi prosesin müəyyən dövrlərini ayrıca öyrənmək ehtiyacından irəli gəlir. Həm də, axı zaman elə bir məfhumdur ki, bütün ədəbi əsərlərə öz möhürünü vurur, öz damğasını basır. Mənimlə eyni ədəbi nəslin, səksənincilər ədəbi nəslinin nümayəndəsi olan dəyərli qələm dostum, tanınmış şairimiz Əlizadə Nurinin 60 illik yubileyi münasibətilə qələmə aldığım bu yazını da elə ordan başlamaq istəyirəm.
Bizim ədəbiyyata gəlmək üzrə olduğumuz 80-ci illərin sonlarını xatırlayıram. Postsovet məkanında "aşkarlıq və yenidənqurma" dalğası ədəbiyyatda anlaşılmaz bir halə yaratmışdı. Yazarlarımız əvvəlcə bu dalğanı alqışlayan müsahibələr verməyə başlamışdı, qismən cəsarətli əsərlər yazılmaqdaydı. Mühit siyasiləşmiş, milliyyətçi düşüncə qabarmış, yazıçı və şairlərimiz inqilabçılara, tərəddüd edənlərə və kommunist olaraq qalanlara bölünmüşdü. Qarşıda millətimizi gözləyən faciələrdən isə hələ xəbərsiz idik.
Ədəbi gənclik qaynar bir qazana düşmüşdü sanki. Bir yandan sovet rejiminin ədəbiyyat adamları, yazarlar üçün yaratdığı münbit şərait əldən çıxır, ədəbi qəzet və jurnallar maliyyə çətinliyi ucbatından fasilələrlə çıxır, kitabların nəşrinə yiyə durulmur, Əkrəm Əylislinin direktoru olduğu "Yazıçı" nəşriyyatı isə gənc şairlərin "papka"larını qoltuğuna verib yola salır, bir yandan da azadlığa təşnə olan ədəbi gənclik inqilabi ruhla yazıb-yaradır, sovet rejiminə öz etiraz səslərini ucaldırdı.
Bu məqamda ustad şairimiz Məmməd İsmayılın rəhbərlik etdiyi "Gənclik" Ədəbi Birliyi, tərtib etdiyi "Yaşıl budaqlar" almanaxı, daha sonra onun baş redaktoru olduğu "Gənclik" jurnalı bizi bu basqıların cəngindən alır, istedadlı gəncliyə yaşıl işıq yandırırdı. Bizim ədəbi nəsil belə qarmaqarışıq bir ictimai-siyasi mühitin övladı idi.
Əlizadə Nuri yaşıdlarımızın içərisində həmən diqqət çəkən imzalardan, istedadı ilə fərqlənənlərdən idi. Poetik tapıntıları, orijinal bənzətmələri, şeirlərinin bədii yükü ilə ustad şairlərimizin də diqqətini çəkmişdi, haqqında ürək dolusu uğurlamalar yazılırdı. Müəyyən çətinliklərlə başa gəlsə də ilk kitabı nəşr olunmuşdu. Kitab ədəbi tənqid və oxucular tərəfindən maraqla qarşılanmışdı. Buna rəğmən Əlizadə ədəbi mühitdə özünəməxsus təmkinlə davranırdı.
Xalq yazıçısı Kamal Abdullanın rəhbərlik etdiyi Mədəniyyət Fondunun Yazıçılar İttifaqının Şüvəlandakı Yaradıcılıq Evində düzənlədiyi tədbirdə ölkənin gənc yazarları, gənc rəssam və heykəltəraşları, gənc rejissor və aktyorları, gənc müğənniləri, bir sözlə, bütün gənc sənətçilər bir araya gətirilmişdi. Üç gün orada yerləşəcək, müxtəlif ədəbi-bədii, musiqili tədbirlərə qatılacaq, ustad dərslərində iştirak edəcək, ilk dəfə təntənəli şəkildə Novruz bayramını qarşılayacaqdıq. Mərhum aktyorumuz Telman Adıgözəlov, gənc şairlər Əlizadə Nuri və mən bir odada qalırdıq. Bu cür ünsiyyət bizim daha yaxından tanış olmağımıza, bir-birimizin yazdıqlarına daha yaxından bələd olmağımıza vəsilə oldu. Tədbirlərdən sonra odalarda bir araya gəlir, ədəbi müzakirələr açır, mübahisələr edirdik. Hər ikimiz hecada yazsaq da ədəbiyyata fərqli baxış bucaqlarımız, fərqli özünüifadə tərzimiz, fərqli nəfəslərimiz var idi. Amma bu fərqlilik bizim dostluğumuza qətiyyən mane olmur, əksinə, bir-birimizi anlamağa çalışırdıq.
Şüvəlandan başlayan dostluğumuz öz axarı ilə bu günə kimi davam edir, bir-birimizi oxuyur və yazdıqlarımıza münasibət bildiririk. İndi əli 60-ın yaxasında olan şair Əlizadə Nuri tanınmış bir ədib olaraq ədəbiyyatdakı ömrünü şərəf və ləyaqətlə yaşayır. Sözə sədaqətlə qulluq edir.
Mən həmişə düşünmüşəm ki, şairlik təkcə sənət, peşə deyil, həyat tərzidir, fərqli bir ömür yaşamaqdır. Ədibliyi həyat tərzinə çevirənlər ədəbiyyatda qalmaq haqqı qazanır. Əlizadə məhz həmin şairlərdəndir ki, ömrünü şairanə yaşayır və mənsub olduğu ədəbi nəslin öncüllərindən biri olaraq həmişə oxunacaq, seviləcək və təqdir olunacaq.
Əlizadə Nurinin ən böyük göstəricilərindən biri çağdaş ədəbi prosesə təsir gücünün olmasında, gənc şairlərin onu ustad gözündə görmələrində, ədəbi tənqidin daim diqqətində olmasında və böyük bir oxucu auditoriyasına malik olmasındadır. Bir şairin 60 yaşda bundan artıq qazanacağı bir şey yoxdur, zatən.
Bu yazıda şair dostumun şeirlərini incələmək, onları təhlil etmək fikrindən tamamilə uzağam. Çünki bu işin öz peşəkarları var və əvvəldə də qeyd etdiyim kimi onlar Əlizadənin yaradıcılığını yetərincə incələyib, ədəbi uğurlarını təqdir edən ədəbi-tənqidi məqalələr yazıb, oxucuların ixtiyarına veriblər. Mən onun yaradıcılığına bütöv bir poeziya çələngi kimi baxıram, yazdıqlarını sevərək oxuduğumu, şəxsinə böyük sayqı duyduğumu diqqətə çatdırmaq istəyirəm.
Təbii ki, yazdıqlarımın hamısının arxasında Əlizadənin zəngin poeziyası və şəxsiyyəti dayanır. Onun yaradıcılığı bizim ədəbi nəslimizin və ədəbi əslimizin ən böyük göstəricilərindən biridir.
Sonda dəyərli dostum, poeziyamıza həmişə üzağlığı, başucalığı gətirən böyük hərflərlə şair Əlizadə Nurini 60 illik yubileyi münasibətilə həm öz adımdan, həm də Azərbaycan Yazıçılar Birliyinin "Poeziya seksiyası" olaraq təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı və davamlı yaradıcılıq uğurları diləyirəm!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!