"Qarlı aşırım", "Xudafərin körpüsü", "Çaldıran döyüşü", "Təbriz namusu" və b. bədii əsərlərdən, "Axırıncı aşırım" bədii filmindən söhbət düşəndə böyük ədəbi sima olan Fərman Kərimzadə ilə təsadüfi olan görüşü xatırlamalı oluram.
Niyə ağrımır
Yaşlı nəslin nümayəndələri yaxşı xatırlayırlar, "Qarlı aşırım" romanı çapdan çıxan kimi az bir vaxtda oxucuların stolüstü sevimli kitabına çevrilmişdi. O vaxtlar həmin roman ali məktəb tələbələri arasında əl-əl gəzirdi. Bəlkə də romanı oxumayana rast gəlmək olmazdı. Mübaliğəsiz demək olar ki, "Qarlı aşırım" romanı yazıçı kimi Fərman Kərimzadənin ədəbi taleyində parlaq bir ulduz kimi doğdu.
Ali məktəbi bitirib Jdanov (indiki Beyləqan) rayonunun Təzəkənd kənd orta məktəbinə təyinatla müəllim göndərilmişdim. Tövsiyəmlə dərs dediyim şagirdlərin (xüsusən yuxarı sinif şagirdləri) çoxunun "Qarlı aşırım" romanı ilə tanışlıqları var idi.
1975-ci ilin aprel ayının axırları olardı. Hər yerdə baharın nəfəsi duyulurdu. Dərsdən çıxıb jurnal əlimdə müəllimlər otağına gəlirdim. Müəllimlər otağının qapısına çatanda dəhlizdə məktəbin direktoru Bayram Səfərovun bir nəfərlə söhbət etdiyini gördüm. Salam verib yanlarından keçmək istəyirdim ki, Bayram müəllimin "Fazil müəllim, yaxın gəl" deməsinə müəllimlər otağının qapısından direktorun yanına qayıtdım. Bayram müəllim "Tanıyırsınız bu adamı?" deyərək soruşdu.
Qonağın gur qara saçlarını, qara lopa bığlarını, dolu bədənini, gülümsər sifətini bir anlığa nəzərdən keçirib, "Bağışlayın, Bayram müəllim, düzünü deyim ki, elə bil hardasa görmüşəm, sifətdən tanış gəlir. Etiraf edim ki, anlaşdıra bilmirəm" - söylədim.
Bayram müəllim gülərək dedi:
- Tanış ol, təriflədiyin "Qarlı aşırım" əsərini yazan yazıçıdır.
- Necə? Fərman Kərimzadə! - deyib sevinclə yazıçının əlini sıxdım.
- Bəli, həmin kitabı yazan Fərman Kərimzadədi. O nədəndi romanı tərifləyirsən, amma müəllifin özünü tanımırsan. Bunu necə başa düşək? Bayram müəllim gülümsər təbəssümlə üzümə baxdı.
Bayram müəllim ona görə "tanış gəlir" söylədim ki, televizordamı baxmışam, qəzetdəmi şəklini görmüşəm xatırlaya bilmədim. Düzü, heç vaxt ağlıma gəlməzdi ki, Fərman Kərimzadə bizim məktəbə gələ.
- İndi gördünmü gəlib. Özü də rayonda bir bizim məktəbə gəlib. Bayram müəllim təbəssümlə Fərman müəllimə baxdı.
Yaranmış imkandan istifadə edərək "Fərman müəllim, vaxtınız varmı, sizin şagirdlərlə görüşünüzü təşkil edim?" - dedim.
- Şagirdlərlə görüş onda maraqlı olar ki, müəllifin əsərini oxumuş olsunlar.
Bayram müəllim əminliklə üzünü yazıçıya tutaraq dedi:
- Fərman müəllim, Fazil müəllim məktəbin Ədəbiyyat müəllimidi. Sənətini sevən müəllimlərimizdəndir. Bir neçə dəfə "Müəllimlər otağı"nda sizin kitabınız haqqında müəllim yoldaşları ilə söhbətinin şahidi olmuşam. Sözsüz ki, sizin kitabınızı şagirdlərə oxutmuş olar. Fikrimcə, sizin şagirdlərlə görüşünüz Fazilin necə müəllim olduğunun göstəricisi olar.
- Bir halda kı, siz də qocaman bir məktəb direktoru kimi yazıçı ilə şagirdlərin görüşünün tərəfdarısınızsa, mən də razıyam, - deyən Fərman müəllim sözünü tamamlayan kimi tez dilləndim.
- Siz söhbət edin, beş-on dəqiqəyə gəlirəm, - deyib yuxarı paralel siniflərdə partaları çıxartdırıb cərgə ilə dəhlizə düzdürdüm. Müəllimlərin əyləşməsi üçün stol və stul gətizdirdim. Görüşün kimlə keçiriləcəyini bilən şagirdlər sevinc içərisində yazıçı və yazdığı roman haqqında mənə müxtəlif suallar verməyə başladılar. Məncə, sualları mənə yox, indi sizinlə görüşəcək yazıçının özünə verərsiniz deyib, direktorun otağına getdim.
- Bayram müəllim, hər şey hazırdı. Şagirdlər Fərman müəllimi gözləyir, dedim.
Bayram müəllim, - zəhmət olmasa müəllimlər otağına get, müəllimlərə də de gəlsinlər" - deyərək məni müəllimlər otağına göndərdi.
Bayram müəllim görüşü açaraq yazıçı və onun "Qarlı aşırım" romanı haqqında qısa məlumat verəndən sonra sözü mənə verdi.
Mən və müəllim yoldaşlar roman haqqında danışandan sonra direktor üzünü şagirdlərə tutaraq - "yazıçıya kimin sualı varsa verə bilər" - dedi.
Müəllifə ünvanlanmış müxtəlif səpkili suallardan iki sual və cavabı indi də xatirimdədir.
Bəhmən adlı şagird əlini qaldırıb icazə aldıqdan sonra belə bir sual verdi.
- Fərman müəllim, siz nə vaxtdan yaradıcılıqla məşğulsunuz?
Fərman müəllimin, - "Çox kiçik yaşlarımdan. Yadımdadı ikinci sinifdə oxuyanda "dram" əsəri yazırdım. Birinci pərdədə "ölən" obraz baxırdım ki, sonrakı pərdədə "dirilib". Bu sözsüz ki, kiçik yaşlı uşaq düşüncələri idi", - sözlərinə yazıçı ilə bərabər şagirdlər də gülüşdü.
Onuncu sinif şagirdi Zemfira icazə alıb ayağa qalxdı və üzünü müəllifə tutaraq: "Fərman müəllim, mən romanı oxumuşam. Amma romanda bir səhnə hələ də mənim ürəyimi ağrıdır. Əsərinizdə belə bir səhnə var. Qəmlo İmanı samanlıqda ayaqlarını arxadan gətirib başına birləşdirir. Bu formada İmanı iki qatlayıb belini qırır. Bu səhnəni yazanda İmanın fəryadına ürəyiniz ağrımadımı? Həmin səhnəni necə yazmısınız?
Bir anlıq fikirləşən yazıçı "Niyə ağrımır. Amma həmin səhnəni yazanda biz onu hiss etmirik. O mənada hiss etmirik ki, ətraf aləmi unuduruq. Tamam obrazın hiss və duyğusu ilə yaşayırıq. Qəmlo qəddar obraz kimi verilib. Mənim "xəbərim" olmadan Qəmlo İmana həmin cəzanı verir. Çünki İman komsomolçudur. Komsomolçular da varlı sinfin düşməni idi. Komsomolçuların məqsədi birlik, kolxoz qurmaq idi. Buna da Kərbəlayı və Qəmlo heç vaxt razı olmazdılar. Çünki komsomolçuların dedikləri birlik (kolxoz) varlıların var-dövləti hesabına yaranırdı. Sonra əsəri oxuyanda həmin səhnə sizin dediyiniz kimi mənim də ürəyimi ağrıdır. Düzdü, mənim ürəyim ağrısa da əvəzində əsər qazanır".
Sonda yazıçı əsər üzərində necə işləməsi, yaradıcılıq planları haqqında danışdı və əsəri oxuduqları üçün şagirdlərə öz təşəkkürünü bildirdi.
Görüş başa çatandan sonra direktor otağına gəldik.
Fərman müəllim - "Bayram müəllim, Fazil müəllim "İmtahandan"dan yaxşı çıxdı. Şagirdlərin çoxunun əsəri oxuduğunu hiss etdim. Əsəri oxumaları, uşaqların verdiyi suallardan məlum idi, - söylədi.
- Fərman müəllim, bizim məktəbə gəlişiniz təsadüfdü, yoxsa başqa bir işlə bağlıdı, - soruşdum.
- Təsadüfidi, Fazil müəllim. Mənim bura gəlişimdə məqsəd rayon ərazisində bir-iki yer var. Həmin yerləri lentə almaq istəyirəm. Mənə dedilər ki, sizin məktəbin laboratoriyası zəngindir. Həmin aparat üç-dörd günlük mənə lazımdır. Əgər direktor həmin aparatı versə...
Bayram müəllim Fərman müəllimin sözünü yarımçıq kəsərək gülə-gülə - "Fərman müəllim, aparat qurbandı sizə. Bizdən asılı nə lazımdısa kömək etmək borcumuzdu" - deyərək kreslodan qalxaraq birlikdə laboratoriyaya getdik.
Məktəbin qapısında görüşüb ayrılanda Fərman müəllim: "Görüş üçün Bayram müəllim, siz başda olmaqla məktəbin pedaqoji kollektivinə təşəkkür edirəm. Əsərimin təbliğ olunmasında Fazil müəllimin zəhmətini xüsusi qeyd etmək istəyirəm. Bugünkü görüş gənc olmasına baxmayaraq Fazil müəllimin ədəbiyyata olan sevgisinin təsdiqi idi.
Xudahafizləşib ayrılan yazıçı qapıda onu gözləyən maşına əyləşdi.
Bu mənim uzun müddətli müəllimlik fəaliyyətimdə dərs dediyim şagirdlərin yazıçı və şairlərlə təşkil etdiyim ilk görüş idi.
Aradan nə az, nə çox, əlli ilə yaxın bir zaman kəsiyindən sonra həmin görüşə yenidən qayıdıb həmin hissləri ömrün qürub çağında yaşamağımda şirinliklə bərabər, bir aclıq və təəssüf də var...
07.11.2022
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!