2020-ci ilin noyabrında tariximizə qızıl hərflərlə həkk olunan şanlı zəfər xalqımızın sarsılmaz birliyinin, qəhrəman Azərbaycan Ordusunun hərbi peşəkarlığının, vətənpərvər əsgər və zabitlərimizin fədakarlığının, Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyevin siyasi iradəsinin və əzminin, Azərbaycan xalqı ilə Azərbaycan dövlətinin həmrəyliyinin təntənəsi kimi nəsillərə əbədi örnəkdir.
Bu zəfərlə Azərbaycan xalqı öz tarixinin yeni bir mərhələsinə qədəm qoydu. Bu zəfər həyatın bütün sahələrində olduğu kimi, elmin və təhsilin, sözün və sənətin də qarşısında geniş üfüqlər açdı, yeni tarixi vəzifələr müəyyənləşdirdi.
Azərbaycan ictimaiyyətinin klassik ədəbiyyatımızın məhsuldar tədqiqatçısı və fəal təbliğatçısı kimi tanıdığı görkəmli alim, akademik Teymur Kərimlinin klassik şeir ənənələri ruhunda yazdığı poetik əsərlərini "Şuşanamə" adlı kitab şəklində nəşr etdirməsi də qələbənin insanlarımızın ruhunda yaratdığı mənəvi dirçəlişin bədii sözdə və sənətdə ifadə olunmasının gözəl bir nümunəsi kimi maraq doğurmaqdadır. Kitab Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə elan edilmiş "Şuşa İli"nə ithaf olunub.
Kitabın birinci bölümünün adı Ali Baş Komandanın sözlərindən iqtibas olunub: "Əziz Şuşa, biz qayıtdıq!". Kitabdakı ilk şeirin adı və məzmunu da dövlətimizin başçısının indi xalq düşüncəsinin rəmzlərindən birinə çevrilmiş "Dəmir yumruq" ifadəsindən gəlir:
Əgər bilmək dilərsənsə,
dəmir yumruq nədən doğmuş:
Dəmir yurddan, dəmir eldən,
dəmir iradədən doğmuş!
Duman çökdürmək istərkən
elin başına düşmənlər,
Yarıb zülmətləri çıxmış,
günəştək zirvədən doğmuş!
Kitabın ekspozisiyasını təşkil edən, uvertüra səciyyəli bu qəzəlin növbəti beyti isə şanlı qələbəmizin mənəvi qaynaqlarına, köklərimizə işıq tutur, xalqın öz düşüncəsində gəzdirdiyi əbədi dəyərləri tərənnüm edir. Burada Azərbaycan xalqının ölməz ruhunun tarixin dərinliklərinə uzanan rişələrinə yüksək qiymət verilir - tarix boyu güclülərin arxasında gizlənib xəyanətlər törədən, sonra da öz xəyanətinin layiqli cəzasını alan soysuzlara qalib gələn xalqımızın nəcib soyu, haradan gəldiyi, hansı təməl üzərində ucaldığı xatırladılır:
Elin yaddaşı ölməz ki,
həmişə dumduru, şəffaf,
Dədəm Qorqud kitabından,
nağıl, əfsanədən doğmuş!
Kitabdakı siyasi məzmunlu şeirlər - ümummilli lider Heydər Əliyevə, onun işıqlı əməllərini əzmlə davam etdirən, müdrik vəsiyyətlərini layiqincə yerinə yetirən Prezident İlham Əliyevə, "Azərbaycanın sevincini öz sevinci, kədərini öz kədəri" kimi bölüşən qardaş Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğana həsr olunmuş əsərlər müasir siyasi lirikanın maraqlı və diqqətçəkən nümunələridir. Bu əsərlərdə müasirliklə tarixilik bir-birini üzvi şəkildə tamamlayır.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəylinin kitabda toplanmış əsərləri "məğrurluq və mövqe şeirləri" adlandırması kitabdakı əsərlərin mahiyyətini dəqiq şəkildə ümumiləşdirir. İ.Həbibbəyli yazır: "Teymur Kərimli "Şuşanamə" şeirlər toplusunda konkret olaraq dünyada və ölkəmizdə baş verən hadisələrdən yaranmış təəssüratlarını poetikləşdirmişdir. Bu mənada "Şuşanamə" kitabı Teymur Kərimlinin II Qarabağ savaşı - Vətən müharibəsinin dərsləri vasitəsilə dərk etdiyi ictimai-siyasi mətləblərin poetik baxımdan şərh edilməsindən ibarətdir".
"Şuşanamə" kitabındakı əsərlər ona görə dərin ictimai-siyasi məna, mənəvi-əxlaqi əhəmiyyət daşıyır ki, şahidi və iştirakçısı olduğumuz qələbə ruhunu, zəfər coşqunluğunu bədii sözdə dolğun və obrazlı şəkildə, qələbənin təbiətindən gələn yüksək vətəndaşlıq pafosu ilə əks etdirir. Bu şeirlər oxucuların qələbədən aldıqları ruh yüksəkliyi, qürur və şərəf duyğusu ilə əks-səda verir.
Dövlətimizin başçısının "2022-ci ilin "Şuşa İli" elan olunması" və "Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi" haqqında Sərəncamlarının icrası ilə əlaqədar Şuşada təşkil edilmiş sərgi zamanı T.Kərimlinin "Şuşanamə" kitabının təqdimatının keçirilməsi kitabdakı əsərlərə dövlətin siyasəti baxımından necə böyük əhəmiyyət verildiyinin göstəricisi kimi qiymətləndirilməlidir. Ümumiyyətlə, "Şuşanamə"yə bütöv halda yanaşdıqda bir daha aydın görünür ki, bu yazılar hörmətli akademikin dövlətçilik təfəkküründən, dövlət və xalq qarşısında yüksək məsuliyyət hissindən və həmin hissləri bölüşmək ehtiyacından qaynaqlanır. Dövlət və xalq qarşısında məsuliyyət elə bir mənəvi dəyərdir ki, onu bölüşənlərin nəzərində vətənin və torpağın əzəməti, möhtəşəmliyi daha da böyüyür, ülviyyət məqamına yüksəlir. "Şuşanamə" oxucuda dövlətə və millətə, dövlətin və millətin ali dəyərlərinə sədaqət, sabaha inam hissi aşılayır.
Kitabdakı əsərlərin böyük qisminin janr etibarilə klassik divan ədəbiyyatından gəlməsi, divan şeiri ilə səsləşməsi akademik Teymur Kərimlinin elmi tədqiqatlarının əsas istiqaməti ilə əlaqədar olmaqla yanaşı, həm də Şuşanın mədəniyyət tariximizdə oynadığı müstəsna rol ilə yaxından səsləşir. XIX əsrdə Azərbaycanda klassik ədəbiyyat ənənələrinin, divan poeziyasının ən güclü mühafizə olduğu məkanlardan biri Şuşa idi. Şuşada təşkil edilmiş ədəbi məclislərdə fəaliyyət göstərən ziyalılarımız divan şeiri ənənələrini yaşatmağa və davam etdirməyə üstünlük verirdilər. Bununla yanaşı, həmin məclislərdə muğam ifaçılığı yeni zirvəyə yüksəlməkdə, Qarabağ muğam ifaçılığı məktəbi formalaşmaqda idi. Xalqın keçmişindən gələn və onu daha geniş dünya ilə qovuşduran, İslam mədəniyyətinin ayrılmaz hissəsinə çevirən dəyərləri mühafizə edib gələcək nəsillərə ötürmək üçün Şuşa alınmaz bir qala, etibarlı istehkam rolunu oynayırdı. Bu baxımdan, kitabdakı şeirlərdə Şuşanın tərənnümü Azərbaycanın dəyərlərinin tərənnümü kimi qiymətlidir. Qeyd etmək yerinə düşər ki, kitabın adında da tarixə işarə var. XIX əsrdə "Qarabağnamə"lər milli tariximizə güzgü tutduğu kimi, XXI əsrdə də "Şuşanamə" tariximizin möhtəşəm bir mərhələsini bədii sözün yaddaşına köçürür.
"Şuşanamə"dəki şeirlərdə milli yaddaşın abidəsinə çevrilmiş hadisələr incə eyhamlarla, dəqiq vurğularla və zərif ştrixlərlə yada salınır. Konkret adlar çəkilmədən yaddaş kitabımız vərəqlənir, tarixdəki hadisələr oxucunun təsəvvüründə canlanır:
Torpağı musiqidən yoğrulub axır, bilirəm,
Çünki xanəndəmiz olmuş, ozanımdır Şuşamız.
"Nəzmi-nazik, bayatı abi-həyatıymış" onun,
Qarabağ tarixini ilk yazanımdır Şuşamız.
Teymurun könlün açıb
doğma Cıdır meydanımız,
Dar günümdə köməyimdir,
həyanımdır Şuşamız.
Bu misraları oxuyanda qulaqlarımızda muğam səslənir, gözümüzün önündə xanəndəlik sənətinin böyük ustaları, Molla Pənah Vaqifin poeziyasında tərənnüm olunan qənirsiz Qarabağ gözəlləri, köhlən at üstündə cıdıra çıxan Qarabağ igidləri, şöhrəti dünya ilə bir olan Qarabağ atları canlanır...
"Şuşanamə"nin mühüm məziyyətlərindən biri ən ağır zamanlarda belə müəllifin xalqın qələbə əzminə inanması, itirdiyimiz torpaqlara dönmək ümidinə arxalanmasıdır. Bu baxımdan, 1999-cu ildə, iki əsrin qovuşağında torpaqlarımız işğal altında olarkən əslən Laçından olan şair Hüseyn Kürdoğluya həsr olunmuş "Allah qoysa!" rədifli qəzəl əlamətdardır. Bu şeirdə təsəlli və təskinlik yox, ümid və millətimizin gücünə, tarixin ədalətinə dərin inam var. Müəllif haqq işinin qalib gələcəyinə, zülmün də, zülmkarın da vaxtı çatanda məğlubiyyətə düçar olacağına əmindir. Çünki zülm də, zülmkar da məğlubiyyətə və məhvə məhkumdur:
Bir zaman düşmənimiz dünyada sərgərdan idi,
Yenə çöllərdə qalıb vurnuxar, Allah qoysa!
Diz çöküb qarşımıza yüz kərə üzr istəyəcək,
Olacaq it kimi peşman və xar, Allah qoysa!
Yenə Kürdoğlu gəzər yazda Laçın dağlarını,
Döşünə dəstə bənövşə taxar, Allah qoysa!
"Şuşanamə"dəki əsərlərin böyük əksəriyyəti, əvvəldə də qeyd etdiyimiz kimi, forma baxımından klassik ədəbiyyatla, divan poetikası ilə sıx bağlı olsa da, bu əsərlərin bir məziyyəti də xalqın folklor yaddaşı ilə yaxından səsləşməsidir. Kitabdakı qoşma və gəraylılarda xalq ruhunun tərənnümü, qələbə müjdəsi birbaşa epos yaddaşından, qəhrəmanlıq dastanlarımızdan qaynaqlanır. Bu bağlılıq özünü şeirin məzmununda göstərməklə yanaşı, misraların səslənməsi, bölgü, intonasiya folklora, aşıq ədəbiyyatına, eləcə də Koroğlu havalarına köklənib:
Ağ yel kimi dərə keçib, dağ aşıb,
Sinəsilə sal qayaya dırmaşıb,
Aslan kimi kükrəyibən qarmaşıb,
Toyuna can saldı nəmər Şuşanın!
Qoşma janrında yazılmış "Əziz Şuşa, biz qayıtdıq!" adlı şeirin bu bəndində sözün nizamı, düzülüşü sayəsində həm şeirdə təsvir olunan hadisə, qeyri-adi qələbə müjdəsi tarixlə, keçmişlə səsləşir, həm də qəhrəmanlığın tərənnümü və təqdimatı keçmişlə bu gün arasında bağlılıq yaradır. Azərbaycanın siyasi gələcəyinə, strateji perspektivlərinə işıq tutur:
Yağıların zəhər qatdıq aşına!
Müjdə verin İstanbul qardaşına!
Türkiyəylə Azərbaycan başına
Zəfər günü zər səpələr Şuşanın!
Şanlı zəfərimiz bütün dünyaya bir daha nümayiş etdirdi ki, Qarabağ torpağının 30 il işğal altında qalması Azərbaycan xalqının gücsüzlüyünün, acizliyinin nəticəsi olmayıb. 30 illik işğalın, qaçqınlığın, didərginliyin arxasında kökü keçmişdən gələn müasir tarixin ədalətsiz və çirkin oyunları, bizi istəməyən şər qüvvələrin bu oyunu qurması və ona qoşulması durub. Akademik Teymur Kərimli "Şuşanamə"də diqqəti bu tarixi həqiqətin üzərinə yönəldərək sözdə Qarabağ probleminin həlli ilə bağlı məsuliyyəti öz üzərinə götürdüyünü bəyan edən, əməldə isə tarixi ədalətsizliyin başında duran ikiüzlü dünya güclərini satiranın dili ilə ittiham edir, ATƏT, Avropa Şurası kimi ünvanlardan hesab soruşur:
Səs ver səsimə, hardasan, Avropa Şurası?
Çıxdın göyə, ya yerdəsən, Avropa Şurası?
...Neyçün ikili yöndə qurursan siyasəti?
Artıq özün də zordasan, Avropa Şurası!
Adilsən əgər, bayraq edib sən ədaləti,
Zülmün gözünə dürtəsən, Avropa Şurası!
Əslində, bu ittihamı səsləndirməyə hər bir Azərbaycan vətəndaşının mənəvi və hüquqi haqqı var. Satira o zaman inandırıcı və kəsərli olur, oxucuda ciddi maraq oyadır ki, seçilən mövzu, ifşa hədəfi müəllifin ona bəslədiyi münasibətə layiq olsun. "Şuşanamə"də satira "Vətən savaşı mərmiləri" başlığı ilə təqdim olunub və bu "mərmilərin" hədəfləri tarixin lənətinə layiqdirlər. Ona görə də şairin bədii obrazlarla ifadə etdiyi istehza oxucuların da ürəyindən xəbər verir.
Akademik Teymur Kərimlinin "Şuşanamə" kitabının dəyəri və əhəmiyyəti bir də ondadır ki, sabahın eşqi ilə yaranan əsərlər keçmişlə bu gün, bu günlə gələcək arasında mənəvi körpü yaradır, nəsilləri mənən bir-birinə bağlayır:
Nə gözəl günlərə yetdin, şükür olsun, Teymur,
Sabahın eşqi ilə çox coşacaq ilhamımız...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!