Cavanşir YUSİFLİ
Sərbəst, yoxsa adekvat tərcümə?
Bədii tərcümə prosesində ana dilinin zənginləşməsi doğrudan araşdırılmalı problemdir. Əvvəla, tərcümə zamanı sən ana dilinin bütün imkanlarının zəngin "yatağından" faydalanmaq üçün var gücünü sərf etməli olursan. Ancaq bu, ilk cəhddə alına bilən bir məsələ deyildir, çünki orijinal dilin ifadə etdiyi mənaları anlamaq prosesin orijinal dilin xeyrinə və ana dilinin zərərinə daralmasını, orijinal dilin çevirməyə ciddi müqavimət göstərdiyini də şərtləndirir. Dillər canlıdır, onlar nəfəs alır, canlı hesab edilən bütün varlıqlarla müqayisədə onların hədəf olaraq seçdikləri hər şeyə qarşı müqaviməti güclü, bəzən qırılmaz olur. Burda söhbət təkcə orijinal dili nə dərəcədə anlamaqdan getməməlidir, nə qədər səlis bilsən də, o dildə düşünmək imkanına malik olsan da, tərcümədə onun güclü müqaviməti ilə rastlaşacaqsan. Çünki metafora ilə işlətməli olsaq, tərcümə prosesində düşüncəni iki yerə bölməli olursan, bir dildən digərinə axan "məhsul" ikincidə özünə rahat yataq tapmalıdır, bu isə heç də asan məsələ deyildir, bu işin keyfiyyəti tərcüməçinin nə qədər professional olmasından daha çox asılıdır.
Belçikalı ədəbi tənqidçi və ədəbiyyat nəzəriyyəçisi Paul de Man bu məsələ ilə əlaqədar yazırdı ki, "...Tərcüməçilər orijinal mətnin müəyyən aspektlərini vurğulayaraq və digərlərinə etinasız yanaşaraq, "ekvivalentlik" ideyasını aradan qaldırırlar və buna görə də tərcümələr həmişə yeni yaradılışlar sayıla bilər". Bu qeyddə həqiqət olsa da, tərcümə həmişə başqasının əsərinə əsaslanır və buna hörmət edilməlidir. Tərcüməçinin işi təvazökardır, çünki o, vasitəçi olduğu üçün mətndə çox iştirak etməməlidir; çox vaxt böyük yazıçı ədəbi əsəri tərcümə edəndə mətndə onun üslubunun, lüğətinin və ya dil üstünlüklərinin əlamətlərini tapmaq olar (Xəlil Rza nümunəsində olduğu kimi, ancaq deyək ki, Rəsul Rzanın tərcümələrində bunu hiss etmək qəti mümkün deyildir, bu nümunələrdə tərcüməçi ilə müəllif arasında "birtərəf", yəni orta mövqedə duran üslub elementlərinə rast gəlmək mümkündür, amma məsələn, Ramiz Rövşənin rus poeziyasından etdiyi sərbəst tərcümələrdə şairin öz üslubu daha qabarıq hiss edilir...), deməli, müəllif əslində yaxşı tərcüməçi deyil. Bədii tərcümə praktikasında "müəllif təsdiqli" tərcümələrə də rast gəlinir.
Bizim fikrimizcə, tərcümə prosesinin normal alınması üçün tərcüməçi "buqələmun" olmalı və mətnin başqalığına hörmətlə yanaşmalıdır, dəyişiklikləri dərk etməlidir, anlamalıdır ki, bu dəyişikliklərin bir səbəbi olmalı, klassikləri öyrənmək və oxumaq əsasında düşünülmüş seçimdən irəli gəlməlidir. Bir klassik nümunəyə diqqət yetirək. XVIII əsr Venesiya dramaturqu Karlo Qoldoninin pyesləri əvvəlcə yüngül komediyalar kimi qəbul edilsə də, marksist təhlil yolu ilə sosial tənqid kimi təsdiqini tapmış və Fransa İnqilabının ədəbi xəbəri kimi şərh edilmişdir, çünki bu əsərlərdə zadəganlar ələ salınır, qadınlara lağ edilirdi.
Belə bir nəzəri ayrıntıya diqqət edək: Bədii tərcümə ədəbiyyatın və dilin zənginləşməsinə eyni zamanda, ancaq fərqli səviyyələrdə təsir edir. Ədəbiyyatın inkişafına təsir edən faktor dilin üfüqlərini genişləndirməyə bilməz. Dilin, bədii nitq vahidlərinin zənginləşməsi ən müxtəlif səviyyələrdə gerçəkləşir. Bədui tərcümə prosesində dilin zənginləşməsi təkcə yeni söz və ifadələrin gətirilməsi ilə məhdudlaşmır (bunlar həmişə epizodik xarakter daşıyır -!), yəni bu prosesdə ana dilinə hər hansı yeni söz daxil olmaya da bilər, ancaq ifadə planında yeniliyin olması mütləqdir. Dünya ədəbiyyatının şah əsərlərindən tutmuş, müasir ədəbi nümunələrədək hər bir bədii mətn ana dilimizə çevrildikdə özünün psixoloji ovqatını, fəlsəfi mənasını, mədəni-tarixi stixiyasını da özü ilə gətirir, bu komponentlər ana dilində adekvat ifadəsini tapdıqca dilin üfüqünün açılıb dünyanı, onun ən fərqli rəng və ovqatını ifadə etməsi, mədəni kontekstə transformasiyası hadisəsi baş verir.
Bədii tərcümə dilin dinamik inkişafına stimul yaradır, uğurla tərcümə edilmiş hər bir əsər ana dilində daha masştablı bədii əsərlərin yaranmasına təkan verir. Bəzi ölkələrdə ədəbiyyatın məhz tərcümə ilə başlaması da bu mənada təsadüfi deyildir. Orta əsrlərdə müəyyən və çox dəyərli kitab və araşdırmaların tərcümə edilib konspektləşdirilməsi həmin çağın mədəniyyət kateqoriyaları arasında önəmli yer tuturdu. Yəni bizim dilimizdə ən dərin elmi biliklər, ən fantastik metaforik deyimlər ifadə oluna bilirmi? Tərcümə bu məsələnin millətin bütün taleyi və ömrü boyu yoxlanması, ələkdən keçirilməsidir. Həsənoğlunun ana dilimizdəki məşhur qəzəlinin tərcümə olması faktdır, bu mənada bədii tərcümə, xüsusən yenilikçi ədəbiyyatın dilimizə tərcüməsi həmişə dil üçün preroqativ və tələbdir, dünya ədəbiyyatının sistemli şəkildə tərcüməsi dildə əvvəllər rastlanmayan mədəni proseslərin ifadəsinə yol açır, dil daxilən zənginləşir. Bu ümumi baxışdır. Fərqli nüanslar da var, məsələn, modernist ədəbiyyatın, deyək ki, Tomas Sternz Eliotun orijinaldan dilimizə çevrilməsi modernist şeirin havasının, fəlsəfə və estetikasının ana dilində ifadəsinə, bu havada orijinal əsərlərin yaranmasına yol açır.
Ədəbi tərcümənin tipi tərcüməçinin poetik şəxsiyyətinin identifikasiyasına çevrilir. Şübhəsiz, əgər tərcüməçi şairdirsə. Ramiz Rövşənin bütün tərcümələri sərbəstdir, onun Mayakovskinin "Şalvarlı bulud" poemasından etdiyi fraqmentlər, Blok və digər şairlərdən etdiyi tərcümələr orijinalın mənasını ifadə etməklə yanaşı, daha çox özünün şair mənini qabartmaq məqsədini daşıyır.
Tərcümə ədəbiyyatı musiqi partiturası kimi
Tərcümənin tipini konkret bədii mətn haqqında təsəvvürümüz müəyyən edir. Konkret bədii mətnin hansı səviyyədə tərcümə edildiyini ədəbi tənqidlə yanaşı, hər birimiz müəyyənləşdirməyə çalışırıq, dünya ədəbiyyatının elə şah əsərləri var ki, istisnasız olaraq bütün dillərə dəfələrlə tərcümə edilsə də, tam olaraq nəfis və mükəmməl tərcümə mətni əldə etmək sanki mümkünsüz görünür. Niyə? Məhz həmin şah əsərlərdə tarixi-ideoloji, mövzu-problematika və estetika baxımından dil üçün o qədər yeniliklər (və arxaizmlər -!) mövcuddur ki, əsərin çevrildiyi dil ilk əvvəl bu yükün altında sanki duruş gətirmir, ancaq zaman və tərcüməçilər dəyişdikcə tərcümə prosesi asanlaşır, hər bir tərcüməçinin təfsirində yeni qatlar peyda olur və bu qatlar ana dilinin zəngin mənbələrindən qidalanır. Ancaq bu "qidalanma" ilk cəhddə uğursuz da ola bilər. A.S.Puşkinin "Yevgeni Onegin" poemasını Səməd Vurğun və Eyvaz Borçalı tərcümə etmişlər. Birinci halda orijinala adekvatlıqla bərabər ana dilimizin zənginlik ölçüsünün üzə çıxmasından, ikinci halda isə orijinala maksimum yaxınlıqdan söz gedə bilər. Böyük Səməd Vurğun tərcümələrində məhz ana dilinin zənginləşməsinə daha çox nail olmuş şairdir. Həmin şah əsərlərinin sonadək, bütün mənası ilə ana dilinə tərcümə edilə bilməməsinin başqa bir səbəbi aydındır: keçmişdə, tarixin bəlli dönəmində qələmə alınmış bədii əsər özündə keçmişlə gələcəyi birləşdirir, o əsərlərdə keçmiş arasıkəsilmədən indiləşir, ancaq bunu olduğu kimi, bütün qatları ilə oxumaq mümkünsüzdür. Bu səpkidə yaranmış və müxtəlif ədəbi "izm"lərdən çıxan bədii mətnlər yaşadığımız, xatırladığımız, fantaziyalar qurduğumuz dünyanı eyni zamanda həm tam əhatə edir, onu ovcunun içinə yerləşdirir, həm də onun üzərində yeniliklər inşa edir.
Tənqid və ədəbi əsərin statusu (deyək ki, Puşkinin poeması, yaxud Yohan Volfqanq Hötenin "Faust" əsəri) bizim şərhimizə təsir edən ideoloji süzgəclərdir. Bir nəzəri fikrə görə, tərcümələr ədəbi əsərlə ədəbiyyat nəzəriyyəsi arasında yolun yarısıdır, çünki onlar mətnə tənqidi baxışı nəzərdə tutur. Hermenevtika nəzəriyyəsinin banisi Qadamer öz konsepsiyasında tərcüməni razılıq anlamında söhbətlə müqayisə edir, bu yolla o, müəlliflə tərcüməçi arasında ortaq cəhətləri tapmağa çalışır. Ancaq bizim fikrimizcə, bədii tərcümə nə rəssamlıq kimi yaradıcılıq sənəti, nə də əksər sənət növləri kimi reproduktiv sənətdir, o, musiqi kimi təfsir sənətidir. Tərcümə ədəbiyyatı orijinal dildə yaranan ədəbiyyatdan gələn mesaj olmaqla yanaşı, necə deyərlər, daxil olduğu ədəbi prosesə də şərhlər verir (həm də zamanla bu şərh və təfsirlərin sırası sıxlaşır -!). Mümkün tərcüməçilərin hər biri tərəfindən istər-istəməz fərqli şəkildə şərh olunacaq orijinal mətn musiqi partiturasını xatırladır.
Bədii tərcümə əslində psixoloji nüanslarla bol olan bir prosesdir, bunu ilkin olaraq yadda saxlayaq. Bu prosesdə ənənəvi olaraq iki dil qarşılaşır; zahirən bu, doğrudan da, belədir. Ancaq proses irəlilədikcə orijinal dilin hakim olduğu, tərcüməçinin düşüncəsini zəbt etməsi inkarolunmaz faktdır. Tərcüməçi ilk növbədə orijinal dilin "cəngəlliyinin" bütün tərəflərini, içini, çölünü, dərinliyini dəqiq tanımalıdır. Hər hansı dildə olan bədii mətni dəfələrlə oxusaq da, onun zehnimizdə ana dilimizə çevrilməsi zəif şəkildə gerçəkləşir (bəzən aralarında əlaqə omayan, yaxud zəif olan fraqmentlər şəklində), yaddaşımızda yanıb-sönən proses işarələri, yəni deyək ki, ingilis dilində olan mətnin içindəki mənaların aydınlaşması, kod və kontekst münasibətləri qarmaqarışıq şəkildə olur. Başqa bir problem isə tərcüməçinin proses zamanı özü üçün seçdiyi çərçivədən kənara çıxmaq istəyidir.
Yuxarıda sadalanan prinsiplərdən biri və əsas olanı orijinal dildə bədii mətnin dəfələrlə oxunmasıdır; bu ilkin mərhələdir. Təcrübə göstərir ki, hər hansı yazıçının bir əsərini deyil, onun külliyyatını mütaliə etmək tərcümə prosesini asanlaşdırır, bura həmin müəllifin yaradıcılığından bəhs edən əsərləri (monoqrafiya, məqalə) də əlavə edə bilərik. Bədii tərcümə prosesində ən çətin məsələ məhz ana dilinin imkanlarından təbii şəkildə faydalanmaq, söz və söz birləşmələrinin, cümlənin səslənməsi, dil qaydalarına riayət edilməsi və ümumən sintaksis səviyyəsinin təbii və mükəmməl olmasıdır.
Xarici dildən hər hansı hekayə, şeir, roman və ya dram əsərini dilimizə çevirdikdə ana dili ilə xarici dil arasında aşkar-gizli müqavimət baş verir və bu müqavimət nə qədər güclü olarsa çevrilmiş mətn bir o qədər təbii və ana dilində normal səslənmiş sayıla bilər.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!