Elnarə AKİMOVA
Azad Yaşarın "Hamı və Heç kim" (2003), "Konsept" (2016) adlanan iki şeir kitabında müxtəlif illərdə, o cümlədən poeziyaya gəldiyi 1980-ci illərdə yazdığı şeirləri toplanmışdır. Şairin poetik üslubunun fərdiliyini səciyyələndirən amilləri görməyə bu şeirlər kifayət qədər material verir. Maraqlı və mühüm olan nədir? Azad Yaşarın hər iki epoxada dəyişməyən şair "mən"i, təbəddülatlı ruh halı. Bədbinlik və ondan çıxış, zülmət və ondan qaçış nöqtələri axtarmaq və tapa bilmək bu şeirlərin özünü də keçid ovqatının atmosferində təhlil edilməyi labüdləşdirir. Nə mənada? Azad Yaşarı sovet epoxasının hakim olduğu illərdə bədbin, dalğın notlardan, minor motivlərdən çıxış edən görürük. Buna səbəb şair həqiqətləri ilə zaman gerçəklərinin toqquşmasıdır. Müəllifin daha çox adiliklərə, həyatın bozluqlarına diqqət yönəltməsi, gerçəkləri rəngsiz təqdim etməsi incə məqamları sezmək üçün açıq kitab səciyyəsi daşıyır. Bu şeirlərdə sözlərdəki təsirdən çox, sətirlər və sözlər arasındakı boşluqlarda yer almış ağrının təsir gücündən danışmaq lazım gəlir. Şairin 1982-ci ildə yazdığı "Kədər dağları" şeirinə diqqət edək:
Dağlara qar yağıb.
Dağlar uyuyur qar altında.
İstidə.
Onlardan qat-qat ucadır
sinə dağlarım -
nə qədər qar yağsa örtməz.
Sinəmə çəkilənlər
adi dağ deyil -
qar altda yatmaz.
Soyuqdan donacaqlar zavallılar!
Adi danışıq ritmi üzərində qurulan və insanın təbii əhval-ruhiyyəsindən hasilə gələn bu şeirlərdə dünya, həyat işləkləri və obrazın ruhi vəziyyəti arasında bağ yaradılır. Amma bu kədər, ağrı hər şeyin sonu, ümidsizlik kimi mənalanmır. Bütün hallarda dayaq nöqtəsi tapılır, fikrin özünün daxili enerjisi hesabına duyğu və zəkanın arasındakı kontrast, psixoloji maneə dəf edilir. "Zülmətdən işığa keçid" (1985) şeirində olduğu kimi:
Qaranlıqda yazdığım şeir
əl havasına yazdığım şeir
ağ qoçla qara qoçun davasına
yazdığım şeir
fikrimin işığında yazıram səni.
İşıqda yazıram səni.
Azad Yaşarın şeirləri ilk növbədə, sərbəst şeiri yalnız forma zəmini ilə qapamaq anlayışının səhv qənaət olduğunu isbatlamaqla bərabər, məzmun çalarlarında mövcud olan axtarışları, tutumlu ifadə vasitələrini, obrazlı təxəyyül dərinliyini poeziyanın aparıcı amilinə çevirmək prosesində əyani nümunə olaraq iştirak edir. Həm də sənətin ali missiyasına - ümidi və işığı qoruyub saxlaya bilmək meyarına sadiq qalaraq! Şeirlərinin biri elə belə də adlanır Azad Yaşarın - "Təbəssüm missiyası"! Çünki ən dərində itib qalmış şair misralarının belə bir gün diriləcəyinə, ehya tapacağına inanır:
Beynim itkin misralar
Ağ kağızın işığına çıxara bilmədiyim
Qərib fikirlər məzarlığıdır.
İntizarla
bir Məhşər gününü gözləyirəm.
Azad Yaşar poetik təxəyyülünün enerjisini müəyyən sədlərlə qapamamağa cəhd edir, ifadəliliyin bütün imkanlarından yararlanır, assosiasiyaların aniliyini, təbii axarını maksimum saxlamağa çalışır. Sərt və ekspressiv rənglər, qeyri-adi epitet və təşbehlərlə işləyən Azad Yaşarın şeirlərində emosionallıq və gərginliyin arxa plana keçirilməsi bəlkə də müəllifin düşünülmüş orijinallıq yaratma cəhdinə görə baş tutur. Baxmayaraq ki, bu şeirlərdə çiçəklərin dərilib qoxlanmasına ("Çiçəklərlə nəzakətli davranış qaydaları"), yol qırağında mürgüləyən dilənçiyə ("Qarşıdakı ümidsizlik"), maşın qəzasında həyatını itirən insanların faciəsinə ("Avtomobil qəzası") ağrıyacaq qədər həssas bir qəlbin üzüntüsü hiss olunur:
Belə danışıb gülməyimə baxmayın
siz məni axşamüstüləri
uşaq kimi evimiz üçün
anamın üzü, atamın səsindən ötrü
köyrələndə görün -
tanımazsınız məni, tanımazsınız vallah
(amma özümə nə qədər bənzəyirəm onda)
***
Azad Yaşar peşəkar tərcüməçidir, bu sahədə sistemli və uğurlu xidmətləri var. O, postmodernizm ədəbi cərəyanının ədəbiyyatımızda intişar tapmasında xidməti olanlardan biridir. Azad Yaşar bunu həm şeirləri, postmodernizmin mahiyyətini elmi-nəzəri aspektdən təhlil edən yazıları, həm də tərcümə etdiyi yazıçıların mətnləri vasitəsilə gerçəkləşdirmişdir. Bütünlükdə Azad Yaşarın tərcümə arealı zəngin və çoxcəhətlidir. Türk dünyasının irfan aləmindən tutmuş dünya Avropa ədəbiyyatının tanınmış yazıçılarının nümunələrinə qədər: "Postmodern rus ədəbiyyatı" (tərcümə antologiyası) (2006), Mövlanə Cəlaləddin Rumi "Məsnəvidən seçmələr).( I-II nəşr, 2007), "Çin mədəniyyəti" (2008), Əhməd Həmdi Paşa "Missioner" (2008), Erik-Emmanüel Şmitt "Müsyö İbrahim və "Quran" çiçəkləri" (2015), "YAHU. Sufizm, Dao, Dzen hekayətləri" (2018), Cavad Nurbaxş "Sufi yolu barədə söhbətlər" (2019), Fyodor Dostoyevski "Gizlindən qeydlər" (2021) və s. Adları istənilən qədər uzatmaq olar. Ən azı, "Ədəbiyyat qəzeti"nin oxucuları hər həftə Azad Yaşarın tərcümə etdiyi maraqlı mətnləri izləyərkən onun dünya ədəbiyyatının ən maraqlı müsahibə, məqalə və poetik nümunələrini necə böyük əzm və səriştə ilə dilimizə çevirdiyinə şahid olurlar. Əsas amil həm də budur ki, bu tərcümələr müəyyən bir sistemliliklə hasilə gəlir. Mənəvi dünyanın arınmasına, insan ruhunun təmizliyinə, qlobal ahəngə, əxlaq və düşüncə bütövlüyünə, sənət və yaradıcılıq problemlərinin dərkinə xidmət edən nə varsa bu düzənin içindədir. Həqiqi estetik duyum və zövqün nəticəsi olaraq bədii tərcümə mətni kimi seçilən bu nümunələrin əsas özəlliyi də bundadır: kosmoloji dərinlik ölçülərini ehtiva etməsində. Bu missiyanı çiyinləri üzərində daşımaq yaradıcı insan üçün hər zaman məsuliyyətli işdir. Amma sevgi və təəssübkeşlik duyğusu varsa, lazım gəlsə Atlanta çevrilmək olar. Əbədiyyətə aparan yolun, sehrbaz kimi ən uzaq zamanı, keçmişi bizə gəstərən sənətin, tarix və təbiətlə həmmüəllif olan yaradıcılığın mistik sehri və gücü də bu amilə bağlıdır.
Nəhayətsiz Sizif əməyini yada salsa belə...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!