Son illərdə çox az roman oxumuşam. Az oxumağım əsər qıtlığı ilə bağlı deyil. Bunun əsl səbəbi səhhətimlə bağlıdır. Məni Bakıya oxumağa gətirən Mehdi Hüseynin "Abşeron" romanı olub. Tahirin sevgilisi kimi bir gözəl qızın sorağı ilə gəlmişdim Bakıya. Bu sevgim Don Kixotun sevgisi kimi xəyali bir sevgi idi.
Uşaqlıqdan bədii ədəbiyyat vurğunu olmuşam. ADU-nu qızıl medalla bitirən müəllimim Əliş Əyyubov qəlbimdə ədəbiyyat sevgisi alovlandırmışdı. (Bu barədə "Altı il Dəclə-Fərat sahillərində" kitabımda yazmışam).
Bir gün Əliş müəllim dedi: "Vətəni daha çox sevmək üçün "Taras Bulba" əsərini oxumaq lazımdır. Kitabı oxuyun, sonra birlikdə müzakirə edərik".
Tənəffüsdə gedib kitabxanadan "Taras Bulba"nı aldım və bir gündə oxuyub başa vurdum.
Yeri gəlmişkən, 1966-cı ildə İraqda dörd il tərcüməçi işləyib vətənə dönəndən sonra ilk oxuduğum kitab Əlfi Qasımovun "Adilənin taleyi" romanı və Sizin tərcümənizdə "Qağayı" əsəri olub. Ancaq indi böyük həcmli kitabları oxumağı həkimlər məsləhət görmürlər.
Siz telefon açıb 90 illik yubileyiniz ərəfəsində yazdığınız, "Azərbaycan" jurnalında çap olunan (№: 10,2022) "Dağıntılar altında" romanınızı oxuyub fikrimi bildirməyi xahiş edəndə səsinizdən hiss etdim ki, "yox" desəm xətrinizə dəymiş olaram. Mənim də yaşım az deyil. Yaxşı bilirəm ki, yaşlı adamlar kövrək olur, bəzən adi bir şeydən də inciyirlər, hətta küsürlər.
Xoşbəxtlikdən romanınız ən çox sevdiyim memuar ədəbiyyatı janrı üstündə köklənib. Romanınızı oxuyanda gördüm ki, lap cavanlıqdan xəmiriniz ləyaqət, həqiqət üstündə yoğrulub. Həyatınız boyu həqiqət carçısı olmusunuz. Xalqımızın görkəmli şəxsiyyətləri haqqında romanda qələmə aldığınız ibrətamiz əhvalatlar yaxın tarixi keçmişimiz, onu təmsil edənlər haqqında təsəvvürümüzü zənginləşdirir.
Əsər təlqin edir ki, Siz o xoşbəxtlərdənsiniz ki, iddiasız və təmənnasız yaşaya bilmisiniz. Dünya malı sizi məhvərinizdən çıxara bilməyib. Əsərinizdən açıqca görünür ki, əxlaq saflığı, könül toxluğu Sizin yaşam tərziniz olub.
Yusif müəllim, bəzən həmkarlarım yarızarafat, yarıgerçək deyirlər ki, yazılarımda tərifə çox yer verirəm. Nə edim ki, istər bədii, istərsə də elmi olsun, dəyərli bir əsər oxuyanda, bəlkə də, müəllifdən daha çox sevinir, ürəyimdən keçənləri səmimiyyətlə kağız üzərinə köçürürəm. Ürəyi həyat, yaradıcılıq eşqi ilə döyünən insanlara yaxşı mənada qibtə edirəm. Onlardan nümunə götürürəm. Həyatın mahiyyətini daha yaxşı dərk edirəm. Sizin romanınızdan da nümunə götürüləcək məqamlar çoxdur.
Yazıçılar Birliyindən, oranın əxlaq, mənəviyyat dərslərindən məhəbbət və səxavətlə yazmağınız ürəkaçandır. Romanınızdan bilmədiyim məsələlər haqqında çox məlumat aldım. Bilirdim ki, Səməd Vurğun istedadlı gənclərə xüsusi qayğı göstərib. Salyandan 8-ci sinfi bitirmiş Əliağa Kürçaylını Bakıya gətirdib, öz hesabına məktəbdə, sonra isə universitetin Filologiya fakültəsində oxumasına kömək edib.
Səməd Vurğunun İslam Səfərliyə atalıq qayğısını Sizin romandan öyrəndim. "Soldat xidmətini şərəflə sona çatdıran İslam Səfərli Yazıçılar İttifaqına gəlir. Səməd Vurğuna şeirlərini oxuyur. Gənc şairin istedadı onu heyran edir. Dərhal universitetin rektoruna zəng edir. Gənc şairi universitetin Filologiya fakültəsinə imtahansız qəbul edirlər".
Həqiqət və vicdan simvolu olan Əli Vəliyevi hövsələsizlikdən, təcrübəsizlikdən, az qala təhqir edibsiniz.
O isə böyüklüyünü, ağsaqqallığını nümayiş etdirib: "Məndən qorxub-çəkinmədən sözünü kişi kimi deməyin tərifəlayiqdir" - deyib və Salam Qədirzadəyə göstəriş verib ki, şeirinizi "Azərbaycan" jurnalının növbəti nömrəsində versin.
Yusif müəllim, siz kiçik bir dialoqda Əli Qara oğlunun şəxsiyyətinə xas olan ürək genişliyini, xeyirxahlığını qabarıq şəkildə verə bilibsiniz. O vurhavurda, hətta harasa zəng edib sizin işə düzəlməyinizə yardımçı olub.
Bu hələ azmış kimi, qonorarınızın akkordnan (iki misli) yazılmasına göstəriş verib. Cibindən 25 manat çıxarıb, "Götür, borc verirəm. Pullananda qaytararsan. Get bir köynək, bir cüt ayaqqabı və bir də şalvar al" - deyərək kobudluğunuza görə sizi xəcalətdə qoyub.
Rəsul Rzanın sizə ata qayğısından söz açırsınız. Rəsul müəllim təkcə sizə deyil, neçə-neçə gəncə dayaq olub. Onlardan biri də mənəm.
Rəsul Rza 1968-ci ildə çıxan "Kərkük bayatıları" kitabında adımın onun adı ilə qoşa getməsinə razılıq verərək mənim gələcək taleyimdə misilsiz rol oynadı.
Heyif o köhnə kişilərdən... İndi gənclər Səməd Vurğun, Mirzə İbrahimov, Əli Vəliyev, Rəsul Rza kimi kişiləri əldə çıraq axtarırlar.
Ancaq dahi Səməd Vurğun demişkən, "Cahanda hər hökmü bir zaman verir". İndi mühit və insanlar inanılmaz dərəcədə dəyişib. Münasibətlərdə qeyri-səmimi bir ovqat yaranıb.
Yusif müəllim, uşaq bağçalarından başlamış ta kamillik dövrünə qədər sovet sisteminin qüsurları ilə bərabər, yaxşı cəhətlərini də göstərirsiniz. Romanda böyük hörmət və səxavətlə söz açdığınız Səməd Vurğun, Mirzə İbrahimov, Rəsul Rza, Əli Vəliyev, İsmayıl Şıxlı, Böyükağa Qasımzadə, İsa Hüseynov, Qabil, Bəkir Nəbiyev, Salam Qədirzadə, Əli Kərim, Famil Mehdi, Əhəd Hüseynov və bir çox başqaları sovet sisteminin - o mühitin yetişdirmələri idilər. Aldığınız qonorar xəstə ananıza dərman almağa, yaşadığınız birotaqlı darısqal mənzilin kirayəsini verməyə kömək edirdi.
Sizi komsomolda yuxarı vəzifəyə çəkəndə ananızın narahatlıq keçirməsi əsassız deyildi. Gəncləri, xüsusən də komsomolçuları Xam torpaqlara aparırdılar. Çoxları orada məhv olurdu. Ananız tarix müəllimi olduğundan Xam torpaqlar haqqında dedikləri hədəfə düz dəyir: "Qazaxıstanın təkcə torpağı xam deyil, küləyi, yağışı da xamdır. Oranın çayları sellənməyin, daşmağın acıdı".
Maraqlıdır ki, Xam torpaqlar barədə ananızın fikri ilə mənim atamın fikirləri üst-üstə düşür. Böyük qardaşım hərbi xidmətdə idi. Sürücü olduğundan onu da Xam torpaqlara aparmışdılar. Onda mən orta məktəbdə oxuyurdum. Hər həftə mənə məktub yazırdı. Yaxşı işinə görə zəngli saat, əlcək və s. hədiyyə etdiklərini xüsusi vurğulayırdı. Bir dəfə də yazdı ki, mənim hərbi xidmətim bitir. Qağama (biz atamıza qağa deyərdik) de ki, bura yaxşı yerdi, məsləhət bilsə, qalıb bir az özümü tutub qayıdaram.
Qağamın məsləhəti qısa oldu: "Qoy çıxıb gəlsin. Ora yaxşı torpaq olsaydı, indiyə kimi xam qalmazdı".
O vaxtlar böyüyün sözü eşidilər, ona ehtiram göstərilərdi.
Romanda ananızın məsləhəti ilə Məlahət xanımla evlənməyiniz və xoşbəxt olmağınız yuxarıda deyilənlərə dayaq olur.
Yusif müəllim, əsərinizdə məni qane etməyən məqamlar da vardır.
Romanınızın Moskva yaxınlığında yazıçıların məşhur "Peredelkino" yaradıcılıq evində erməni yazıçısı Hamo Saqiyanın gözəl qızı Sedanın məkrinə düşdüyünüz hissəsi yamaq kimi görünür. Bu hələ bir yana. Mirzə İbrahimova - mələk kimi böyük şəxsiyyət və yazıçıya insafsızcasına kəskin teleqram göndərən, Əli Vəliyev kimi vicdan simvolu olan ağsaqqalı üzünə tənqid edən bir adam Sedanın felinə düşəndə aciz, cəsarətsiz bir adam təsiri bağışlayır. Əgər bu süjet hər hansı bir formada davam etdirilsəydi, Sedadan hayıfınızı ala bilsəydiniz oxucunu razı salardınız.
Mirzə müəllimə məktubunuzu oxuyanda çox pərişan oldum. Yazırsınız: "Mirzə müəllim, bir dəfə özünüz dediniz ki, məni yaxşı tanıyırsınız. Sizə verdiyim ərizəmdə də bildirmişəm ki, xəstə anamla kirayəçiyəm. Mənzil paylaşanda böyük haqsızlığa yol vermisiniz. Sizi çox tərifləyirlər. Ancaq yaradıcılıq fəaliyyətiniz dumanlıdır. "Gələcək gün" romanında Cənubi Azərbaycanı inqilaba çağırışlar var. Xalqın işinə qarışmağa sizi kim vəkil tutub? Biz inqilablar eləyib ağ günə çıxmışıq. Sovet yazıçısıyam, ancaq günüm it günüdü, nə ad-sanım var, nə ev-eşiyim. Bir şərait yaratsaydınız, Nobel mükafatı alardım. Kitablarım xarici dillərdə çap olunardı. Romanlarım əsasında kinofilmlər çəkilərdi. Yaxın buraxmadınız. Xəşilin yağlı yerini güclü maaşlar alan, vəzifələr tutan prezidiumun üzvlərinin və katiblərin qabağına çəkirsiniz.
Nəşriyyatlar ancaq sizləri çap edir. Gənc yazarlar iş tapmırlar... Özünüzü ələ alın, Mirzə müəllim. İttifaqınız gözdən düşməsin! Yan-yörənizi təmizləyin! Sizi dağıntılardan qorumaqdır məqsədim. Bağışlayın, məktubum sərt alındı".
Yusif müəllim, romanınızda bir neçə yerdə bu məktuba görə xəcalət və peşmançılıq çəkib üzüldüyünüzü etiraf edirsiniz. Bir yerdə isə yazırsınız: "O gecə ilan vuran yatdı, mən yata bilmədim. Mirzə müəllimə göndərdiyim teleqram cığımı çıxarırdı. Axı, teleqram çox sərt alınmışdı.
Möhtəşəm və müqəddəs qaladı, yazıçı mənliyi, yazıçı qüruru!
Ağır ittihamlarla Mirzə müəllimin qalasını yıxmışam".
Məktubunuzdan nələri əxz etdim?
Birincisi, dərindən dərk etdim ki, doğrudan da "yaradıcılıq möhtəşəm aldanışdır". İkincisi isə teleqramınızda lovğalıq, dəliqanlılıq, yekəxanalıq, özündən razılıq baş alıb gedir. Altmış ilə yaxındır mətbuatı izləyirəm. İlk şeirinin sizdən başqa Yazıçılar İttifaqının orqanı "Azərbaycan" jurnalında çap olunan gənc şair haqqında eşitməmişəm. Bu, hər şairə qismət olmur. İnsafən, "Təhsildən qayıdarkən" adlı şeiriniz təbiidir, təsvir canlıdır, ürəkaçandır: "Qolum üstə pencəyim, əlimdə də çamadan. Geniş kənd küçəsiylə, gedirəm yavaş-yavaş. Gün batır, qaralır qaş" - və s.
Yusif müəllim, teleqramınızı romanda çap etdirməyinizə haqq qazandırıram. Qoy bu, bəzi gənc yazarlarımız üçün ibrət dərsi olsun.
Haqlı olaraq teleqramınızdan sonra Mirzə müəllim sizdən bərk inciyib. Hətta salamınızı belə almayıb. Lakin sonralar sizi bağışlayıb (təbii ki, yaradıcılığınıza görə) və deyib: "Kitabınızla tanış olmuşam. Xoşuma gələn çox şey var o əsərlərdə. Fikirlərimi yazdığım "Həmkarlarım" məqaləmi "Ədəbiyyat və incəsənət"də çap edəcəklər. "Eh, yaşa dolduqca çətinliklərə sinə gərmək çətinləşir. Ananın səhhəti necədir? Mənzil məsələni həll edəcəyəm. Çox çəkməz, Allah qoysa, bir-iki aya köçüb oturarsan hər şəraiti olan mənzildə".
Bütün bunlar Mirzə müəllimin böyük ürəyindən xəbər verirdi. Həqiqətən də, bir neçə ay sonra sizə üçotaqlı ev veriblər.
Təəssüf ki, gedib Mirzə müəllimə təşəkkür etməyinizi kitabda görmədim. Gərək evləndiyiniz, övladınızın olması barədə də o böyük insana xəbər verəydiniz, sevinərdi.
Bütün bunlarla bərabər, kitabınızda xoşuma gələn bir cəhəti - atalar sözləri və məsəllərdən məqamında istifadə etməyinizi xüsusi vurğulamaq istəyirəm. Maraqlıdır ki, onların bəzisini sanki özünüz yazıbsınız. Bu, əsərin maraqla oxunmasına zəmin yaradır: "Ürəyimin qapıları darvaza kimi açıqdır, yolu düşən burulur içəri", "Təki inəyim südlü olsun, sərnici vurub südü dağıtsa da eybi yoxdur", "Mən çəltik dəyirmanında, - ding altında döyülmüşdüm sanki", "Arı yuvasına çöp salma", "Kabinetdən gözü tox, könlü dolu çıxdı", "Xanım atlını atdan salan gözəllərdəndir", "Bu cinayət işində onlar bir boyunduruqdadı" və s.
Yusif müəllim, sizin uzun ömür sürməyinizin sirrini istəyirəm hamı bilsin. Bu, təmənnasız yaşamağınızla, gecələr rahat yatmağınızla bağlıdır. Kiminsə qapısına daş atmayıbsınız, bədxahlıq nədi bilməyibsiniz. Kabarda-Balkar yazıçısı Qaysın Quliyevin gözəl şairimiz Tofiq Bayram tərəfindən tərcümə etdiyi misralar sanki sizin boyunuza biçilib:
Qoy şirin yuxuna girsin gecələr
Ürəyincə olan gözəl bir həyat.
Ləkəli deyilsə vicdanın əgər,
Sən rahat yat.
Yusif müəllim, əsəriniz xoşuma gəldi. Əsərdə xatirələr çözələnir, oxucunu həmişə intizarda saxlayır. Bu isə romanınızın maraqla oxunmasını şərtləndirir.
Sizin yaşınız, imkan verir ki, bir məsələdən də söz açım. Uzunömürlülər üzərində tədqiqat aparan görkəmli dünya alimləri o qənaətə gəlmişlər ki, 60-74 yaş arası insanın ahıllıq, 75-89 arası qocalıq, 89 yaşdan sonra isə uzunömürlülük çağıdır. Bu yaş hər adama qismət olmur. Uzunömürlülər dünya əhalisinin yalnız bir faizini təşkil edir. Dünya uzunömürlülər sırasında qürurla addımladığınıza görə sizi ürəkdən təbrik edir, sizə bundan sonra da gümrah həyat, yeni-yeni yaradıcılıq uğurları diləyirəm.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!