Şövkət Zərrin Horovlu ədəbiyyatımızda həm istedadlı nasir, həm də könlünü şeirə vermiş həssas, incə ruhlu bir şair kimi tanınır. Bədii idrakın geniş üfüqlərini tutan çoxşaxəli yaradıcılığı ilə məhsuldar qələm sahibi olan Şövkət xanımın istər şeirləri, istər nəsri - roman və povestləri xalqın zövq və düçüncələrini, milli-bəşəri qayğılarını ifadə edir və özünəməxsus poetik-fəlsəfi dünya yaradır. Böyük yaradıcılıq yolu keçən şairin indi bu müdrik çağlarında da böyük coşqu və şövq ilə işləməsi məni şair haqqında söz deməyə ruhlandırdı.
Şövkət Zərrin yaradıcılığa şeirlə başlamış, irihəcmli roman və povestlərilə də çoxdan oxucu rəğbəti qazanmışdır. Vətənə məhəbbət, yurda sevgi onun yaradıcılığının döyünən ürəyidir desəm, bunun mübaliğədən uzaq olduğuna inanmanızı istərəm. Bu mövzu onun üçün baş mövzudur. Daha doğrusu, sənətkar qəlbinin yaralı, daim ağrıyan yeridir.
Ədəbi-ictimai taleyi vətənin, millətin qədəri ilə bağlı olan şairin I və II Qarabağ müharibəsi dövründə qələmə aldığı əsərlərin demək olar hamısı bir mövzudan - Vətənin faciə dolu taleyindən, erməni vəhşilikləri nəticəsində xarabalığa çevrilmiş daşı daş üstə qalmayan, izi, nişanəsi itmiş yurd yerlərimizin acınacaqlı halından bəhs edir. "Arazdan gələn səs", "Köynək", "Əbədiyyətə qədər" romanları bu qəbildən olan əsərlərdir ki, hər biri keçmişimizi, tariximizin qanlı səhifələrini əks etdirir. Sənətkarın yaradıcılığının sərhədləri az qala dünyanı əhatə edəcək qədər genişdir, harda bir Azərbaycan türkü varsa, oranı da əski Vətənin kəsikləri hesab edir. Bu mənada keçən əsrin 80-ci illərində Əfqanıstanda yaşamaqla orada həmin illərdə gedən savaşın özü istəmədən də şahidinə çevrilib. Uzun əsrlərdən bəri orada sakin olan qarabağlıların da bu müharibənin qurbanlarından olduğunu ürək ağrisi ilə yaşayıb. Lakin yazıçı bununla kifayətlənmir..."Axırıncı gediş" romanı ilə bu mövzunun tarixinə varır, məsələni bizim tutqun yaddaşımıza gətirir. Nadir Şah Avşarın hakimiyyəti və Qarabağdan köçürülmüş qədim türk soylarının dünyanın müxtəlif yerlərinə səpələnməsi - Qacarlar, Kəbirlilər, Afşarlar, Bayatlar, Cavanşirlər - onların Vətəndən uzaqdakı qürbət ağrıları romanın əsas bədii-mənəvi çəkisini müəyyənləşdirir. Cəfakeş əfqan xalqının azadlıq uğrunda mübarizəsinə həsr etdiyi "Oxunmamış zərf" povesti də onun həyəcan, təşviş dolu ötən illərinin məhsuldur və əsər milli-bəşəri faciələri əks etdirir.
Yazıçının cızdığı ecazkar lövhələrlə bizə təqdim etdiyi "Tale yolu" romanı isə Cənubi Azərbaycan türklərinin mübarizələrdə keçən həyatını anladır. Daha dəqiq desək, əsərdə Seyid Cəfər Pişəvəri inqilabının süqutundan sonra cənublu soydaşlarımızın yaşadığı faciələr işıqlandırılır; Uşaqlıqdan sakit axan Arazın pıçıltılı laylasına uyan gələcək yazıçıya bu faciə hər birimizdən daha tez əyan olmuşdu. Yazıçı bir mənəvi varis kimi bu məsələlərlə daxili bağlılıq duyurdu.
Şövkət Zərrinin "Arazdan gələn səs" (2010) romanının isə ədəbi ictimaiyyət tərəfindən böyük maraqla qarşılandığı da hər birimizin yadındadır. Əsər ictimaiyyət tərəfindən yüksək maraqla qarşılandı və "İlin kitabı" elan edilməklə Mahmud Kaşğari Beynəlxalq mükafatına layiq görüldü.
Rəsul Rza və Mikayıl Müşfiq beynəlxalq ədəbi mükafatlarına da layiq görülmüş Şövkət Zərrin Horovlu ədəbi imzasından da göründüyü kimi, xalq arasında "Ziyalılar yurdu" sayılan, mənim də çoxlu dostlarımın olduğu sevdiyim Cəbrayıl bölgəsindən, onun Horovlu kəndindəndir. Cəbrayıldan - bu torpağın yetirməsi olan böyük müəllimlərimi, alim və ziyalılarımızı da bu an çox yaxşı xatırlayıram. Onlardan biri də filoloq alimimiz Qəzənfər Kazımovdur ki, Şövkət Zərrin yaradıcılığından ürəklə söhbət açır. Onun bir misrasını məqaləsinə başlıq seçərək "Gendən baxıb yanan könül"ün - şair dünyasının dərinliklərinə baş vuraraq yazır: "Şeirlərindən Qurbani məhəbbəti, Qurbani bənövşəsinin ətri duyulmaqdadır, lakin ictimai kədər Şövkət xanımın şeirlərində kəskin dönüşlərlə nəticələnir. Təbiətin gözəl təsviri, qəfil çovuyan güllə kimi fikri illərlə yağı tapdağında qalmış torpaqlara yönəldir.
Əlvan geyib Diridağı, xınalıdır əl-ayağı,
Cənnətdir Araz qırağı,
Gendən baxıb yanan könül"...
Bədii düşüncənin tələbləri baxımından ürək oxşayan bir mükəmməl şeir parçası sandığın bu təsvir birdən-birə son misra ilə insanda kədərli bir ovqata çevrilir. Aldığın, duyduğun estetik təravət, tazəlik bir anda uçub yox olur. Bu nisgillərin, bu istəklərin neçə-neçə qəlb atəşinə, neçə-neçə könül ahlarına səbəb olduğunu bilmək heç də çətin deyildir.
...Ana Cəbrayılı görüm,
Məkkə bilim, mən sürünüm.
Yaxın gəlməz onda ölüm,
Olsa da yüz yaşım, dağlar.
30 ilin həsrətini poetik ilhamına çıraq edən, özü də bu çırağın odunda damla-damla əriyən şairin neçə-neçə dərdli, hüznlü şeirlər kitabı da oxucuya yetişib bu illər ərzində. "Duyğu yarpaqları", "Çinar həsrəti", "Mən Araz qızıyam", "Sözün işığı", "Dünya, səndən nigaranam", "Mənim dünyam", "Heykəlləşən qatar", "Ürəyim dan yeridir", "Sənsiz ağlayan nəğmə" kimi şeirlər toplusu açıq həqiqət olub nisgilli ürəyin Vətəndən ötrü biryan olmuş şair taleyinin köz-köz yanan, alışan səhifələridir. Yatanda da üzü qibləsinə - Qarabağına, Cəbrayılına, Şuşasına, Laçınına sarı yatan bir ömrün bayatı, nəğmə dili o qədər şirindir ki, az qala hər misrasını, hər bəndini örnək gətirmək istəyirsən.
Hələ mən Dədə Şəhriyar dilində, Şəhriyar avazında yazılmış "Yaddaş ağrısı" poemasını demirəm. Poema sənətin yurda çağırış notları üstündə yazılmış ən təsirli bədii boyaları ilə boyanaraq ürək qanı ilə yazılıb sanki. Amma buna yaman inanırsan...
"Yaddaş ağrısı" poemasında şair əzəli və əbədi çarəmizi, dörd bir yandan üstümüzə diş qıcayan yırtıcı düşmənlərlə mübarizəmizi haqlı olaraq birliyimizdə, bütövlüyümüzdə görür. Poema nikbin, sabaha ümid toxumu səpən bir ruhla bitir. Önümüzdə inam, əzmkarlıq, yumruq kimi birləşən bir yol açır.
Sal qayatək versək kürək-kürəyə,
Sərhədlərdə dönsək polad dirəyə,
Bölünmərik bir də güney-quzeyə,
Arazın da həsrət buzu əriyər,
Anaların Araz yaşı kiriyər.
Könlünü həsrət oyan şair hara getsə, orada doğulduğu torpağın dağına, daşına, bulağına, çayına, ormanına, düzünə bənzər nişanələr gəzir:
Oxşarım var Diridağa,
Şimşək çaxa, yağış yağa.
Bir cığır aç Qarabağa,
Olum yol yoldaşın, dağlar.
Şövkət Zərrinin şeirləri canlı xalq dilində yazılıb. Bu, xalq dilinin səciyyəvi cəhətlərinə onun nə qədər bələd olduğunu göstərir. Bu şeirlər o qədər şirin, o qədər xəlqidir ki, bəzən bütöv bəndlərini bir dəfəyə dilinin əzbəri edirsən, yaddaşına köçürürsən.
Şövkət Zərrin yaradıcılığına sevgi oyadan əsas səciyyəvi xüsusiyyətlərdən biri onun şeirlərinin təbiətlə iç-içə səsləşməsidir. O, Vətən dərdini, yurd nisgilini əlvan təbiət təsvirlərilə birlikdə, bir ahəngdə yaraşdırıb deyə bilir. Bilirsən ki, bu onun unuda bilmədiyi, fəqət ayrılığa məhkum yurd, el-oba, doğma güzərgəhlərə həsrətindəndir. Bilirsən ki, bununla şairimiz ana təbiətimizin qürbətdə qalan gözəlliklərilə yaddaşı oyatmaq yolu seçmişdir.
Xeyli var dağları görə bilmirəm,
Gözləri çeşmətək çağlayır indi,
Güllərindən çələng hörə bilmirəm,
Yas tutub qaralar bağlayır indi.
...Qalıbdır Şövkətin çölləri qəmli,
Şehli bənövşənin gözləri nəmli,
Söyüdlər də durub yaslı, ələmli,
İçində bir həsrət ağlayır indi.
Bəzən ilk baxışdan içinə kədər hopmayan, nisgil qarışmayan təbii gözəlliklərdən ilhamlanıb etik hədlər ilə hesablaşmaqla yazdığı şeirləri belə Vətən dilli, yurda təşnə qəlbin dərmanıtək oxunur.
Zirvələrə çəkilir qar,
Yaşmağını atır dağlar.
Şehdə çimir göy yarpaqlar,
Qönçənin titrək vaxtıdır.
Yalçın qaya, güllü yamac,
Qonar kəklik, ötər turac,
Ovçu nəzər salma qıyqac,
Ceyranın ürkək vaxtıdır.
84 yaşlı şairin 30 il əli çatmayan, ünü yetməyən, intizarında, ayrılığında olduğu torpaqların itkisi, yurd yerinin göynəyən yarası, bir sözlə, malik olduğu həyati-estetik amillər ona indi tarixə dönən bayatılar yazdırmaqdadır. Şair sanki bu iztirablı illərini bir ömür kimi yaşamayıb, elə bil qələmilə Vətənsiz, yurdsuz illərinə, aylarına məzar qazıb:
Saralıb otun, dağlar,
Quruyub matın, dağlar,
Niyə gəlmir qoynuna,
Elin, elatın dağlar?
***
Gətirin, çalın tarı,
Getsin könül qübarı.
Qürbətdə can verirəm,
Çevirin Vətən sarı...
Lirik-fəlsəfi düşüncələrdən doğan bu örnəklər həyatın estetik şərhi deyil, bəs nədir?! Birbaş Vətənə, ona sədaqətə yönələn bu kiçik nümunələr qanında, canında, ruhunda azman bir Türk eşqi, Azərbaycan eşqi çağlayan şairin ana laylasıdır.
Ana südü dadında-tamında olan bayatı örnəyində olan bu şeir parçaları uşaqlıqdan ruhunu duyduğu Sarı Aşıq duruluğunda, sadə, rəvan və elatın yaddaş ağrısından qopan qüssə, ilacı didərgin düşdüyü yurdunda tapılan bir kədərlə yazılıb:
Əmanətim yardadı,
Gözüm intizardadı,
Yol verin keçim-gedim,
Dağlar yaman dardadı.
Şövkət Zərrinin 30 illik işğal dövründə, 44 günlük Vətən Savaşında yağıyla fikir cəbhəsində əsgər kimi döyüşən şeirlərinin də kədəri silindi, üzü güldü. Qələbə müjdəli şeirləri onun bədii yaradıcılıq salnaməsinin zirvə nöqtəsi oldu artıq. Vüsala yetmiş arzularının sevinci, əsirlikdən xilas olan zirvəsi qarlı dağlarımızın başına sancılmış bayrağımız kimi bu şeiriyyət də artıq ədəbiyyat kəhkəşanında fərəhlə dalğalanır.
Qarabağda zəfərimizin təməl daşı olan Ali Baş Komandanın "Qarabağ Azərbaycandır!" hökmü, düşmənə silkələdiyi qəzəb yumruğu, ordumuzun cəsarəti, şücaəti Şövkət Zərrin şeirində həm də Azərbaycan poeziyasının qalibiyyət ruhu kimi minlərlə soydaşımızın qəlbini oxşadı.
Köhnə yaddaşım dirilib,
Qisas qollarım gərilib.
Düşmən ayağa sərilib -
Bu qüdrət bizə haqdandı,
Qarabağ Azərbaycandı!
...Zabit oğul qorxu bilməz,
Əsgər balam geri dönməz.
Qalxan bayraq bir də enməz,
Haqq işimiz qana-qandı -
Qarabağ Azərbaycandı!
...Şövkət xanımı 90-cı illərdən tanımağa başladım, günlər keçirdik birlikdə, bölüşdüyümüz fərəhlərimiz də olurdu, sıxıcı qayğılarımız da... O illərdə yalqızlığa, tənhalığa həmdəm bildim Şövkət Zərrini. Qarabağ ağrısı təzə idi o vaxtlar; həm ortaq mövzumuz, həm görüşüb buluşma səbəblərimiz olurdu tez-tez. Demə, başımız çəkən bu ayrılıqlar görüşlərə də vəsilə olarmış...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!