Yusif Səmədoğlunun romanlarında arxetipik motivlər - Elnarə QARAGÖZOVA

Elnarə QARAGÖZOVA

 

Ədəbiyyatda mifik-arxetipik süjetlərdən istifadə antik dövrdən başlanır. Antik yunan şairləri və dramaturqlarının əsərlərinin əsasını bu cür süjetlər təşkil edir. Homerin "İliada" və "Odisseya", Hesiodun "Teoqoniya", Esxilin "Zəncirlənmiş Prometey", "Oresteya", Sofoklun "Çar Edip", "Edip Kolonda", "Antiqona", Evripidin "Alkesta", "İfigeniya Avliddə", "Andromaxa" əsərləri buna ən gözəl nümunədir. Daha sonralar renessans dövründə yenidən arxetipik süjetlərə maraq yaranır.         

Azərbaycan ədəbiyyatında arxetipik süjetlərdən istifadənin tarixinə nəzər saldıqda aydın olur ki, bu ənənə qədim dövrlərdən mövcud olmuşdur. Belə ki, Nizami Gəncəvi "Xəmsə"sində müxtəlif mif, nağıl və rəvayətlərin motivlərindən istifadə etmişdir. "Yeddi gözəl" poemasında gözəllərin danışdıqları nağıllar, eləcə də poemanın personajları, "İskəndərnamə" poemasında Makedoniyalı İskəndər və Xızır haqqında rəvayətlərdən istifadə edilməsi buna misal ola bilər. Şah İsmayıl Xətainin "Dəhnamə" poemasında, Füzulinin "Leyli və Məcnun" əsərində də arxetipik süjetlərdən və obrazlardan istifadə edilmişdir. Sufizm və hürufizm fəlsəfəsinə əsaslanan klassik Azərbaycan şairləri öz əsərlərində "Qurani-Kərim"də olan dini arxetiplərdən faydalanırdılar. XX əsr Azərbaycan ədəbiyyatında H.Cavidin "İblis", M.Süleymanlının "Köç", "Yel Əhmədin bəyliyi", "Şeytan", Y.Səmədoğlunun "Qətl günü", XXI əsrdə isə K.Abdullanın "Sehrbazlar dərəsi", "Yarımçıq əlyazma", A.Talıbzadənin "Kəpənək modeli-102", İ.Fəhminin "Qarğa yuvası", Ü.Heydərovanın "Noutbuk", G.Anarqızının "Altıncı", Z.Quluzadənin "Kəpənəkdoğan" və b. əsərlərdə bu ənənə davam etdirilmişdir.

Əlyazma (kitab) arxetipi. Yusif Səmədoğlunun "Qətl günü" əsəri Azərbaycan ədəbiyyatında öz üslubu, məzmunu, mifik-fəlsəfi siqləti ilə seçilən əsərlərdəndir. Əsər haqqında ilk resenziyanın müəllifi Anarın yazdığı kimi "Qətl günü" müasir ədəbiyyatımızın həqiqət günüdür". "Qətl günü" əsərini başdan-başa simvolik, metaforik və mifik anlayışlardan hörülmüş bir çələngə bənzətsək yəqin ki, səhv etmərik. Əsərdə mifik anlayışlar, elementlər, süjetlər, obrazlar məharətlə bir-birilə əlaqələndirilir. Y.Səmədoğlunun "Qətl günü" əsərində əsas arxetip itmiş "əlyazma"dır. Qeyd etmək lazımdır ki, bu arxetip XX əsr ədəbiyyatında özünəməxsus şəkildə təzahür etmişdir. Rus ədəbiyyatında M.Bulqakovun yaratdığı və müəyyən məqamlarda Hötenin "Faust"u ilə səsləşən "Master və Marqarita" romanında da əsas obrazlardan biri "əlyazma"dır. Romanın qəhrəmanı Master dövrün təzyiqləri və şəxsi problemləri fonunda yazdığı romanın "əlyazma"sını yandırır. Lakin Voland (İblis) yandırdığını sandığı "əlyazma"nı ona qaytararaq deyir: "Sən bilmirsənmi ki, "əlyazma"lar yanmır?". Romanın bu hissəsi müəyyən qədər avtobioqrafik xarakter daşıyır. Belə ki, Bulqakov da "Master və Marqarita" romanının ilkin "əlyazma" nüsxəsini Sovet hakimiyyətinin mənfi münasibəti səbəbilə yandırmışdı.Y.Səmədoğlunun "Qətl günü" əsərində təsvir olunan 3 zaman kəsiyindən biri məhz əlyazmadakı hadisələri əks etdirir. Öz əsərində Şah Qacar dövrünü, Vaqiflə bağlı hadisələri əks etdirən əsər müəllifi Sədi Əfəndi 30-cu illərin repressiyasına məruz qalır. Repressiya qurbanı olacağını öncədən hiss edən müəllif əsəri qonşularından birinə verir. Lakin özündən və həmin qonşudan başqa heç kəs əlyazmanın taleyindən xəbərdar olmur. Beləliklə, varlığı haqqında ehtimallar və əfsanələr dolaşan əsər itir. İllər sonra Sədi Əfəndinin ruhi xəstə olan qızı Səlimə xanım "əlyazma"nı axtarıb tapır və dairə qapanır:

"Bu dəfə xəstə öz səsini eşitdi:

- Adı nədi?

- Kimin?

- Əsərin... - Telefondan gələn uğultulu küləyin həmlələri otağın pəncərələrini dolu kimi döyəcləyirdi. - Əsərin adı nədi?

- Qətl günü...

Arxadakı qapı da, qabaqdakı qapı da kip bağlı idi və yalnız telefon dəstəyindən gələn boğanaqlı küləyin səsindən nə qulaq qulağı eşidirdi, nə də göz gözü görürdü. Sonra, Baba Kahanın oyumundan qopmuş qəfil külək, topa-topa qara buludları, topa-topa ağ buludları boğanaqlı axarına qatıb, adı küləklər şəhəri olan bir şəhərin göy üzünə yığdı, Ayı və ulduzları görünməz elədi, son gücünü toplayıb, bütün kilidli qapıları taybatay açdı: at kişnərtisi, sərbaz hayqırtısı, dəmir və qan iyi beynin dərin şırımlarına doldu. Və bir də, haçansa gözləri açıq qalmış bir şairin, hardasa gün işığına çıxmış əlyazmasından yarımçıq bir misrasın, qara buludlar üzərində parıldaşan ulduzların gümüşü işığına qovuşdurdu: əcəldən möhlət istədim, möhlətin əsirgədi...".     

Qadın arxetipinin transformasiyası - hal anası. Yusif Səmədoğlunun "Deyilənlər gəldi başa" romanında isə digər bir arxetipik obraz - qadın arxetipinin transformasiyası olan hal anası əks olunmuşdur. Azərbaycan mifologiyasında su ilə bağlı varlıqlardan biri olan hal anası başqa türk xalqlarında Albası, Almastı, Jalbastı və b. variantlarda tanınır. Tədqiqatçıların fikrincə, Azərbaycanda onun ilk izləri hələ Elam dövründən (b. e. ə. IV - III minilliklər) bəllidir. Sonralar İber - Qafqaz və Hind - Avropa dilli bir sıra qonşu xalqların da mifologiyasına keçmişdir. Məlumdur ki, xalq inanclarında halın kişi xeylağından qorxduğu bildirilir. Məhz buna görə də çox zaman zahı qadının başına kişi papağı qoyurlar. Hal niyə kişi xeylağından qorxur? Bunu Hənəfi Zeynallının halın təsvirinə əsasən gəldiyi qənaət izah edir. Məlumdur ki, adətən halı belə təsvir edirlər: saçı sarı, dağınıq, başı iri, burnu iri, boyu uca, döşləri böyük olduğundan çiyninə atır, paltarı ağ olur, boynundan iri muncuq asır. H.Zeynallının fikrincə, halın bu cür təsviri onun amazonkalarla bağlı olduğunu göstərir. M.Seyidov isə "Azərbaycan xalqının soykökünü düşünərkən" əsərində Hal (Al) arvadını türkdilli qitanların mifologiyasındakı Qırmızı qadınla müqayisə edərək onların eyniköklü obraz olub günəşlə bağlılığı qənaətinə gəlmişdir. Y.Səmədoğlunun əsərində hal arvadının bütün spesifik keyfiyyətləri qabarıq verilmiş, hətta onun insanları idarə etdiyi, haqq divanına çəkdiyi göstərilmişdir. "Hal arvadının cəzası belədir: kimi ki, dünyadan vaxtsız aparıb qara torpaq altındakı Sarı hamama gətirir, qiyamət gününə qədər, göydəki günəşin son qızmar zərrəsinin soyuyub buza dönəcəyi ana qədər, bütün kainatın işığı çözəlib sönənə qədər o bəndənin yaddaşını, xatirələrini yoxa çıxardıb xırda-xırda gümüş mücrülərə yığır, gecə-gündüz torpaq altından qalxan atəşlərin ətrafında saxlayır".

Ölüm arxetipik məqam kimi. Yusif Səmədoğlunun romanlarında ölüm arxetipik məqam statusunda çıxış edir.  "Qətl günü" əsərində ruhlar o biri dünyaya gələnləri qurumuş çay vadisində qarşılayırlar:

"Zülfüqar kişi soruşdu:

- Ayə, bu Kürün suyu hanı?

Sarıca oğlu Məhəmməd güldü:

- Nə su, evin yıxılmasın, sumu qalar indiyə?.. Tez ol, yubanma, mənzilimiz uzaqdır...

Qan çanağında beşatılanı Sarıca oğlu Məhəmmədin qarnına boşaltmışdı: indi həmin yerdə dəyirmi deşik vardı və bu deşiyin içi torpaqla dolu idi. Zülfüqar kişi köksünü ötürüb yazıq-yazıq soruşdu:

- Ağrıdırmı?

- Ayə, indiyə ağrımı qalar?".  

Dünya mifologiyasında su, çay ölümün, axirətin simvolu kimi çıxış edir.  Mifologiyada su o biri dünyaya açılan qapıdır. Çay, dəniz "o biri dünyanın", "başqa aləmin" qapısı, "hərəkət edən zamanın" simvolu hesab edilir. Ölünün dəfndən öncə qüsəllənməsi də bu mifik-arxetipik inamla bağlıdır.  

Yusif Səmədoğlunun yaradıcılığı kəmiyyətcə az olsa da, keyfiyyətcə yüksəkdir. Bu yaradıcılığı nağıllarımızda tez-tez işlənən "vəzndə yüngül, qiymətdə ağır" kəlamı ilə səciyyələndirmək yerinə düşərdi. Yusif Səmədoğlu XX əsr Azərbaycan ədəbiyyatında özünəməxsus üsluba malik yazar, orijinal əsərlər və obrazlar yaradıcısıdır.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!