Ümumbəşəri mövzu, milli ruh və yaradıcı üslub - Əflatun Amaşovun romanı haqqında - Nizami CƏFƏROV

Nizami CƏFƏROV

 

 

"Qanıq, Hasan, bir də Qaragöz" müəllifi oxucularını çox da nigaran qoymayıb "Ulduz" dərgisinin sentyabr - oktyabr sayında romanının (o romanın ki, ümumi adı hələ məlum deyil) ikinci kitabını - "Qoşa Qarın adamları və şeytanları"nı nəşr etdirdi. Mən birinci kitab barəsindəki məqaləmə kifayət qədər neytral "Jurnalistin ədəbi debütü" adı versəm də, həmin məqalə belə bitirdi ki, romanın birinci kitabı onun ikinci, üçüncü... kitablarına da bəri başdan böyük maraq yaradır. Və bu qənaətə gəlməkdə ən azı üç əsasım vardı: birincisi o idi ki, Əflatun geniş dünyagörüşünə əsaslanaraq ümumbəşəri (qlobal!) bir mövzuya - insanı real və irreal dünyaların qarşılıqlı münasibətləri miqyasında dərk etmək mövzusuna müraciət etmişdi; ikincisi o idi ki, romanın materialı (fakturası) bütün təfərrüatlarına qədər son dərəcə milli (və etnoqrafik semiotikası etibarilə doğma!) idi; uçuncüsü isə, müəllif özünəməxsus bədii yaradıcılıq maneraları ilə göstərə bildi ki, qələmini yalnız jurnalist yox, həm də yazıçı kimi işlətmək istedadı var imiş.

Hər nə qədər Güllünün jurnalist təhqiqatları (və Hasanın həyəcanları, reaksiyaları) ön, Göy Qayanın proməkan panoramı bütün irreal tarixi (və real müasirliyi!) ilə arxa planda təsvir olunsa da, ikinci kitabın əsas mövzusu Qızeytarın (Azərbaycan dilinin Qərb regionlarında "Qızyetər"ə fonetik metatezanın təsiri ilə "Qızeytər", yaxud "Qızeytar" deyirlər) taleyidir ki, romanın hər iki - həm bu, həm də o biri dünyası ilə bağlıdır... "Biz az böyüyəndə Qızeytarın daimi yeri üstünə nənəsinin vaxtilə toxuduğu kilimin sərildiyi taxt oldu. Taxt pəncərənin qabağındaydı. Bura Qızeytarın dünyaya açılan yeganə pəncərəsiydi. Ordan yalnız Göy Qaya görünürdü... " Əvvəla, Qızeytar anadan şikəst doğulmuşdu, yeriyə bilmirdi, ikincisi, doğulanda anası ölüb yetim qalmışdı, ona nənəsi-babası baxırdı... Gecə-gündüz Göy Qayaya baxmağının səbəbi də o idi ki, Altaylı şaman Abanurun şagirdi Xəmməd Alının Qoşa Qarda yayılmış xəbərinə görə, nə vaxtsa Göy Qayaya bir Göy Quş gəlib qonacaqmış... "Qızeytar da yalvaracaq, sızlayacaq ki, gedəndə onu da  özü ilə aparsın. Genimək istəyirdi buralardan".

Kitabın sonunda Göy Quş, doğrudan da, gəlir, doğrudan da, Göy Qayaya qonur... Və doğrudan da, Qızeytarı aparır. Ancaq ona qədər uzun, çox uzun bir tarix (tale!) yaşanır.

Əflatun Qoşa Qarın Göy Qayasını ədəbiyyatımızın ən maraqlı mistik-toponimik obrazlarından biri səviyyəsinə yüksəldir... Bu yerlərin ilk sakinləri olan Alıöyü arasında düşən nifaq, bu nifaq nəticəsində baş verən yaramazlıqlar, tökülən qanlar müqabilində Tanrı hər iki münaqişə tərəfini cəzalandırmaq qərarına gəlir. onun yağdırdığı aramsız yağışlar torpağı yumşaldıb, torpaq isə insanları udanda hər kəs yalvarmağa başlayır. Və Tanrı yerin təkindən Göy Qayanı ucaldır ki, onlar xilas olsunlar... "Adamlar Göy Qayadan yurdlarına daşınsalar da, bir gözləri yenə arxada qaldı. Kimi atası, kimi anası sandı Göy Qayanı. Özlərinə dayaq, həmdəm bildilər, dar məqamlarında kömək istədilər..."

"Qoşa Qarın adamları və şeytanları"nın müəllifi öz qəhrəmanlarının tərcümeyi-halına müdaxilə etmir. Xüsusilə o mənada ki, sanki qəzavü qədərin diqtəsi olan hadisələri necə varsa o cür təsvir eləməyə çalışır. Həm də bunu o qədər şövqlə, o qədər ehtiraslı bir nağılçı-dastançı dili ilə edir ki, çox hallarda özünün yazıçı subyektini belə arxada qoyur: "Adamlar itirdiklərinə kədərlənə-kədərlənə tezcə də bağlanırlar yenisinə. Az keçmir ona elə isnişirlər, elə isnişirlər, ölüyə olan sevgiləri yenisinə elə hopur ki, elə bil indiki əvvəlkinin elə özüdür, bəlkə də, daha kamil formasıdır. Sanki neçə gün imiş yurd yerindən geniyibmiş..." Hətta bu cür mülahizələr kifayət qədər ciddi ümumiləşdirmə, əgər belə demək mümkünsə, ədəbi- fəlsəfi kəşf səviyyəsinə yüksələndə də, adama elə gəlir ki, müəllif yüz illərlə deyilmiş sözü deyir: "... Hər bir kişi bilir ki, oğlunun ilk oğul övladı dünyaya gəldimi, zəhmət çəkib ona qoymağa ad axtarmayacaqlar, doğum kağızına birbaşa babasının adını yazacaqlar. Bu o qədər təkrarlanacaq ki, bir də baxdın nəsildə eyni adlı, eyni soyadlı iki, bəzi hallarda üç adam peyda oldu... Yaşlısı dünyadan köçəndə sanki öz yerini, hörmətini geridə qalanın üstünə yükləyir. Bir müddətdən sonra adamlar əvvəlkindən umduqlarını elə yenisindən gösləyirlər"... Halbuki bu, məhz "Qoşa Qarın adamları və şeytanları" müəllifinin dərin etnoqrafik müşahidələrindən irəli gələn mülahizəsidir.

Qayıdaq Qızeytarın taleyinə... Babası Məmməsöyün kişi atı Bozyarı qaraçılara bağışlayır ki, nəvəsini müalicə eləsinlər. Və istəyinə nail olur. Boy- buxunu, gözəlliyi ilə seçilən Qızeytar özü kimi yetimin birinə - Söynalıya ərə gedir... "Babasının xeyir-duasını alıb Toyçu Alxanın "Atdandırma"sının qəmli sədaları altında Söynalı Qızeytarı bəzədiyi ata mindirdi"... Babası ona xeyir-dua ilə yanaşı, köhnə beşaçılanını da verib "bu da sənin cehizin" demişdi. Və çox keçməmişdi ki, əlindəki beşaçılanla "yataqdan qoyun sürüsünü aparmağa cəhd edən o üzün addı- sannı oğrularının" qarşısını kəsən Qızeytarın hünəri dilə-ağıza düşmüş, hətta şəninə dastan da qoşulmuşdu.

Əsərin bu yerində müəllif xalqımızın etnik psixologiyası üçün səciyyəvi olan daha bir maraqlı müşahidəsini təqdim edir: "Dastan Söynalı kişinin xoşuna gəlir, onu qımışa-qımışa dinləyirdi. Içində arvadı ilə öyünürdü də... Sonra Musanın qorxusundan bir müddət heç kəs o dastanı dilinə almadı. Musa istəməmişdi ki, ağır məclislərdə anasının adı hallansın... "Qoşa Qarın adamlarının xasiyyətinə bələd idi. Birdən ona el içində "Qızeytarın oğlu" da deyərdilər".

Söynalı da elə-belə oğul deyil... Məməsöyün kişidən sonra Qoşa Qarın ətəklərindəki meşələrin qorunması ona tapşırılmşdı. Və "Söynalı kişi Qoşa Qarda yeganə adam idi ki, hökumətdən aylıq alırdı"... Aralıq qarışanda Qoşa Qara hücum edən ermənilərlə döyüşüb dizindən güllə yarası aldığına görə Gürcüstanın yeni hökuməti ona təşəkkür məktubu yazıb evinə göndərmişdi.

Alıöyündə təsadüfən elə bir faciə baş verir ki, yeni bir ikitirəliyin, qan davasının başlanması təhlükəsi meydana çıxır. Ağsaqqallar, adət üzrə, qərara gəlirlər ki, kəndxudanın oğlunu öldürən Musa da camaatın gözü qarşısında öldürülsün... Oğlunu ölümün pəncəsindən xilas etməyə çalışan ana - Qızeytar məsləhətləşmək üçün Göy Qayadan başqa həmdərd tapa bilmir: "Dərdimə ilac elə. Səninləyəm, Göy Qaya, eşitmirsən, dərmanın yoxdursa, çağır gəlsin Göy Quşu, tez gəlsin, məni də dərdlərinə bələyib buralardan genitsin"... Bu dua-müraciətindən sonra Qızeytar arvad qərara gəlir ki, bir çarə tapa bilməsə oğlunu babasının cehiz verdiyi beşaçılanla özü vuracaq. Və ikinci kitabın sonuna doğru müəllif gərgin, həyəcanlandırıcı olduğu qədər də məzmun-mündərəcəli bir səhnə yaradır... "Elə bu an Göy Qaya tərəfdən quş qaqqıltısına bənzər gələn səs Qızeytar arvadı diksindirdi, gözlərini oğlunun baxışlarından ayırıb qeyri- ixtiyari səs gələn tərəfə boylandı... Bu, Qızeytar arvadın uşaqlığından gözlədiyi elə həmin Göy Quş idi... Güllə səsinə bənd idi... Qızeytar arvadın ona tərəf uçan ruhunu qanadlarına bükəcək, Mələklərin Yolundan Göy Qayaya enən işıq şüasına qoşulub göyün yeddinci qatına yollanacaqdı. Elə o vaxtdan mələklərin biri də artacaqdı".

Əsərdə elə obrazlar var ki, bir növ, epizodik sayılsalar da, mətnin ideya- estetik zənginliyini və ya rəngarəngliyini təmin etməklə qalmayıb, müəllif qayəsinin daha dolğun, daha konseptual ifadəsinə birbaşa təsir göstərirlər.

Onlardan biri Xəmməd Alıdır ki, Altayda sürgündə olanda şaman Abanurdan dərs almışdı. Vətənə qayıdanda NKVD-də dindirilmiş, özü ilə gətirdiyi palazın üstündəki quş şəklinin sirlərini də açmış, onun böyük türkün ruhunun ifadəsi olduğunu gizlətməmişdi... "Müəllimim belə deyirdi. O həmin quşun el-el, oba-oba dolaşıb türk soyunun sızıldayan ruhlarını bir araya gətirəcəyini, Uca Tanrının yardımı ilə Böyük Eli quracağını da söyləyirdi"... Bu sözləri şaşqınlıqla dinləyən erməni müstəntiq öz "həqiqət"ini cəsarətlə onun gözünə soxan Xəmməd Alıya xoşbəxtlikdən heç cür inanmır. Və şaqqanaq çəkib gülə-gülə yanındakı əsgərə əmr verir: "Ara, bu daliymiş ki... Andırını da bas qoltuğuna, dalına da bir yekə təpih, tulla çölə!"

Ancaq bu palaz da, onun üstündəki quş da insan yox, Tanrı əməli imiş... "Bir dəfə Qojanın babası altında da həmin palaz taxtında oturanda görüb ki, Mələklərin yolu tərəfədən iki qız ona tərəf gəlir, özü də uçan fason. Çatıb hərəsi bir qolundan yapışıb palazı altından dartıblar. Babası "Allahu Əkbər!" deyən kimi görüb ki, yox, palaz altındadır, tərpənib-eləmiyib, amma quşun şəkli və uçacağı yerlər qeyb olub"... Bu hadisə Qojanın babasını nə qədər düşündürsə də, necə deyərlər, yüz fikir bir borcu ödəməyib... "Bəlkə də, şeytanlar o qədər azğınlaşıblar ki, palazdakı quşu silmək üçün mələkləri də yoldan çıxarıblar... Yox bir, o günə qaldıq ki, mələklər də şeytanların fitvasına uydular? Onda denən ki, dünyanın axırı gəlif çıxıf..."

Xəmməd Alıdan fərqli olaraq Molla Ayvaz şamanlığı (tanrıçılığı!) yox, islamı (müsəlmanlığı") təmsil edir. Və əslində, türkün etnoqrafik təfəkküründə bunlar arasında ziddiyyət yoxdur, ikincisi birincisinin davamıdır... Molla Ayvazın nüfuzunu göstərmək üçün müəllif əsərin təhkiyəsi kontekstindən kənara çıxıb oxucuya müraciətən yazır ki, "elə günün bu vaxtında Qoşa Qarda Molla Ayvazı kimdən soruşsan, əksəriyyətinə adı tanış gələcək. Ən azından eşidəcək ki, dostu İmamalıya qarşı kişilik eləyib, onu hökumətə satmayıb, başına gətirmək istədiklərinin qarşısını alıb. Bir az da dərinə getsələr aydın olacaq ki, elə öz babaları onun açdığı mədrəsədə dərs alıblar"... Molla Ayvaz Qafqaz şeyxülislamı ilə məsləhətləşib hələ camaatın avam vaxtlarında hökumətdən xahiş eləmişdi ki, ona məktəb açmağa icazə versinlər, necə ki ermənilərə, gürcülərə icazə veriblər... "Qoşa Qarın adamları və şeytanları" müəllifi bu məqamda zərif bir xalq ironiyası ilə deyir: "... Ona olan şübhələr daha da artdı, di gəl dəyib-toxunmadılar. Sağ olsunlar, müraciəti də cavabsız qoymadılar. Cavab da belə idi: Maliyyə imkansızlığı ucbatından hökumətin Qoşa Qarda müsəlman balaları üçün məktəb açmağa imkanı yoxdur"... Ancaq Molla Ayvaz da Molla Ayvaz idi... "Bazar günləri məscidi mədrəsəyə çevirdi... Tiflisdən bir neçə günlüyə qonaq da çağırırdı. O da Molla Ayvazın evində qala-qala uşaqlara rus dili öyrədirdi".

Baş verə biləcək gərginliyi aradan qaldırmaq üçün Musanı məscidə aparıb bütün gecəni onunla birlikdə həyəcan keçirən, el adətinə hörmətlə yanaşmaqla bərabər keçmiş şagirdinin taleyinə biganə qalmayan Molla Ayvazın şeytanla "dialoq"u, görünür, əsərin ən maraqlı hissələrindəndir. Əsas da odur ki, şeytan təcrübəli din xadimini, imanı kamil Allah adamını inandırır ki, onun da bu dünyada mövcud olmaq haqqı var... "Bəs sabahkı qətlin günahını kimə yükləyəcəksiniz, Molla Ayvaz? Onudamı mənim, şeytanların adına yazacaqsınız? Mən onu cinayətə sürükləmişəmsə, bəs siz kimsiniz onda? Tanrının yaratdığı, yer üzünün əşrəfi sandığı Adəm övladımı? Yoxsa hər addımda mənim kələyimə uyan məxluqmu?"

Molla Ayvazın zəifliyi yox, məhz müdrikliyidir ki, şeytanla çənə-boğaz eləmir, onu anlamağa çalışır... "Molla Ayvaz onun söylədikləri ilə haradasa razılaşırdı. Doğrudan da, İblisin sadaladığı keyfiyyətlər sağındakı, solundakı adamların çoxunda vardı. Özü də istədiyin qədər". Və şeytanın məsciddə qalmaq xahişinə də Molla Ayvaz nə hə, nə də yox deyə bilir.

Əsərin kifayət qədər dərin etnososial (hətta təbiri caizsə, "siyasi") məna daşıyan qəhrəmanlardan biri də Dırdı İsmeeldir ki, "iddiası böyük idi, amma bəxtindən uşaqlıqda arzuları gözündə qaldı"... Bir tərəfdən, nadürüstlüyünə, digər tərəfdən, Göy Qayadan yıxılıb şikəst olduğuna görə Xəmməd Yetəri ona vermədilər. Və taleyindən incimiş Dırdı İsmeel şeytanlıq, ev yıxıb ocaq söndürmək yolunu tutdu. NKVD-yə o qədər yalan-doğru danoslar yazdı ki, "elə indi də NKVD-nin arxivindəki qalaq-qalaq danoslardan Qoşa Qarın həmin dövr üçün mükəmməl şəcərə quruluşunu müəyyənləşdirmək olar... Danoslar rus dilində o qədər mükəmməl yazılırdı ki, birinci danos çatanda onun Qoşa Qardan yazılmağına inanmamışdılar. Dırdı kimi savadlı yazanları nəinki Qoşa Qarda, elə Tiflisdə də çətin tapmaq olardı..." Xəmməd Alını dindirən erməni müstəntiq dəli olduğu qənaətinə gəlib əsgərə buraxılmasını əmr edəndə onu da tapşırmışdı ki, "adam da qalmadı yazmaya. Eşidirsən? Bir də o Dırdını buralara buraxma"...

Dırdı İsmeelin Qoşa Qar cəmiyyətinə mənəvi-əxlaqi təcavüzü bununla bitmir. Bundan dəhşətlisi odur ki, "kəndin kənarındakı daxmasında yalqız yaşayırdı. Deyilənə görə, bir vaxtlar Dırdının dul qoyduğu Qoşa Qar arvadları rəhmə gəlib onu susuz, yeməksiz qoymurdular. Kim bilir, bəlkə də, cavanlıqlarından həmişə yollarını gözlədikləri ərlərinin qoxusunu Dırdıdan alırdılar. Dediklərinə görə, Dırdının yatağının böyründə kağızı, qələmi əskik olmurdu"... Bu, ucu-bucağı görünməyən bir ironiyadır - insana, cəmiyyətə, əxlaqa, mənəviyyata... "Qoşa Qarın adamları və şeytanları" müəllifinin bu ironiyası, əslində, etnosun özünün özünə ironiyasıdır. Və mən böyük ziyalımız Cahangir Məmmədlinin "Gerçəkliyin fantasmaqoriyası" məqaləsindəki belə bir fikri ilə tamamilə razıyam ki, "yazıçı təsvir etdiyi obrazların... heç birini özü qiymətləndirmir, bu "qiyməti" oxucunun öz öhdəsinə buraxır. Oxucu isə... müəllifin ustalıqla tipikləşdirdiyi, yaxşısını da, pisini də doğmalaşdırdığı bu insanların bütövləşib kim olduğunu yaxşı bilir. Bu, bütövləşən, milli dəyərlərimizin min bir xəttini birləşdirən və sonda bütün istiqamətləri ilə ağıllı, xeyirxah, ləyaqətli bir millətin proobrazıdır"... Yeri gəlmişkən deyim ki, Dırdı İsmeelin ləqəbi (layğəsi) də dilimizin feillərinin (danışdırdı, yazdırdı, azdırdı...) sonluğundakı şəkilçilərdən gəlir...

Əflatun hər nə qədər ümumbəşəri mövzulu bir əsər yazsa da, artıq qeyd etdiyimiz kimi, onun bədii fakturası olduqca millidir. Və bu milliliyin ən mühüm göstəricilərindən biri təhkiyənin etnoqrafik koloritidirsə, onun da ən mühüm əlaməti ləhcə xüsusiyyətlərini coğrafi məhdudluqdan çıxarıb ideya-estetik akta, bədii sənət hadisəsinə çevirməsidir.

Romanın ikinci kitabının sonunda Qoşa Qara günümüzün sosial-siyasi reallıqlarının müdaxilə etdiyini görürük. Hasanın biznesi kimi Güllünün Paralel Dünyalardakı Varlıqların Müdafiə Komitəsinin mitinqi də hələ ki yuxularda, xəyallarda hiss etdirir ki, Qoşa Qara yeni dünya qədəm qoymaqdadır...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!