İstedadlı şair Ümid Nəccarinin tərcüməsində məşhur alban şairi Lulzim Tafanın "Ağrının xəritəsi" kitabı çapdan çıxıb. "Elm və təhsil" nəşriyyatında çap olunan kitabın ön sözünün müəllifi filologiya elmləri doktoru, tənqidçi-ədəbiyyatşünas Elnarə Akimova, redaktoru Əfsanə Əsədovadır. "Ədəbiyyat qəzeti"nin oxucularına kitabın ön sözünü təqdim edirik.
Elnarə AKİMOVA
Eynşteynin Dostoyevski haqqında maraqlı bir fikri var: "Dostoyevski bizə həyatı göstərmişdir, bu doğrudur; amma onun məqsədi bizim diqqətimizi mənəvi varlığın sirrinə yönəltmək idi". Alban şairi Lulzim Tafanın şeirləri ilə tanışlıq mənə həmin rasional poetikanı xatırlatdı. Bəşəriyyətin taleyindən narahatlıq, yaradılış ecazı, Adəm və Həvva başlanğıcı, cənnət-cəhənnəm çırpıntılarında təcəssüm olunan insan fikri və s. Bir də müharibələrdən, savaşlardan yorulmuş, tənhalığın yorğunluğunu daşıyan şair obrazı. Lulzim Tafa bunların hər birinin ifadəsinə poeziya dili ilə nail olur, həm də əsrin ən mühüm sosial və estetik ideyalarının bütün məcmusu ilə əlaqəyə girərək. Bu poeziyanın ilkin motivi insan dəyəri üzərində qərarlaşıb, dini, fəlsəfi, mənəvi problemlərdən, əxlaqi prinsiplərdən asılı olmayaraq bütün zəif və güclü tərəfləri, tərəddüdləri, əsəb partlayışları, emosional yaşantıları, daxili müqaviməti ilə birgə əsrin yeni aynasında yer alan insan faktoru önə qoyulur:
Mənim üçün bir yer axtar
məsumların dəyəri olduğu bir yer,
müqəddəs kitablarla..."
Şeirlərin ümumi məzmununu XXI əsr dünyasında baş verən hər cür sosial-psixoloji-mənəvi anomaliyalardan xilas təşkil edir. Dünya və obrazın ruhi vəziyyəti arasındakı münasibət ümumi dekorasiya ilə deyil, canlı, konkret həyat faktları ilə təcəssüm tapır:
O gün Kosovoda
çörək bahalaşdı,
benzin,
un...
yalnız həyatın qiyməti düşdü,
ölüm isə çətin tapıldı...
Bütün dünyada hökm sürən xaos və kataklik olaylar, müharibə və savaşlar, siyasi çəkişmələr və oyunlar, terror hadisələri və qətliamlar bu mətnlərdə dərin mündəricə qazanır, bəzən ironik çalarlar, bəzən də sərt-realistik boyalarla təqdim edilir, hadisələrin mahiyyət qatı universallaşdırılıb bəşəri həqiqətlər aspektindən qabardılır. Buradakı insan artıq müharibələrin, taun və epidemiya sarsıntılarının əzdiyi insandır - tək qalmış, yadlaşmış, cəmiyyət tərəfindən təbii bir proseslə uzaqlaşmış, mühitdən təcridolunmuş, qapalılığa məhkum edilmiş, "yalnız pəncərədən baxmağa icazəsi olan" çarəsiz insan. Amma hər şeyə rəğmən burada həm də "özlüyünün" - kimliyinin arxasınca "nəğməli arzularla" yollanıb huzur aramaq sevdasına tapınan şair ruhu dolaşır. Ona savaşlardan bezən, qəhrəman və qəhrəmanlıqlardan doyan, cənnət-cəhənnəm vadisinin fərqinə varıb itirilmiş meyarlara qarşı çıxan, dəyişən xronotop daxilində dəyərlər sistemini qoruyub saxlaya bilən sosial və əxlaqi harmoniya lazımdır. "Dördüncü dünya savaşı" şeirinə diqqət edək:
Böyük ehtimal
savaş başlayacaq.
Yeni cəsarət doğmalıdır,
qan axacaq,
çay kimi...
bir daha yenidən başlayacaq.
İlahi,
bundan sonra kim dözə biləcək
bu qədər qəhramanlara...
Bu və bu kimi digər şeirlərində bir məqam qabarıqdır. Lulzim Tafanın qələmində işıq dalğası düşən hər hərəkət, hər situasiya, yaxud ifadə olunan hər replika nə qədər gözlənilməz, qəfil keçidlərlə müəyyənləşsə də ümidsiz boşluq zolağı yaratmır, daha doğrusu, kolliziyaları qabarıqlaşdırıb nəzərə çarpdıran bütün peyzajlarda belə gücün qaynağı yenə təbiət olur və şair ən xırda toxunuşda, ən adi yaradılışda belə dünyaya sevgi, məhəbbət seli axıdır. Müsir insanın saf, ibtidai duyğular qarşısında ehtiramı, dayaq nöqtəsini bu ilkin duyğularda tapmaq cəhdi. Bəzi söz və ifadələrin adi poetik detallıqdan çıxıb mifoloji xarakter daşıyan simvollara çevrilişi, bir çox metaforik obrazların ibadətgah qismində təqdimi də bunun naminədir: şair darıxır və o, yeni düzəndən çıxış üçün əşya və hadisələrlə konkter əlaqələrə, ünsiyyətə girir və bunu psixoloji inandırıcılıqla əks etdirməyi bacarır. Müəllifin günəşlə (Səninlə danışmaq istəyirəm, / yalnız səninlə!), böcəklə, taxta parçası ilə danışıqları əsasında yazılan şeirləri göstərir ki, ən sərt dissonansların, ən fantastik situasiyaların belə ahəngdarlığını qorumaq mümkündür və sənət, yaradıcılıq elə bunun üçündür:
Salam, ürəyim!
Günəş mənim yaxınlığımdadır,
Düz bir metrliyimdə,
Sən bir damcı su kimisən
Cəhənnəmi sındıran...
***
Lulzim Tafanın şeirlərini tərcümə edib azərbaycanlı oxuculara tanıdan və təqdim edən istedadlı şair Ümid Nəccaridir. Ümidin "Qaranlığın fotosu" kitabındakı şeirləri oxuyan və haqqında məqalə yazan birisi kimi əminliklə deyə bilərəm ki, bu iki şairi birləşdirən cəhətlər çoxdur. Ümidin bəlkə də bu şairə sevgisinin kökündə dayanan amil bundan qaynaqlanır. Müharibələrə nifrət, günəşə tutunmaq, tarixlə ünsiyyətin sərhədlərini böyütmək, tənhalığın yalnızlığı ilə baş-başa qalmaq, hər şeyin ucuzlaşdığı dünyada insan dəyərini, insan mənəviyyatını önə çəkib ümid işığı axtarmaq. O şey ki, adına poeziya, ədəbiyyat deyilir. Və o şey ki, dünyanın hansı tərəfində yaşamasından asılı olmayaraq sözə tapınan bütün yaradıcı adamlara köksünü açan yer üzünə - nəhəng qalaktikaya çevrilir:
Su, torpaq, çiçək,
sarmaşıq gülləri,
məzarlıqda otları,
bataqlıqları...
Yer üzü kimidir şeir,
Yer üzü kimi...
Bir azca böyük.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!