Cavanşir YUSİFLİ
Şeir, poeziya, bu dildə səslənən hər şey həmişə təzədir və heç zaman köhnəlmir, çünki o, zamanla bir axmır, zamana qarşı durur. Bu tipli poeziyanı klassikaya, ortaçağ şeirinə bağlayan incə detallar var, məsələn, obraz, bədii mətndə məna yaradıcılığına yön verən digər elementlər: metafora, bənzətmələr, təşbehlər... sadəcə nəyisə nə iləsə bağlamağa xidmət etmir, fırçayla incə şəkildə kətana çəkilən boya kimi (elə xəfif toxunur ki, buna toxunmaq demək son dərəcə şərti anlam daşıyır...) "vasitə" olur, müqayisə dərhal unudulur ki, məna konteksti böyüsün, genişlənsin. Müqayisənin belə "sürüşkənliyi", nəfəs dərib aradan çıxması məna kontekstinə meydan açmaqla, şeirin daxili gizlinlərinin özünü hiss etdirməsini şərtləndirir. Qurbaninin "Bənövşəni" şeirini xatırlayın, birinci bənddəki mənzərə - ürək yandıran gözəllik (Başına döndüyüm ay qəşəng pəri // Adətdi, dərərlər yaz bənövşəni // Ağ nazik əlinlə dər, dəstə bağla // Tər buxaq altında düz bənövşəni.) sonrakı bəndlərdə sehrə dönür (Mələklərmi dərmiş, göydən gətirmiş...), yaxud birbaşa kompozisiyanın dərinliklərini göstərir (Bənövşə qız iylər, qız bənövşəni...)
...Dünyanı tutsun, sonra damcı-damcı, fraqment-fraqment və hekayə-hekayə dünyadan yığışıb özünə çəkilsin, məhz bu prosesin sonunda şeir yaranır, səslər, küy... hər şey lallığa dönür, çünki ən acı dərdi də lalın dilində söyləmək daha kəsərlidir, daha qeyri-poetikdir, şeir də məhz bu təşbehlərlə aşıb-daşan poetiklikdən xilas olunca (yaxa qurtarınca-!) dirilir, insan onu nəfəs kimi qarşılayır, öz nəfəsi kimi. Yuxuda ölülərin dirilməsi, canlıların yuxuda ölməsi kimi... Suya danışdığın, onunla bölüşdüyün yuxun kimi ərşə çəkilmir, suyla bir axıb gedir və geri qayıtmır, bu məqam, yəni geri qayıtmayacağını bilə-bilə nəyisə gözləməyin məkanı, dili, lisanı - lallıqdır, bir kəlmə demədən dünyanı dolanmaq (ərşi ilə fərşü kafi-nun...).
Üzdən poetik, cilvəli, bər-bəzəkli şeirlər oxucuya heç nə vermir, onun hisslərini ölgünləşdirir, həyat və gerçəklikdən, öz taleyi və gələcəyindən ayırır, buna görə şeir məhz qeyri-poetik olmalıdır, onda keçmiş, indi və gələcəyin nəfəsi bir-birinə qarışmalı, oxucu bu mətnləri istədiyi, arzuladığı "janrlarda" oxuya bilməlidir, yəni bədii mətndə "çevrilmə anı", yaxud "təhlükəsi" çevik olmalıdır, bir şeirin hansı layındasa bir hekayənin nəfəsi canlı və hiss edilən olmalıdır. Bədii mətn çevrilmələr zənciridir, buna görə də o, zamanı öldürüb-dirildən çarpaz xətt kimi qavranılmalıdır.
Yuxarıda adlarını çəkdiyimiz bənzətmə, metafora və sair "unudulan" elementlər şeirin danışan dili, müəyyən məqamda konteksti genişlənən məna isə bu dilin öz həqiqətini susaraq anlatmasıdır. Bənzətmələrin çox danışdığı, heç susmadığı, diqqətimizi döyəclədiyi şeirlər bizə heç nə vermir, anlıq təəssürat yaradır ki, bu da ən tez unudulan nəsnədir. Doğrudan da, bizdə bu tip nümunələr çoxdur, kitabı açırsan - hər şey maraqlıdır, çox maraqlıdır, özünə çəkir səni, doydurmaq, yormaq istəyir, yorulub kitabı bağlayırsan və hər şey unudulur. İndi sosial şəbəkələrdən sel kimi axan bu nümunələrin qarşısında dayanmaq sadəcə mümkün deyildir. Nə isə.
Gələk mətləb üstünə. Eminquey Akif.
Bir dəvə belinə bənzər gözlərim,
canında su saxlar ağlamaq üçün.
ürəyim Tur dağı, Hira dağıdı
- səninlə əlaqə saxlamaq üçün.
Yaxud "Eybi yoxdu" şeiri.
Qışqır, sinəmi döy, yorul, düş əldən,
hirsini içindən at,
eybi yoxdu.
Devir qaşlarının düyün yerini,
şirin gülüşünü oyat,
yaxşımı?
Bu gün tərs üzünü göstər, dözərəm,
sabah əllərimi tut,
eybi yoxdu.
Əsən əllərində sığal var, sığal,
küskün gözlərində barış görsənir,
uzat əllərini, uzat,
yaxşımı?
Bu şeirlərin hər birində vurğuyla qeyd etdiyimiz məna konteksti sadəcə bir mövzu və ya mətləblə məhdudlaşmır, təmas o qədər yüngül və "görünməzdir" ki, təsəvvür edin ən müxtəlif əşya və nəsnələrə toxunub "rəqs edən" ritm sadəcə həmin toxunuşun türküsünü oxuyur, başqa heç nə və bu "heç nə"də bütün dünyanın heç unudulmayacaq, insanın ürəyinə isti damğa kimi vurulan zərbələrin xəritəsini cızır; bu semiotik xəritədə bütün oxunmuş nəğmələrin sevinci, içindəki ani şadyanalıq hüznə çevrilir, sevinci tez bağrına basan insanın acı çaydan içib boğulması bu şeirlərin misralarının arasından qan kimi axır.
Eminqueyin şeirlərində məkan bəllidən bəllidir, məkanın, mənəvi ərazinin bir qatını qaldırsan altından insan dərdlərinin torpağı görünər və görünür, bilinir də, zamansa bədii mətnin yaratdığı ümumi fonda əvvəlcə boyaboy görünür, bütün zamanları kapsayır və anidən ovxalanıb toza dönür, zamanın ilğıma, toza çevrildiyi şeirdə həmin mənəvi ərazi qoynunda vaxtın qırılmış əqrəblərini gizlədir, onları götürüb divara vursan, yapışdırsan hər kəsin dərdinin zamanını, başlanma və bitməmə tarixini dürüst göstərəcək, əqrəb əqrəbin üstünə mindiyi an bu şeirin unudulub, özünü unutdurub yeni nəfəsə, yeni pıçıltılara meydan açdığı məqama çevrilir. Belə bir surrealist ovqat şeirin canındakı havanı içində yaşadığımız gerçəkliyin havasına qarışdırır, ancaq nə illah eləsə də, bütün gücünü sərf eləsə də bu hava o havaya qarışmır, tənhalığı qucaqlamaq istəyən adamın qolları biləyindən qırılır, sən demə, bir kəsi, bir nəsnəni qucaqlamağın ən dürüst yolu qolların olmamasıdır, Eminquey də şeirində bunu diktə edir, amma hərdən uşaqlıq, hərdən gənclik, həm də hələ gəlməmiş qocalığn itkin düşmüş zamanında gizlədir. Baxın:
***
Məni yarsan, görərsən ki,
içimdə milyon ölü var - hamısı mənəm.
Birində sinəm göyərib,
birində qolum keyiyib,
birində çənəm.
Məni yarsan, görərsən ki,
içimdə milyon ilim var - əlimdən çıxan.
Birində xoşbəxt olmadım,
birində azad olmadım,
birində yoxam.
Məni yarsan, görərsən ki,
içimdə milyon dilim var - anlaşılmayan...
Birində sözü kəsilən.
birində deyə bilməyən,
birində susan.
Məni yarsan, görərsən ki,
içimdə milyon əlim var - hamısı bağlı,
birinə doğmam zəncir vurub,
birinə dostum qıfıl vurub,
birinə ağlım.
Məni yarsan, görərsən ki,
içimdə milyon ölüm var,
sağam hələ ki...
Biri ürəyimi yeyir,
biri ümidlərimi,
biri Günəşi.
Zamanın ovxalanıb məkanda batması, gizlənməsi, çıxmaq ümidinin heç olmaması, sınmış əqrəblərin də bir dünyalıq itməsi... bütün bunlar hər bir qum zərrəciyində zamanın bərəlmiş gözlərinin rəsmini çəkməyə sövq edir və ehtiras mətndən mətnə artır, güclənir, bu gücün, enerjinin bir yerə cəmlənib tufan, qasırğa yaratma ümidi olmasa da, kirimir, səslənir... Nəticədə nə alınır: ən kədərli, ən dərdli, ən həqiqi və real nəsnələr gəlir ortaya, yan-yana düzülür və bunları, yaydıqları işartıları daha da nəzərə çarpdırmaq üçün həmin dərdə tərs gələn misralar gəlir.
Günəşinə pərdə tutan günüqara ölkənin,
bütlərini sındırmamış adamların içində,
üstümüzə hücum çəkən baxışlardan uzaqda,
gözdən itən döngələrin beşində, ya üçündə -
sevdim səni,
öpdüm səni,
qucaqladım...
Bu dərdlər məmləkətdən, dünyanın biz bildiyimiz və tanımadığımız künc-bucağından gəlir, yalnız mətləbi yazmaq, hamının and içdiyi həqiqəti yalana çevirmək istəyən şairin şübhəsiz ki, bundan xəbəri olmur, çünki o da ovxalanıb toza dönmüş zamanın içindədir, ordan məkana - çirklənməkdə olan mənəvi əraziyə tamaşa edir, burda dayanıb hər kəsin reallqlarına, özünün yuxusuna, məmləkətin ağ baxtına zilləyən şair aradakı şəffaf pərdəni aralayıb tamaşa etdiyi mənzərənin içinə qədəm basa bilmir. Rəsm, poeziya, bütün bu susmaq sənəti beləcə yaranır:
Gördüm, qaranlıq şığıyır
ömrümün ağ vaxtına,
bezdim, dedim öz-özümə:
- sən axmaqsan, incimə!
Dönüb baxdım lap geriyə,
getdim uşaq vaxtıma,
Günəş çəkdim boz ömrümün
yuxarı sağ küncünə -
sevdim səni,
öpdüm səni,
qucaqladım...
Bu mətnlər həmin prosesin - zamanın ovxalanıb toza döndüyü anın şeirləridir, yəni dar macalda söylənən, hər şeyi dünyanın sonu kimi qavrayan bədii mətn nümunəsidir. Eminqueyin "Zəngə kimi" adlı bir şeiri var, onu aktyorun səsindən dinləmişəm. Bu və digər şeirlərində ən çox rastlanan, birdən (?) "araya girən" Günəş obrazı var, sənə elə gəlir ki, Günəş Eminqueyin bir şeirindən o birinə keçir, sənin demək istədiyini batıb çıxmağıyla möhürləyir, yəni bu kimi obrazlar şeirdə sözü, onun varlığını şərtiləşdirir, söz sanki irreal dünyadan özünü göstərir, Eminqueyin yazdığı mətndə məhz həmin "səsin / sözün kölgəsi" iştirak edir, bu da təbiidir, sözün özünü demək, dilləndirmək olar, yazmaqsa mümkünsüzdür. Şeir bu məntiqi Günəş obrazıyla tamamlayır. Təsbit edir.
Bizə öyrətmişdilər ki,
Quşların birini vuranda
O birilər də uçub gedirmiş ağacın budağından,
Yəni bir adamı tərk etmək
Bütün bəşəriyyəti öldürməkdi,
O qoca Misir müəllim də
Dəmir xətkeşini partaya vurmaqla
səs salmağın ən dəhşətli şey
olduğunu deyirdi bizə.
Birinci dəfəydi görürdün
saçlarını qələmlə
hörən qızın gözlərinin dolduğunu
- Müəllim, o xətkeşlə dünyada
silah səsini kəsmək olarmı? -
deyib ağlamışdı atasını Qarabağda itirən qız.
...Yəni Günəş, dadı olmazdı
həqiqətlər gizlin olmasaydı...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!