"Maarifdən, elmdən məhrum olan xalq işıqdan məhrumdur". H.Zərdabi
Görkəmli maarifçi, milli mətbuatımız, teatrımız və xeyriyyəçilik hərəkatımızın banisi, ilk mətbu orqanımız olan "Əkinçi" qəzetinin baş redaktoru, təbiətşünas alim Həsən bəy Zərdabinin həyat və yaradıcılıq yoluna həsr olunmuş "İşığa gedən yol" romanı tanınmış şairə, publisist, filologiya elmləri namizədi Sona Vəliyevanın bədii nəsrə ilk müraciətidir. Amma H.Zərdabi maarifçilik hərəkatının bir sıra önəmli məsələləri üzrə təkcə Azərbaycan yox, bütün müsəlman Şərqində yol göstərən olduğu kimi, S.Vəliyeva da bu romanla təkcə öz yaradıcılığı yox, ümumən Azərbaycan ədəbiyyatı, milli bədii nəsr və tarixi romançılığımızda bir sıra yeniliklərə imza atıb.
Əvvəla, "İşığa gedən yol" Azərbaycan tarixinin ən işıqlı simalarından olan Zərdabi haqqında ilk romanımızdır. İkincisi, romanda tarixi nəsr texnologiyası və üçüncüsü, maarifçilik ideyalarına orijinal, aktual yanaşma var. Məsələyə giriş xarakterini nəzərə alıb, sözümüzə birinci məsələdən başlayaq. Görəsən, necə oldu ki, Sona xanım çoxlu sayda ədəbi və tarixi simalar içində məhz Zərdabi haqqında roman yazmaq qərarına gəldi?
Bunun ilk səbəbi, yəqin ki, Zərdabi mövzusunun bədii nəsrimizdə indiyə qədər işlənməməsi, "Əkinçi"nin baş redaktorunun həyat və fəaliyyətinin bir əsrdən artıq eləcə əl dəyməmiş, şumlanmamış, xam torpaq kimi qalmasıdır. Halbuki, görkəmli ədəbi-mədəni simalarımızın əksəriyyəti haqqında tarixi romanlar, kinossenarilər yazılıb, filmlər çəkilib. M.S.Ordubadinin Nizami, M.İsmayılovun Xaqani, İ.Muğannanın Nəsimi, Y.V.Çəmənzəminlinin Vaqif, F.Kərimzadənin Xətai, Ə.Cəfərzadənin S.Ə.Şirvani və A.Səhhət, M.İbrahimovun N.Nərimanov, Ç.Hüseynovun M.F.Axundov, S.Dağlının C.Cabbarlı, H.İbrahimovun Əcəmi... haqqında əsərləri bu baxımdan sadəcə ilk yada düşənlərdir. Zərdabinin vətənpərvər ruhu, fədakar xarakteri, bütün yenilikçi, tərəqqipərvər ziyalılar kimi təhdidlərlə dolu, amma mənalı həyat yolu, milli mətbuat və ümumən mədəniyyətimiz tarixindəki misilsiz xidmətləri isə indiyə qədər bədii nəsrin təsvir və araşdırma predmetinə çevrilməyib. Bu, bütün ömrü boyu istər özümüz, istərsə də özgələr tərəfindən çoxsaylı haqsızlıqlarla üzləşən böyük maarifçiyə qarşı, yüngül desək, növbəti etinasızlıq idi. "İşığa gedən yol" tarixi romançılığımızda Zərdabi mövzusu ilə bağlı boşluğu doldurur, bədii yaddaşımızdakı ağ ləkəni silir, görkəmli ictimai xadimin ədəbi obrazının yaradılması işinin əsasını qoyur. İkincisi, S.Vəliyevanın da təsdiq etdiyi kimi, bu romanın yazılması müəllifin öz tarixi sələfi qarşısındakı borc duyğusundan irəli gəlir. "Kaspi" Təhsil Şirkətinin və "Kaspi" qəzetinin təsisçisi, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədr müavini olan müəllif bu romanla milli mətbuatımızın banisinə öncə öz adından, sonra yazıçı-jurnalist heyəti adından, ən nəhayət, Azərbaycan xalqı adından minnətdarlığını bildirir, tərəqqipərvər ziyalı qarşısında ümummilli vicdan borcumuzu yerinə yetirir.
Amma məsələ sadəcə bununla bitmir. Bu duyğu təkcə xələfin sələf, insanın vətən qarşısında yox, həm də bəndənin Allah qarşısındakı borcundan doğur. Təhlilə çəkdiyimiz roman bu müqəddəs duyğunu özünün bütün çalarları ilə əks etdirir.
Bütün yollar Azərbaycandan keçir
Bədii ədəbiyyat ilk öncə yenilik deməkdir. Bunu antik dahi Platon deyirdi. Ədəbiyyat tarixin mahiyyətini açmaqla, tarixi onun özündən daha dərin əks etdirir. Bunu isə Platonun ən istedadlı şagirdi və ən ciddi rəqibi Aristotel deyirdi. "İşığa gedən yol" romanı göstərir ki, S.Vəliyeva antik yunan dahilərinin hər ikisi ilə razıdır. Bəs, Platonun dili ilə desək, romanın yeniliyi nədədir? O, təxminən bir əsr yaşı olan tarixi romançılığımıza nə kimi yeniliklər gətirir?
Bu sualın cavabı bizi milli özünüdərk şüuru ilə bağlı ciddi bir məsələ ilə üz-üzə qoyur. Xanlıqlar dövründən qalan bir ümummilli taleyüklü problemimiz var - bölgə psixologiyası, regionçuluq, özünü azərbaycanlı kimi tanımaqdan daha çox, hansısa konkret bir coğrafi ərazinin təmsilçisi kimi dərk etmək. Azərbaycannamə əvəzinə çoxsaylı qarabağnamələr, dərbəndnamələrin... yazılması bölgə psixologiyasının, məhəlli düşüncənin tarixi idrakımızdakı izləri olduğu kimi, tarixi romanlarımızda azərbaycançılıq düşüncəsinin istənilən səviyyədə olmaması da problemin bədii nəsrimizdəki nişanəsidir. "İşığa gedən yol" ayrı-ayrılıqda gəncənamə, irəvannamə, qarabağnamə, şirvannamə, naxçıvannamə... olmaqla yanaşı, həm də bunların hamısının məcmuusundan ibarət azərbaycannamə - Azərbaycan haqqında kitabdır. Məncə, indiyə qədər heç bir tarixi romanımızda, ümumən heç bir bədii əsərdə Azərbaycan özünün coğrafi, etnoqrafik, tarixi, mədəni... konturları ilə belə tam, belə bütöv görünməyib.
Yazıçı Azərbaycanın genəl tarixi-mədəni mənzərəsini göstərmək məqsədiylə maraqlı bir üsula əl atır. O, özünün maarifçi ideyalarını həyata keçirmək üçün Azərbaycanın ən müxtəlif bölgələrinə gedən, o yerlərin nüfuzlu, tərəqqipərvər adamları ilə görüşən qəhrəmanının ardınca, oxucunu da ölkənin ən fərqli yerlərinə tarixi səyahətə aparır. Bu bədii-tarixi marşrut zamanı S.Vəliyevanın əsaslandığı qaynaqların zənginliyi, tarixi materialı səbirlə, təmkinlə incələnməsi oxucuda razılıq doğurur, müəllif fikrinin mötəbərliyinə inam yaradır.
Lakin "İşığa gedən yol" müəllifinin tarixi faktlara diqqəti, onların əsirinə çevrilmək, onlara mütləq anlamda tabe olmaq kimi aşırı sınırlara varmır. Tarix kitabı yox, tarixi roman yazdığını unutmayan yazıçı hadisələrin bəsit fotosurətini çıxarmır, bəzən dövrün ən ümumi məzmununa xələl gətirmədən xronoloji montajlar edir. Aristotelin təbiri ilə desək, o, zamanın şəklini yox, daxili mahiyyətini, məğzini göstərir, faktoqrafiyanın ardınca getməkdən daha çox, faktları başlıca müəllif ideyasının ardınca aparır.
Romanın əsas, fundamental müəllif ideyası isə azərbaycançılıqdır və bu təsadüfi olmayıb, S.Vəliyevanın indiyə qədərki bütün yaradıcılıq yolunun məntiqi-zəruri davamı, qanuni nəticəsi kimi meydana çıxır. Çünki onun istər elmi ("Azərbaycançılıq milli ideologiya və ədəbi-estetik təlim kimi", "Milli dövlətçilik hərəkatının yüksəlişi və Xalq Cümhuriyyəti dövründə Azərbaycançılıq ideyası", istər publisist ("Zaman xəbərsiz ötdü"), istərsə də poetik ("Arazbarı") yaradıcılığının altyapısında duran bir ana ideya var - azərbaycançılıq. Bu ideya özünün bütün elmi, publisistik və poetik yönləri ilə S.Vəliyeva yaradıcılığının məhək daşı, təməl prinsipidir.
Yazıçının nəsr yaradıcılığı, konkret desək, "İşığa gedən yol" romanı da bu cəhətdən istisna deyil. Roman öz müəllifinin ən ümumi dünyagörüşünün üzvi tərkib hissəsi, ayrılmaz bir parçasıdır. Azərbaycançılıq ideyası "İşığa gedən yol"u sadəcə konkret şəxsə həsr olunan bir romandan ümumən millət və vətən haqqında əsərə çevirdiyi kimi, həm də ona güclü müasirlik ruhu verir. Bunun hesabına romanın tarixi əsərdə müasirlik deyilən bir keyfiyyəti meydana çıxır. Biz romanı oxuyanda təkcə XIX əsrdə baş verən hadisələri yox, ikinci planda həm də günümüzdə cərəyan edən olaylara sətiraltı işarələri görür, bir çox ümummilli taleyüklü problemələrin tarixi səbəbləri və kökləri haqqında düşünürük.
İlk neomaarifçi roman
Elə əsərlər var ki, tarix onlarda məqsəd, elələri də var ki, müasirlik haqqında söz demək üçün sadəcə bir vasitədir. Bunlardan birini digərinə tərcih etmirik. Çünki əsas məsələ müəllifin öz qarşısına nə məqsəd qoyması və ona nə dərəcədə nail olmasından ibarətdir. Bu prinsip bədii mətnin dəyərləndirilməsində əsas çıxış nöqtəsi olmalıdır. "İşığa gedən yol" romanının müəllifi tarix və müasirlik məsələsinə münasibətdə nə birinci, nə də ikinci mövqedə durur. Tarix onun üçün sitayiş ünvanı deyil, amma müasirlik haqda hər hansı fikrinin ifadəsində dekor rolu da oynamır. Onun düşüncəsində tarix və müasirlik ayrılmaz vəhdətdədir.
Bununla da, yazıçı təkcə tarix və müasirlik mövzusu yox, hər hansı məsələdə istər antik yunanlar, istərsə də onlardan ilhamlanan İslam mütəfəkkirlərinin təqdir etdiyi, ən ali prinsip kimi götürdüyü və ədalət adı verdiyi qızıl ortada dayanır, çağdaş dillə desək, sintez mövqeyindən çıxış edir.
Biz vurğunu sintez məsələsinin üstünə təsadüfən salmadıq. Çünki qızıl orta, yaxud sintez məsələsinin çözümü istər maarifçiliyin həqiqi tarixi mahiyyətini dərk etmək, istərsə də onun çağdaş durumdakı rolunu düzgün dəyərləndirməkdə müstəsna önəmə malikdir. Fikrimiz aydın olsun deyə, kiçik bir tarixi-nəzəri haşiyə etməli olacağıq.
Maarifçiliyin əsas devizi bilikdir və onun iki əsas yolu, iki başlıca mənbəyi var: ilahi; bəşəri. Din bu yollardan birincisinə, elm ikincisinə üstünlük verir. Bu baxımdan bəşər tarixini, Hegelin tirada sistemi (tezis, antitezis, sintez) üzrə üç əsas mərhələyə bölmək olar. İrrasional inama əsaslanan dini düşüncə XVII-XVIII əsrlərə qədər hakim olub. Bu mərhələdə idrakın əsas predmeti, baş qəhrəmanı Allah idi. Bu, tezis idi.
İkinci mərhələ Yeni dövrdən, yəni maarifçilik dönəmindən başlayır. İlahi başlanğıcın inkarı, bəşəri ağlın hər şeyin fövqünə qoyulması, irrasional səciyyə daşıyan istənilən fikrin mövhumat, xurafat adı ilə damğalanması, rasional ağlın əsas ölçü kimi götürülməsi bu dövrdə insanı düşüncənin əsas araşdırma subyektinə çevirdi. Elm və insan din və Allahın yerini tutaraq, onları qəti surətdə ikinci plana sıxışdırdı. İnsan özünü əsası olmayan bir dilemma, absurd bir seçim qarşısında qoydu: ya din, ya da elm; ya rasional, ya da irrasional; ya Allah, ya da insan. M.F.Axundovun "elmi olanın imanı, imanı olanın elmi ola bilməz" şüarı məhz bu radikal maarifçi dilemmanı ifadə edirdi. Bu, antitezis idi. Həqiqət isə "ya o, ya da bu" deyə bu iki qütbü qarşı-qarşıya qoymaq yox, əksinə, onları ortaq məxrəcə gətirmək, barışdırmaq, tezis və antitezisi sintez etməkdə idi. Lakin bu həqiqətin dərki üçün insanlığa bir neçə yüzil lazım gəldi.
Din və elmə, Allah və insana, irrasional və rasionala münasibətdə M.F.Axundovun irəli sürdüyü radikal, dovtələb dilemma bu gün sadəcə olaraq maarifçilik tariximizin faktı kimi qiymətlidir. Çünki çağımızın əsas intellektual-psixoloji tələbi fövqəlbəşər və bəşərini qarşı-qarşıya qoymaq yox, bir araya gətirmək, sintez etməkdir. Çağdaş dünya ədəbiyyatı və incəsənətinin ən mütərəqqi meyilləri bu sintezi özündə aydın surətdə əks etdirir. Lakin təəssüf ki, müasir Azərbaycan nəsri Elçin, A.Məsud, H.Herisçi, İ.Fəhmi kimi bir neçə səciyyəvi imzanı çıxmaqla hələ də ilkin maarifçilik ənənələrindən gələn ateist-materialist dünyagörüşünə köklənib.
Adı keçən yazıçıların son dönəm yaradıcılığı göstərir ki, M.F.Axundovla başlayan və mədəniyyətimizin inkişafında yeni era açan ilkin, ənənəvi maarifçilik öz yerini keyfiyyətcə yeni mərhələyə verir. Bu keçid ilkin maarifçiliyin mədəniyyətimiz tarixindəki rolunu qətiyyən inkar etmədiyi kimi, maarifçiliyin ümumən aradan qalxmasına da dəlalət etmir. Və nə tezis, nə də antitezis yox, məhz sintez bu yeni mərhələnin - neomaarifçiliyin təməl prinsipidir.
"İşığa gedən yol" sözügedən sintez mərhələsinin milli bədii nəsrimizdə ilkin örnəklərindən biri, problemin aydın nəzəri formuləsi baxımından isə ilk nümunəsidir. Romanın nəsrimizdə, ümumən milli düşüncəmizdəki əsas yeri və rolu bununla bağlıdır. O özünün həqiqi qiymətini yalnız bu müstəvidə ala bilər.
Zərdabi fenomeni nədən yarandı?
S.Vəliyevanın sintez mövqeyində durması təsadüfi olmayıb, düşünülmüş, məqsədyönlü müəllif proqramından, aydın dərk olunmuş nəzəri-fəlsəfi qənaətdən irəli gəlir. Lakin o, zaman və şəxsiyyətlə volyuntaristcəsinə davranıb, ona istədiyi şəkli vermək, tarixi olayları özünün ruporuna çevirməkdən də uzaqdır. Müəllifə belə bir sintez mövqeyində durmağa hər şeydən öncə Zərdabinin özünün şəxsiyyəti, həyat və yaradıcılıq yolu imkan verir.
XIX əsrin 60-cı illərində - elmdə Çarlz Darvinin təkamül nəzəriyyəsi, fəlsəfədə Ogüst Kontun və Herbert Spenserin pozitivizmi, ədəbiyyatda Emil Zolyanın naturalizminin tüğyan etdiyi bir dövrdə, üstəlik də pravoslavlığın mərkəzi Moskvada təhsil almasına baxmayaraq, Zərdabi özünün nə milli, nə dini köklərinə nəinki arxa çevirməmiş, əksinə, "Zaqafqaziya müsəlmanlarının atası" kimi tanınmışdı. O, Qərb elminin danılmaz nailiyyətlərindən ilham alsa da, Avropa qarşısında kor-koranə, birmənalı pərəstişdən də uzaq olmuş, öz xalqını, ümumən türk və müsəlman xalqlarını elmli, mədəni, xoşbəxt görməyi həyat və fəaliyyətinin başlıca istiqamətinə çevirmişdi. Ən ümumi maarifçilik platformasında birləşmələrinə baxmayaraq, onun dünyagörüşü xristianlığı qəbul edən Mirzə Kazım bəydən də, ateist-materialist Mirzə Fətəli Axundovdan da fərqlənirdi. O, Azərbaycan elmi, ədəbiyyatı və ictimai fikrinin bu iki böyük siması kimi qərbçi deyildi, amma sözün bəsit, zahiri, ortodoksal anlamında şərqçi də deyildi. Quranda deyildiyi kimi, Qərbin də, Şərqin də Allaha məxsus olduğunu dərindən dərk etmək onu istər sağa, istərsə də sola sapmaqdan, ifrat və ya təfritə yol verməkdən xilas edir, qızıl orta mövqeyinə gətirirdi. Bu üzdən onun dünyagörüşündə milli ilə ümumbəşəri, qərblə şərq birləşirdi.
Bəs, XIX əsrin ikinci yarısında Həsən bəy Zərdabi fenomeni necə meydana çıxdı? S.Vəliyeva böyük maarifçinin unikal dünyagörüşü, təkrarsız xarakterini formalaşdıran üç əsas amilə diqqət yetirir: genetik, sosioloji və metafizik. Yazıçının fikrincə, Həsən bəyin ziyalı bir şəxs kimi formalaşmasının genetik kodu babası Rəhim bəydədir. Məhz Rəhim bəy balaca Həsəni savadlı və imanlı Molla Hacı Məhəmmədin mədrəsəsinə aparmaqla onun gələcək dünyagörüşünün əsasını qoyur. Burda müəllif tərəfindən "savadlı" və "imanlı" sözlərinin xüsusi vurğu altına salınması təsadüfi olmayıb, rasional (savadlı) və irrasional (imanlı) idrakın istər Rəhim bəy, istərsə də onun təqdir etdiyi Hacı Məhəmmədlə birləşməsinə işarədir. Bu, həm də elm və dinin bir arada olmasının mümkünsüzlüyünə dair axundovçu maarifçi postulatın neomaarifçi mövqedən redaktəsi, antitezisin sintezlə əvəzlənməsidir.
Rəhim bəy Həsənin dünyagörüşünün formalaşmasında genetik amili, qan yaddaşını təmsil edirsə, Hacı Məhəmməd təhsili, sosioloji amili işarələyir. Psixoanalitik dillə desək, bunlardan birincisi şüuraltı, ikincisi şüur qatı ilə bağlıdır.
Amma əgər S.Vəliyeva sadəcə bunlarla kifayətlənsəydi, onun romanının özündən öncəkilərdən elə bir mühüm fərqi olmazdı. Çünki indiyə qədərki nasirlərimiz də əksərən ya şüur (realistlər), ya da şüuraltı (psixoloji realistlər, magik realistlər, modernistlər və s.) qatda işləyiblər. Ötən əsrin ilk yarısının nəsri daha çox birinci, sonrakı yarısı isə ikinci tip yazıçılarla səciyyələnir. 20-50-ci illər ədəbiyyatı ilə altmışıncılar arasındakı qarşıdurmanın psixoanalitik əsasında da məhz şüur və şüuraltının toqquşması dururdu. Bunlardan birincisi tezis, ikincisi isə onun inkarı - antitezis idi.
"İşığa gedən yol"un müəllifi bura üçüncü - şüurüstü qatı da əlavə edir. Bu qat qəhrəmanın uşaqlıqdan ta ölümünə qədər gördüyü və həyat yoluna işıq salan silsilə yuxularda öz əksini tapır. Bu yuxular nə Freydin, nə də Yunqun təlimləri ilə izah olunmur, çünki hər iki psixoanalitikin təfsirində yuxu şüuraltı və keçmiş, romanda isə şüurüstü və gələcəklə bağlıdır. Onlar insan həyatına ilahi müdaxiləni işarələyən, istər Freyd, istərsə də Yunqun təliminə sığmayan metafizik faktlardır.
Sehrli ruhu, magik aurası, poetizmi ilə romanın digər hissələrindən dərhal seçilən bu yuxular müəllifin özünün fərdi təcrübəsindən doğub və bunu sezmək o qədər də çətin deyil. Fərdi təcrübə isə metafizika məsələlərinin dərki, qəbulu və təsvirində olduqca ciddi amildir. Çünki yalnız bu məsələlərdə fərdi yaşantısı olan yazıçı S.Vəliyevanın durduğu idrak və imanın vəhdəti mövqeyində belə qətiyyətlə, birmənalı dayana bilər.
İdrak ağıl, iman ürəklə bağlı olduğundan S.Vəliyevanın bu mövqeyi ədəbiyyatımızda min ildən bəri davam edən ağıl-ürək qarşıdurmasını onların birliyi ilə əvəzləməyə çağırış deməkdir. "Eşq imiş hər nə varsa aləmdə, elm bir qeylü-qal imiş ancaq" deyən Füzulinin Axundov tərəfindən "Füzuli şair deyil" deyə tənqidə məruz qalması da məhz elmin imanı, ağlın ürəyi, rasional düşüncənin irrasional fikri inkar etməsi idi. Bunlardan birincisi tezis, ikincisi antitezis idi. Sintez mövqeyini əks etdirən "İşığa gedən yol" romanında bu minillik qarşıdurma öz yerini qarşılıqlı anlaşma və barışa verir - elm imana gəlir, iman elmiləşir. Romanın qəhrəmanı Zərdabi bu barış düşüncəsinin ən səciyyəvi təmsilçisidir. Onun şəxsiyyətində Füzuliyə məxsus irfanla, Axundova məxsus maarif sintez olunur.
Şüuraltı qat şəxsiyyətin formalaşmasına bioloji, şüur qatı sosioloji, şüurüstü qat isə metafizik amilin təsirini göstərir. Başqa sözlə desək, bunlardan birincisi insanın formalaşmasında ailənin, ikincisi cəmiyyətin, üçüncüsü isə Allahın roluna işarə edir. Məhz bu amilləri özündə bir küll halında birləşdirməsi sonucda Həsən bəyi ideal bir qənaətə - elm və imanın, insani və ilahinin sintezi fikrinə gətirir: "Hər elmli insan imanlı, hər imanlı insan elmli olarsa, bizim inkişafımız daha da sürətlə gedər". Məncə, bu, təkcə romanın qəhrəmanı yox, həm də müəllifin gəldiyi ən mühüm qənaət, onun ictimai fikrimizə gətirdiyi mənəvi-intellektual dəyərdir. "İşığa gedən yol" yeni dəyər müəyyənləşdirən əsərdir və onun başlıca məziyyəti də məhz bundadır.
Şüurun hər üç qatının aktivliyi romanda hadisələrin təsvirində üç plan əmələ gətirir: real, psixoloji və metafizik planlar. Real plan şüur qatı ilə bağlıdır. Müəllif təhkiyəsi ilə bağlı bu qat özündə hadisələri, dialoqları, personajların zahiri portretini ehtiva edir. Psixoloji plan şüuraltı qatla bağlıdır. Bu qatı olayların vizual yox, virtual inkişafı, daxili monoloqlar, personaların psixoloji portreti əmələ gətirir. Nəhayət, gerçəkliyin başqa forması - silsilə yuxular şüurun da tamam fərqli qatı - şüurüstü ilə bağlıdır.
İlahi izdivac
S.Vəliyevanın bədii təqdimində H.Zərdabinin fərdi həyatı və ictimai fəaliyyəti sıx bağlı olan bütöv şəxsiyyətdir. Buna görə onun qızıl orta mövqeyi təkcə ictimai məsələlər yox, şəxsi həyatında, məsələn, özünə ömür-gün yoldaşı seçməsində də üzə çıxır. Bu məsələdə o bir neçə variantla rastlaşır. Əslən cənubdan olan, Bakıda qonşuluqda yaşayan ağıllı, ismətli, fədakar, amma təhsilsiz qız onun taleyinin tezisidir. O qızın sevgisindən nəzakətlə imtina edir. Çünki belə bir ailə onun gələcək maarifçilik arzularının gerçəkləşməsi ilə düz gəlməz, onu lokal çərçivəyə, ailə-məişət çərçivəsinə salardı. Üstəlik, onu qarşıda başqa tale gözləyirdi. Moskvada təhsil aldığı illərdə qarşılıqlı məhəbbətlə sevdiyi rus qızı Vera da bu tale deyil. O, rus qızına olan hisslərini "yalnız şəxsi xoşbəxtlik gətirən sevgidən daha böyük ictimai amallar mövcuddur" deyə çətinliklə də olsa, boğa bilir. Cənublu qızın antitezisi olan şimallı qız savadlıdır. Lakin həyatını millətin maariflənməsi işinə həsr etməyə hazırlaşan Həsən bəy rus qızının bu çətin yolda ona axıracan silahdaş olacağına əmin deyil. Üstəlik bu baxımdan qarşısında neqativ bir örnək də var. Tiflisdə yaşayan yaxın qohumu, çar ordusunun zabiti, rus qadını ilə evləndiyindən doğmalarından uzaq düşən və "Urus" ləqəbi qazanan Fərəc bəyin şəxsi həyatındakı uğursuzluq gənc Həsənə bir ibrət dərsidir.
Və o üçüncü yolu seçir - Avropa təhsilli, amma müsəlman ümmətinin nümayəndəsi olan Hənifə xanımla evlənir. Hənifə cənublu qızdakı imanla şimallı qızdakı elmi özündə birləşdirir. O, iki antiqütbün sintezidir. Ən maraqlısı budur ki, onunla evlənmək təklifini Həsən bəyə kimsə başqası etmədiyi kimi, bu onun özünün də seçimi deyil. Gələcək zövcəsi Həsən bəyin qarşısına nağıl-dastanlarda aşiqlərə verilən buta kimi çıxır. O öncə qızı yuxuda görür, sonra həyatda rastlaşır və ilk dəfə gördüyü Həhifəyə tərəddüdsüz-filansız evlənmək təklif edir. Eyni yuxunu görən və eyni hissləri yaşayan Hənifə də gözlənilməz təklifi rədd edə bilmir. Çünki Avropa qiyafəli, amma milli əxlaqlı bu qız gələcək maarifçinin sadəcə seçimi yox, bəxti, taleyi, alın yazısıdır. Sonrakı ömür yolunda o, Həsən bəyin eləcə zövcəsi yox, həm də dostu, təkcə ömür-gün yoldaşı yox, həm də əqidə yoldaşı olur. S.Vəliyevanın bədii yozumunda onların qovuşması sıradan evlənmək yox, millətin zülmətdən işığa çıxması yolunda iki seçilmiş şəxsin ilahi iradə ilə müəyyənləşən izdivacı - səmavi aktdır.
İthürənə yox, işıqgələnə
Roman ağır, fasiləsiz zehni işdən iflic keçirib, yatağa düşən Həsən bəyin ölümü ilə bitir. Lakin ölüm romanın ümumən götürəndə işıqlı, optimist ruhuna nəinki qalib gələ bilmir, əksinə, istər ilahi, istərsə də insani anlamda, istər iman, istərsə də idrak gözü ilə baxanda əbədiyyətə açılan qapı kimi mənalanır. Çünki işığa gedən yol ölümə yox, ölməzliyə aparır. Nə yazıq ki, iki yüzilə yaxındır, - "İşıqgələnə getməyin, orda div var, ithürənə gedin!", - deyə bizi qorxutmuş, insani, milli və dini köklərimizdən uzaq salmışlar. "İşığa gedən yol" bu mifi dağıdır, bizi özünəqayıdışa səsləyir. Çünki hər insanın da, hər millətin də işığı onun öz içindədi. Və əgər onu yandıra bilsək, Allah özü belə işığımıza gələr. "İşığa gedən yol" romanının qəhrəmanı Həsən bəyin nurlu yuxularına gəldiyi kimi...
Əsəd CAHANGİR
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!